22 may 2025 11:37
128

Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünün bağlanış mərasimi keçirilib

Ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünə yekun vurulub.

III yer uğrunda mübarizədə Bakı Dövlət Universitetinin komandası Bakı Mühəndislik Universitetinin komandasına qalib gəlib. Azərbaycan İdman Akademiyasının komandası Azərbaycan Texniki Universitetinin komandasını məğlub edərək liqanın qalibi olub.

Liqanın ikinci altılığında mübarizə aparan komandalardan I yeri Azərbaycan Dövlət Pedaqoji Universiteti, II yeri Milli Aviasiya Akademiyası, III yeri Azərbaycan Tibb Universitetinin komandası tutub.

Oyunlardan sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin rəsmi şəxsləri, veteran futbolçular iştirak ediblər.

Sonra AFFA-nın Hakimlər Komitəsinə oyunların idarə olunmasındakı səmərəli fəaliyyətinə görə “Təşəkkürnamə” təqdim olunub. Oyunlarda fərqlənən üç tələbə-futbolçu “Ən yaxşı qapıçı”, “Ən yaxşı müdafiəçi”, “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunub, ikinci altılığın qalib komandalarına hədiyyə, liqanın qalib komandalarına medal və pul mükafatı, çempion komandaya kubok təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Tələbə Liqası 2023-cü ildən etibarən Elm və Təhsil Nazirliyi və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.

Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünə 29 noyabr 2024-cü il tarixində start verilib və liqada 12 ali təhsil müəssisəsi mübarizə aparıb.

Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliğ edilməsi, onlar arasında perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarət olub.