02 may 2025 20:46
146

Yeraltı sərvətlərə dair ABŞ-Ukrayna sazişinin birinci mərhələsi neft-qaz layihələri olacaq

Yeraltı sərvətlərə dair ABŞ-Ukrayna sazişi çərçivəsində ilk növbədə, çox güman, neft-qaz layihələri həyata keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazıb.

Amerikalı rəsmilər nəşrə bildiriblər ki, Ukraynada neft və qaz layihələri ilk növbədə həyata keçirilə bilər, çünki onların həyata keçirilməsi üçün daha az səy və vaxt tələb olunur.

İnvestisiya axınına başlamazdan əvvəl saziş Ukrayna Ali Radası tərəfindən ratifikasiya edilməlidir. Həmçinin İnvestisiyaların Bərpası Fondu yaratmaq lazımdır, ondan sonra Ukrayna beynəlxalq investorları cəlb edə biləcək.

WSJ bu sazişin imzalanmasını həm Ukrayna, həm də ABŞ Prezidenti Donald Tramp üçün diplomatik qələbə adlandırır. “Çünki o, nəhayət, ukraynalıların ABŞ-nin yardımlarının qarşılığında pul ödədiyini bəyan edə biləcək”, - qəzet yazır.

Nəşr həmçinin qeyd edir ki, Tramp Ukrayna ərazisində fəaliyyət göstərəcək şirkətləri qorumaq üçün Ukrayna ilə kəşfiyyat mübadiləsini davam etdirə bilər.

Eyni zamanda, amerikalı rəsmilər WSJ-ə bildiriblər ki, ABŞ şirkətləri bu cür investisiyalar etməkdə tərəddüd edə bilər. “Hər şeydən əvvəl, gündəlik bombardman təhlükəsi üzündən. Ancaq sülh sazişi imzalansa, bunun böyük bəhrəsi ola bilər. Ukraynada kritik hesab edilən 50 mineraldan 20-si, o cümlədən titan, litium və uran var”, - nəşr vurğulayır.