21 may 2025 16:58
114

Münasibətlər mühüm inkişaf dövrünü yaşayır

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstana işgüzar səfəri olduqca əhəmiyyətlidir. İki ölkə arasında son dövrlər əlaqələrin daha da sıxlaşması, Liderlər arasındakı dostluq və səmimiyyət sözsüz ki, münasibətlərin xarakterinə də müsbət təsir edir. Azərbaycanla Macarıstan münasibətləri hazırda özünün mühüm inkişaf dövrünü yaşayır. Qarşılıqlı maraqlar üzərində qurulan əlaqələr hər iki ölkənin milli maraqlarının müdafiəsinə xidmət edir.”

“İki sahil” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin Macarıstan səfərinin əhəmiyyətini şərh edən YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycan-Macarıstan münasibətləri son 20 ildə özünün mühüm inkişaf mərhələsini yaşayır: “Qarşılıqlı olaraq həyata keçirilən yüksək səviyyəli səfərlər əlaqələrin uğurla inkişaf etdiyinin təzahürüdür. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Macarıstanın Baş naziri Viktor Orbanın mətbuata verdiyi birgə bəyanatlarda da ölkələrimiz arasındakı tarixi bağlardan bir çox istiqamətlərdəki oxşarlıqlardan, son dövrlər münasibətlərin yüksələn xəttlə inkişafından bəhs edilib. Vurğulanıb ki, Azərbaycan II Qarabağ müharibəsi nəticəsində BMT-nin Nizamnaməsinə uyğun olaraq özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü təmin edib. Prezident İlham Əliyev bəyan edib ki, “Biz öz ərazimizdə müharibə aparmışıq. Ermənistanın 30 illik işğalına son qoymuşuq”. Ölkəmizin başçısının da qeyd etdiyi kimi, 44 gün ərzində Azərbaycan BMT-nin Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü, 2023-cü ilin 19-20 sentyabr tarixlərində isə suverenliyini bərpa edib. Eyni zamanda bu gün Azərbaycan sülh təşəbbüskarı olduğu da bir daha diqqətə çatdırılıb. II Qarabağ müharibəsindən sonra sülh danışıqlarının təşəbbüskarı Azərbaycan olub. Amma bütün bunlara baxmayaraq Ermənistan tərəfi hələ də sülh müstəvisində siyasi iradə nümayiş etdirməkdə çətinlik çəkir. Fundamental sülh üçün isə Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalı və ATƏT-in Minsk Qrupundan imtina edilməlidir. Rəsmi Bakınnı bu mövqeyi beynəlxalq hüquqa əsaslanır. Təəsüf ki, İrəvan hələ də bu prosesi uzatmaqla gözləmə mövqeyi tutmaqla məşğuldur”.

Deputat ölkəmizin başçısının səfərində həmçinin Azərbaycanla Macarıstan arasındakı energetika sahəsində uğurlu əməkdaşlığın da bir daha diqqətə çatdırıldığını bildirib: “Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları ilə yanaşı növbəti ildə bu istiqamətində kontraktın imzalanacağı nəzərdə tutulur. Beləliklə, Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Bu uğurlu enerji əməkdaşlığın nəticəsi olaraq ötən ildən etibarən Macarıstana təbii qazın ixracına başlanılıb. Bununla belə ölkəmizin başçısının da qeyd etdiyi kimi Azərbaycan Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilər. Bu bir reallıqdır ki, bu gün Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edirik ki, onlardan 10-u Avropa ölkəsi, 8-i isə Avropa İttifaqının üzvüdür. Məhz Avropa Komissiyası tərəfindən Azərbaycanın Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi dəyərləndirlməsi heç də təsadüfi deyil. Ənənəvi enerji resursları ilə yanaşı Azərbaycanla Macarıstan arasında yaşıl enerji üzrə fəal işlər həyata keçirilir. Azərbaycanın böyükmiqyaslı yaşıl enerji gündəliyi məhz bu məqsədlərin reallaşmasına hesablanıb”.

Sevinc Hüseynova Azərbaycanla Macarıstan arasında digər məsələlərdə də iki dost və tərəfdaş ölkə kimi fəaliyyət göstərdiyini söyləyib: “Məhz Macarıstanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının (TDT) ikinci qeyri-rəsmi Zirvə görüşü keçirilib. Birinci Zirvə görüşü isə ötən il Şuşa şəhərində keçirilib. Azərbaycanın təşəbbüsü ilə reallaşan Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşləri artıq ənənə xarakteri alıb. Bütün bunlar onu göstərir ki, Macarıstan öz tarixi köklərinə bağlıdır. Macarıstan Azərbaycanın etibarlı tərəfdaşlarından biri kimi müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Çünki bu gün xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Amma bütün bunlara rəğmən Macarıstanın inkişafı onun dostlarını xüsusən də Azərbaycanı sevindirir. Əldə edilən yüksək səviyyəli nəticələr isə hər iki ölkənin əlaqələrinin daha da yüksəlməsinə, milli maraqlarının müdafisənin güclənməsinə xidmət edir”.