Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" ("Teleradio") İstehsalat Birliyi 2023-cü ili 163 min manat xalis mənfəət başa vurub. Halbuki, qurum 2022-ci ildən 959 min manat xalis zərərlə çıxmışdı.
“İki sahil” xəbər verir ki, ötən il "Teleradio" İstehsalat Birliyinin gəlirləri 11,188 milyon manat (əvvəlki ilə nisbətən 3,95 % çox), ümumi və inzibati xərcləri 3,834 milyon manat (24,2 % az), əməliyyat xərcləri 5,956 milyon manat (13,7 % çox), köhnəlmə və amortizasiya xərcləri 1,655 milyon manat (8,2 % az), maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərinin qaytarılmasından gəlirləri 773 min manat (3,7 dəfə çox), köhnəlmiş və istifadəsi az olan mal-materiallar üzrə ehtiyatlara ayırmaları 231 min manat (12,2 dəfə çox), bina və avadanlıqların silinməsi üzrə zərəri 22 min manat (70 % az), xarici valyuta gəlirləri 5 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 106 min manat (əvvəlki ilə qənaət edib) təşkil edib.
Bu il yanvarın 1-nə "Teleradio" İstehsalat Birliyinin aktivləri 36,606 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 85,2 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 34,4 dəfə artaraq 17,171 milyon manata, balans kapitalı isə 0,85 % artaraq 19,435 milyon manata çatıb.
Xatırladaq ki, "Teleradio" İstehsalat Birliyi 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,359 milyon manatdır. Qurum radio-televiziyanın yerüstü yayımını, radio rabitəsini (radio-rele xətt şəbəkəsinin istismarını), radio-televiziya proqramlarının peykdən yayımını və s. xidmətləri təmin edən dövlət müəssisəsidir.
İKTA ilin birinci rübü üzrə poçt rabitəsi xidmətinin şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
Azərbaycan beynəlxalq turizm liderlərinin iştirak etdiyi PATA sammitində təmsil olunub