23 sentyabr 2024 10:29
86

Ani Ödənişlər Sistemi ilə mobil tətbiqdən hesablara mədaxil imkanı yaradılıb

Mərkəzi Bank tərəfindən Ani Ödənişlər Sisteminin (AÖS) əhatə dairəsinin genişləndirilməsi və istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilir.

Mərkəzi Bankdan "İki sahil"ə verilən məlumata görə, növbəti uğurlu inteqrasiya tədbirləri nəticəsində “PAŞA Bank” ASC-nin mobil tətbiqində istifadəçilər üçün AÖS ilə köçürmə etmək imkanı yaradılıb. Sözügedən funksionallığın yaradılması nəticəsində “PAŞA Bank” ASC-nin müştəriləri digər bankların AÖS-də qeydiyyatdan keçmiş istənilən müştərisinə mobil nömrə və ya şəxsiyyət vəsiqəsinin FİN məlumatı vasitəsilə asanlıqla, saniyələr ərzində köçürmə həyata keçirmək imkanına malik olub. Eyni zamanda, mobil tətbiq vasitəsilə hesabını AÖS-də qeydiyyatdan keçirən istifadəçilər “PAŞA Bank” ASC-nin və digər bankların müştərilərindən mobil nömrə və ya şəxsiyyət vəsiqəsinin FİN məlumatı ilə köçürmələr qəbul edə biləcəklər.

Xatırladaq ki, AÖS-ə inteqrasiya olunmuş bankların müştəriləri internet və mobil bankçılıq xidmətlərindən istifadə etməklə bank hesablarını AÖS-də qeydiyyatdan keçirə, “AniPay ID” yaradaraq hesabları sadə identifikatorlara (mobil nömrə, FİN kod, elektron poçt ünvanı, VÖEN) bağlaya və 24/7/365 rejimində ödənişləri anında icra edə bilərlər.