Bu, Prezident İlham Əliyevin geosiyasi uğurlarının məntiqi nəticəsidir
Aprel ayının son on günlüyü Azərbaycanın siyasi həyatı coşğunluğu və səmərəliliyi ilə xüsusi fərqləndi. Xüsusilə Prezident İlham Əliyevin aprelin 24-də dünyanın fövqəlgüclərindən hesab edilən Çin Xalq Respublikasına dövlət səfəri nəinki hər iki ölkə üçün, hətta regionumuz üçün əhəmiyyətli nəticələrlə yadda qaldı. Xatırladaq ki, Çinin bu gün iqtisadi hədəflərindən biri 2030-cu ilə kimi qlobal iqtisadiyyatda birinciliyi qazanmaqdır. Həmin hədəfə çatması üçün zəngin təbii sərvətləri və işgüzar insanları mövcuddur. Eyni zamanda, insan kapitalına yatırdığı ciddi sərmayələr də imkan verir ki, bu ölkə yaxın gələcəkdə qlobal səviyyədə iqtisadi zəfərini elan etsin. İqtisadçıların proqnozlarına görə Çin mövcud illik 5-6 faiz iqtisadi artım tempini qoruyub saxlaya bilsə təqribən 2035-ci ildə bu ölkənin ÜDM-in həcmi orta hesabla 30,5 trilyon dollara çatacaq. Halbuki, indi bu göstərici 18 trilyon dollara bərabərdir. Belə bir ölkə ilə siyasi və iqtisadi əməkdaşlığın daha möhkəm təməllər üzərində davam etdirilməsi Azərbaycana yeni inkişaf tendensiyası gətirəcəkdir. Xatırladaq ki, bu ölkə hazırda Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır.
Prezident İlham Əliyevin Çin səfərindən sonra Asiyanın ikinci ən böyük ölkəsinin rəhbəri- İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan səfəri də beynəlxalq marağa səbəb oldu. Çünki İranın həm İkinci Qarabağ müharibəsindən əvvəl, həm də müharibədən sonrakı ermənipərəst siyasəti Azərbaycan dövləti və xalqı tərəfindən etirazla qarşılanırdı. Lakin İranda ötənilki Prezident seçkiləri nəticəsində hakimiyyətə gəlmiş Pezeşkianın Azərbaycana və Prezident İlham Əliyevə olan siyasi simpatiyası imkan verir ki, iki ölkə arasındakı gərginlik dostluq və yaxın qonşuluq səviyyəsində bərqərar olsun.
Cənab Pezeşkianın Bakıya səfəri hər iki ölkə üçün iqtisadi və siyasi dividendlər gətirmək baxımından çox səmərəli oldu.
Ancaq burada diqqət çəkən digər önəmli məsələ isə İran Prezidentinin Bakı səfərindən bir neçə gün sonra İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana gözlənilən səfəridir. Həm də bu səfər may ayının 7-dən 11- dək davam edəcək. Görünən odur ki, İranla İsrail arasındakı gərginliyin müharibə həddinə çatmaması üçün Azərbaycan dövləti bütün siyasi vasitələrdən istifadə etmək qərarına gəlib. Xüsusilə Prezident İlham Əliyevin siyasi nüfuzu və qətiyyətli mövqeyi imkan verir ki, bölgəmizdə davam edən hərbi –siyasi gərginliklərə sabitlik gətirilsin. Xatırladaq ki, bundan əvvəl isə yəni aprelin 10- da Bakıda Türkiyə- İsrail danışıqları baş tutmuşdu və müzakirələrdə hər iki ölkəyə Suriyadakı qarşıdurmadan çəkilməsi önərildi.
Digər maraqlı məqam isə İsrailin Baş naziri Benyamin Netanyahunun ölkəmizə rəsmi səfəri başa çatdıqdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri planlaşdırılır. Bu barədə Türkiyənin «A xeber» televiziya kanalı məlumat verib. Demək, ölkəmizə ard-arda düzənlənən bu səfərlərdən də məlum olur ki, Azərbaycan bölgədə önəmli nüfuzu ilə səmərəli vasitəçilik rolunu oynamağa başlayıb. Bu bir daha göstərir ki, son günlərdə Azərbaycanın ev sahibliyi etdiyi və etməyə hazırlaşdığı yüksək səviyyəli səfərlər regionda geosiyasi vəziyyətin yeni mərhələyə keçdiyindən xəbər verir. Təbii ki, bu səfərlərin belə ardıcıllığı heç də təsadüfi sayıla bilməz və beynəlxalq aləmdə də maraqla izlənilir. Hətta rəsmi Bakının belə dəyərli missiyasına görə ölkəmizi diplomatik təşəbbüslər və siyasi kommunikasiyalar üçün unikal bir platforma hesab edirlər. Bir sözlə, Azərbaycan hazırda bir neçə paralel və bir-biri ilə əlaqəli geosiyasi xətt üzrə əlaqələndirici rola sahibdir.
Nəhayət, son günlərdə dünya liderlərinin Bakıya səfərlərinin çoxluq təşkil etməsi və yaxın günlərdə belə səfərlərin reallaşması bir daha göstərir ki, ölkəmizə-onun başçısına böyük inam və etimad var. Çünki bir sıra beynəlxalq layihələrin həyata keçirilməsində uğurlu iştirakı Azərbaycanın təkcə regionda deyil, daha geniş miqyasda sabitləşdirici rol oynadığının göstəricisidir. Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində atdığı addım, regionda və beynəlxalq miqyasda terrora qarşı mübarizədə qətiyyətlilik nümayiş etdirməsi respublikamızın əhəmiyyətini artıran amillərdəndir. Azərbaycanın tarixən Şərqlə Qərb arasında körpü rolunu oynaması onun strateji məsələlərin həyata keçirilməsində daşıdığı əhəmiyyətdən xəbər verir. Beləliklə, bütün bunlara rəğmən demək olar ki, Azərbaycan beynəlxalq güclərin toqquşan deyil, qovuşan məkanıdır.
Elçin Zaman, «İki sahil»