01 may 2025 02:59
227

Avropa mediası müstəqilliyini itirir

Aİ ölkələrində hökumətin mətbuat azadlığına daha çox təcavüz etməsi ilə bağlı sensasion hesabat yayılıb

Müstəqil mediadan dəm vuran Avropa İttifaqında mətbuat azadlığının boğulması ilə bağlı xeyli faktların olduğu hər kəsə məlumdur. Avropada hüquq müdafiəçiləri və bir sıra QHT-lər ittifaqın mətbuat azadlığı sahəsində siyasətini uğursuz hesab edir. Üzv ölkələrin bir çoxunda mətbuatın müstəqilliyinə mane olan qanunlar mövcuddur. Bir sözlə Avropa İttifaqına üzv dövlətlərin çoxunda media plüralizmi, hətta ənənəvi olaraq azad media bazarlarına malik ölkələrdə belə, yüksək sahiblik konsentrasiyası ilə getdikcə daha çox boğulur. Bu barədə Avropa Vətəndaş Azadlıqları İttifaqının 21 ölkədən 43 hüquq qrupunun işinə əsaslanan hesabatında deyilir. Hesabatda bildirilir ki, bəzi Aİ ölkələrində hökumətlər mətbuat azadlığına təcavüz edir və ya onun müstəqilliyini, tənzimlənməsini zəiflədir. Zəif mülkiyyət şəffaflığı qaydaları, hökumətin ictimai media üzərində artan təsiri və jurnalistlərə qarşı təhdidlər, media azadlığı və plüralizm “Aİ-də hücuma məruz qalır və bəzi hallarda sağ qalmaq üçün mübarizə aparır”. Hesabatda Xorvatiya, Fransa, Macarıstan, Niderland, Sloveniya, İspaniya və İsveçdə media mülkiyyətinin həddən artıq konsentrasiyası ilə bağlı xüsusi narahatlıq doğurub. Hesabatda, həmçinin o da vurğulanır ki, dövlət mediası Xorvatiya, Yunanıstan, Bolqarıstan və İtaliyada da həssasdır. Jurnalistlər nifrət nitqi və fiziki hücumlara qarşı həssas olaraq qalır və 2024-cü ildə onlar Fransa, Almaniya, Yunanıstan, Macarıstan və İspaniyada polis zorakılığına məruz qalıblar. Bəzi ölkələrdə qadın jurnalistlər qeyri-mütənasib şəkildə hədəfə çevriliblər.

Qeyd edək ki, Avropada bəzi dairələr, bir sıra təşkilatlar Azərbaycanı “söz azadlığının boğulması”nda, ölkədə sərbəst toplaşmaq haqqında qanuna əməl edilməməsində dəfələrlə ittiham edib. Hətta bu işə Qərb mediası da qoşulub. Həmin nəşrlər rəsmi Bakını azad medianı “sıxışdırmaqda”, fikirlərin sərbəst ifadəsinə “imkan verməmək”də qınayıblar.

Bu gün hər kəsə məlumdur ki, bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də Azərbaycanda bir inkişaf, tərəqqi hiss edilir. Ölkədə azad söz, fikir plüralizmi təmin edilir. Azad, müstəqil medianın, kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün kifayət qədər şərait, imkan yaradılır. Bu şərait özünü dövlətin bu sahəyə, müstəqil medianın inkişaf etdirilməsinə yönəlik fəaliyyətində, atdığı addımlarda büruzə verir. Bu gün Azərbaycan dövləti bir növ müstəqil kütləvi informasiya vasitələrinin yaranması, onların fəaliyyəti, söz, fikir azadlığının təmin olunması üçün bir zəmanətçi rolunu oynayır. Artıq Azərbaycan cəmiyyəti gözəl bilir ki, bu gün mütəmadi olaraq ölkəmizi söz və mətbuat azadlığının pozulmasında ittiham edən təşkilatları erməni maliyyə mənbələrinin pulları danışdırır. Ona görə də onlar vaxtaşırı Azərbaycanın adına xələl gətirməyə, onun imicinə mənfi təsir göstərməyə çalışırlar. Amma reallıq göz qabağındadır.

Xatırladaq ki, hər il mayın 3-ü “Dünya Mətbuat Azadlığı Günü” kimi qeyd olunur. Bu gün münasibətilə keçirilən tədbirlərdə söz və mətbuat azadlığının əsas prinsipləri, ifadə azadlığının inkişaf perspektivləri müzakirə edilir, mətbuatın müstəqilliyinin təmin olunması, senzuranın ləğvi, insan hüquq və azadlıqlarının müdafiəsində mətbuatın rolu və digər məsələlər araşdırılır. Azad sözün şərəfinə elan olunmuş ümumdünya mətbuat azadlığı günü “soyuq müharibə” dövrünün başa çatması ilə yer kürəsinin vahid informasiya məkanına çevrilməsinin məntiqi nəticəsi kimi ortaya çıxmışdır. XX əsrin son onilliyində dünyada yaranmış siyasi reallıqları nəzərə alan müxtəlif ölkələrin jurnalistləri 1990-cı ilin fevralında Parisdə azad mətbuat prinsiplərinin maneəsiz yayılması və bəşəri bəlalara qarşı birgə mübarizənin zəruriliyini bildirmişlər. 1991-ci il mayın 3-də UNESCO bu məramı ifadə etmiş sənədi - Namibiyanın Vinduk şəhərində qəbul olunmuş Bəyannaməni dəstəkləmiş və həmin günü “Dünya Mətbuat Azadlığı Günü” kimi qeyd etmək təklifini BMT-yə göndərmişdir. 1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü “Dünya Mətbuat Azadlığı Günü” elan olunmuşdur. “Dünya Mətbuat Azadlığı Günü” Azərbaycanda da fəal dəstəklənir. Azərbaycanda söz və məlumat azadlığının təmini ilə bağlı müvafiq qanunvericilik aktları qəbul edilmişdir. 1998-ci il avqustun 6-da Azərbaycan Prezidentinin Fərmanı ilə mətbuat üzərində senzura fəaliyyəti ləğv olundu. Senzuranın ləğvi və bu qəbildən olan digər tədbirlər müstəqil KİV-lərin inkişafını, vətəndaşların beynəlxalq hüquq normaları və Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığını təmin etmişdir ki, bu da demokratik cəmiyyət quruculuğu yolunu seçən Azərbaycanın perspektiv hədəflərinə uyğun idi. Hazırda Azərbaycanda dünya standartlarına uyğun media, elektron və yazılı KİV-lər formalaşmışdır. Müstəqil KİV-lərin sayına görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında qabaqcıl mövqelərdən birini tutur.

Sevinc Azadi, “İki sahil”