30 aprel 2025 08:50
90

Misirdə qum qasırğası ilə bağlı qırmızı xəbərdarlıq elan edilib

Aprelin 30-da Misir ərazisinin əksər hissəsində güclü külək və yağışla müşayiət olunacaq şiddətli qum qasırğasının baş verəcəyi ilə bağlı qırmızı xəbərdarlıq edilib.

“İki sahil” Misirin Meteorologiya İdarəsinə istinadla xəbər verir ki, küləyin sürətinin saatda 40-60 kilometr olacağı, arabir isə 80 km/saatadək güclənəcəyi, bəzən qasırğaya keçəcəyi gözlənilir. Bu da, xüsusilə Şimali Yuxarı Misir, Böyük Qahirə, Süveyş kanalı, Sinay yarımadası və Süveyş körfəzi bölgələrində görmə məsafəsinin kəskin azalmasına səbəb olacaq.

Qahirə qubernatoru müvafiq dövlət qurumlarının tam hazırlıq vəziyyətinə gətirildiyini, onların Milli Təcili Yardım və İctimai Təhlükəsizlik Şəbəkəsi, həmçinin Mərkəzi Əməliyyat Otağı ilə əlaqələndirildiyini bildirib.

Vətəndaşlara küçədə zəif konstruksiyalardan uzaq durmaq, maskadan istifadə etmək tövsiyə olunur.

Xəmsin, adətən mart-may aylarında baş verən mövsümi hadisədir və Şimali Afrika ilə Şərqi Aralıq dənizi üzərindən keçən isti, quru səhrа küləkləri ilə əlaqəlidir. Onun adı ərəb dilində “əlli” mənasını verir və ənənəvi olaraq 50 gün davam etdiyi düşünülür.

Meteoroloqlar qeyd edirlər ki, son illərdə iqlim dəyişikliyi bu qasırğaların gücünü və gözlənilməzliyini artıra bilər.