29 oktyabr 2024 12:20
401

Ukraynalı uşaqların Azərbaycan Milli Xalça Muzeyinə ekskursiyası təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ölkəmizə gətirilərək reabilitasiya xidmətləri göstərilən ukraynalı uşaqların Azərbaycan Milli Xalça Müzeyinə ekskursiyası təşkil olunub.

Bu barədə "İki sahil"ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev də uşaqlarla birgə Azərbaycan milli xalça sənətinin bədii incilərilə tanış olub. Onlara milli irsimizin nümunələri barədə geniş məlumat verilib.

Qeyd edilib ki, Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində yerləşdirilən uşaqların 10 günlük sosial reabilitasiya proqramı çərçivəsində emosional vəziyyətlərinin stabilləşməsinə dəstək göstərilir.

Bundan əvvəlki 6 qrupla birlikdə ümumilikdə 200-dən çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.