03 may 2025 12:28
133

Paşinyanın partiyası Nor-Nork rayonunun başçısının istefasını istəyir

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasında İrəvanın Nor-Nork inzibati rayonunun başçısı Tiqran Ter-Markaryanın iştirakı ilə baş verən qalmaqal fonunda narazılıq dalğası yetişir.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Qeyd olunub ki, Ermənistan baş naziri Nikol Paşinyanın hadisə ilə bağlı susmasına baxmayaraq, "Vətəndaş müqaviləsi" radikal addımlar atmağa hazırdır. Xüsusilə əgər "Respublika" partiyasının üzvü Ter-Markaryan istefa verməsə, Ağsaqqallar Şurasında partiya ilə koalisiya sazişinin pozulması istisna edilmir. Parlament sədrinin müavini Akop Arşakyan partiyanın mövqeyini şəxsən Paşinyana çatdırsa da, dəqiq cavab ala bilməyib.

İndiki mərhələdə "Vətəndaş müqaviləsi" vəziyyətin həllini İrəvan meri Tiqran Avinyana həvalə edib. Əks halda məsələ partiya rəhbərliyinin iclasında müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, aprelin 30-da Tiqran Ter-Markaryan və administrasiyanın bir neçə işçisi münasibətləri aydınlaşdırmaq üçün meriyaya gələn fəal Artur Çaxoyana qarşı güc tətbiq ediblər. Nəticədə Çaxoyan müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Dava ilə əlaqədar Ter-Markaryan və bələdiyyənin daha üç əməkdaşı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.