Paytaxtda 2024-cü ilin yanvar-avqust aylarında görülmüş işlərə yekun vurulub
Sənayenin inkişafı haqqında
2024-cü ilin yanvar-avqust aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 35,4 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 75,9 faizi mədənçıxarma, 20,9 faizi emal, 2,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
Sənayedə qeyri-dövlət sektorunun payı 82,5 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,1 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,9 faiz təşkil etmişdir.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 sentyabr 2024-cü il vəziyyətinə 470,2 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 31,4 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.
Tikintinin əsas göstəriciləri
2024-cü ilin yanvar-avqust aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 85,9 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,5 faizini əsaslı təmir, 3,1 faizini cari təmir, 3,5 faizini isə sair tikinti işləri təşkil etmişdir.
Ümumi inşaat işlərinin 89,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.
Məhsul bazarı haqqında
2024-cü ilin yanvar-avqust aylarında ticarət dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,0 faiz artaraq 21521,0 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,0 faiz artaraq 11722,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 6,2 faiz artaraq 9798,9 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 37,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,0 faizi isə paytaxtın əmtəə bazarlarında satılmışdır.
İctimai iaşə
2024-cü ilin yanvar-avqust aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,6 faiz artaraq 966,9 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 580,3 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 60,0 faizini təşkil etmişdir.
Ödənişli xidmətlər haqqında
2024-cü ilin yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,6 faiz artaraq 4714,0 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 4583,8 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 97,2 faizini təşkil etmişdir.
Əməkhaqqı
2024-cü ilin yanvar-iyul aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,4 faiz artaraq 1267,0 manat təşkil etmişdir.
Bakı Şəhər Statistika İdarəsi