16 sentyabr 2026 10:56
120

Vüsal Qasımlı: Türk dünyasında iqtisadi inteqrasiya dərinləşir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında iqtisadi inteqrasiya investisiya axınları, logistika əlaqələri, sənaye əməkdaşlığı və regional dəyər zəncirlərinin inkişafı hesabına daha da güclənir.

“İki sahil” xəbər verir ki, bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının aparıcı milli analitik mərkəzlərinin II beynəlxalq konfransında səsləndirib.

Vüsal Qasımlı bildirib ki, aparılan tədqiqatlar TDT məkanında iqtisadi əməkdaşlığın əsas hərəkətverici qüvvələrinin ÜDM artımı, əhali sayı və ortaq sərhədlər olduğunu göstərir. Məsafə ticarətə mənfi təsir göstərsə də, qonşu ölkələr arasında ticarət həcmləri daha yüksəkdir.

“Ortaq sərhədlərə malik ölkələr arasında ticarət əlaqələri digər ölkələrlə müqayisədə daha yüksək səviyyədə formalaşır. Bu isə Türk dünyasında coğrafi yaxınlığın iqtisadi inteqrasiyanın mühüm amillərindən biri olduğunu təsdiqləyir”, – deyə Vüsal Qasımlı vurğulayıb.

İcraçı direktor qeyd edib ki, qraf nəzəriyyəsi və sosial şəbəkə yanaşması əsasında aparılan təhlillər Türkiyənin TDT məkanında ticarət əlaqələri baxımından mərkəzi mövqeyə malik olduğunu, Azərbaycanın isə investisiya əlaqələri üzrə liderlik etdiyini ortaya qoyur.

“İnteqrasiya investisiyalar, logistika, sənaye əməkdaşlığı və regional dəyər zəncirləri vasitəsilə irəliləyir. Dünya Bankının son qiymətləndirmələri də göstərir ki, dəyər zəncirlərinə əsaslanan inkişaf modeli ixracyönümlü və idxalı əvəzləyən yanaşmalarla müqayisədə daha effektiv nəticələr verir”, – deyə V.Qasımlı bildirib.

O əlavə edib ki, aparılan hesablamalara əsasən, Türk dövlətləri arasında istehsal və ticarət əlaqələrinin gücləndirilməsi regional multiplikativ təsirləri və iqtisadi spillover effektlərini artıraraq ümumi iqtisadi artıma əlavə töhfə verə bilər.