Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri çərçivəsində keçirilmiş ikitərəfli görüşlər və birgə mətbuat konfransı maraqlı məqamlarla yadda qalıb. Buradakı rəsmi çıxışlarda vurğulandığı kimi, enerji təhlükəsizliyi məsələləri qlobal gündəlikdə prioritet təşkil etdiyi bir zamanda Azərbaycanla Macarıstan arasında bu sahədə qurulmuş tərəfdaşlıq müsbət qarşılanır. Ölkəsmmizin başçısı bəyanatında bildirmişdir ki, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində sabit və etibarlı tərəfdaş kimi tanınır. Azərbaycanın enerji resurslarının şaxələndirilmiş yollarla bazarlara çıxarılması, xüsusilə də Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinə təchizatın təmin edilməsi bu nüfuzun mühüm dayaqlarından biridir.
Sözügedən mətbuat konfrasında Macarıstanın Baş naziri Viktor Orban isə öz növbəsində Azərbaycanla əməkdaşlığın strateji xarakter daşıdığını vurğulayaraq, iki ölkə arasında enerji sahəsində münasibətlərin daha da dərinləşməsinin regionun ümumi təhlükəsizliyi və dayanıqlılığı üçün əhəmiyyətini qeyd etmişdir. Bildirmişdir ki, Macarıstan 2023-cü ildən etibarən Cənub Qaz Dəhlizinə qoşulmaq istiqamətində praktiki addımlar atmağa başlamışdır. 2023-cü ilin son rübündə Azərbaycan qazının Macarıstan anbarlarında yerləşdirilməsi və təchizata başlanması bu prosesin ilkin mərhələsi olmuşdur. Məlumdur ki, 2025-ci ildə tərəflər arasında illik təchizatın həcminin 500 milyon kubmetrə çatdırılması barədə razılaşma əldə olunmuşdur. Bu, Macarıstanın enerji mənbələrini diversifikasiya etməsinə xidmət etməklə yanaşı, Azərbaycanın qaz ixrac portfelini də genişləndirirən mühüm faktordur.
İki ölkə arasındakı energetika sahəsində əməkdaşlığın yeni mərhələsi Azərbaycanın bərpaolunan enerji potensialının reallaşdırılması ilə bağlıdır. 2022-ci ildə Bakıda imzalanmış «Yaşıl enerji» üzrə dördtərəfli anlaşma memorandumu çərçivəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizin altından keçəcək 1195 km uzunluğunda elektrik kabelinin çəkilməsi nəzərdə tutulur. Bu layihə vasitəsilə Azərbaycanın Xəzər dənizi və cənub bölgələrində istehsal edilən yaşıl enerji Avropa bazarlarına ixracı planlaşdırılır.
Bütün dünya bilir ki, ölkəmiz son illərdə yaşıl enerji sahəsində ciddi strateji planlamaya başlamış, bu sahədə həm dövlət, həm də beynəlxalq investorların marağını cəlb etmişdir. Prezident İlham Əliyev çıxışında Xəzər dənizində 157 GW-dan artıq külək enerjisi, həmçinin Qarabağ və Zəngəzur bölgələrində geniş günəş enerjisi potensialı olduğunu vurğulamışdır. Həmin çərçivədə Macarıstanla əməkdaşlıq xüsusilə önəm daşıyır. Enerji sahəsində Azərbaycan və Macarıstan arasında münasibətlər qısa dövrlük ticarət həcmlərindən daha çox, strateji baxışa və qarşılıqlı siyasi iradəyə əsaslanan tərəfdaşlıqdır. Bu münasibətlər qarşılıqlı hörmət, suverenlik prinsiplərinə riayət və uzunmüddətli maraqlar çərçivəsində formalaşır.
Ölkəmizin başçısı bəyan etmişdir ki, enerji sahəsində əməkdaşlıq, eyni zamanda, iqtisadi inteqrasiyanı, texnologiya mübadiləsini və regional sabitliyi möhkəmləndirir. O da qeyd olunmuşdur ki, dost Macarıstan Azərbaycanın Cənubi Qafqaz regionunda sülh və əməkdaşlıq təşəbbüslərini həmişə dəstəkləyib. Ümumiyyətlə, Azərbaycan və Macarıstan strateji tərəfdaş kimi, qarşıdakı illərdə də enerji sahəsində əlaqələri dərinləşdirmək və yeni layihələrə imza atmaq niyyətindədirlər.
Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri