24 may 2025 00:36
92

Yeni Dehli-İrəvan işbirliyi: Gizli məqamlar üzə çıxır

İkinci Qarabağ müharibəsində rüsvayçı məğlubiyyətə uğrayaraq kapitulyasiya aktına imza atan Ermənistanın sürətlə silahlanması sülh prosesinə, regionda sabitliyə, əməkdaşlığa ciddi təhdid yaradır. Müharibədən sonra Ermənistanı silahlandıran ölkələrdən biri də Hindistandır. Son illər iki ölkə arasında hərbi əlaqələr xeyli dərinləşib. 2023-cü ildə Hindistan və Ermənistan 720 milyon dollar dəyərində hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair müqavilə imzalayıb. Müqavilə çərçivəsində Ermənistana “Akaş” hava hücumundan müdafiə sistemləri verilməsi nəzərdə tutulub. Bundan əvvəl mətbuatda Hindistanın Ermənistana “Pinaka” reaktiv yaylım atəş sistemləri tədarük edəcəyi barədə məlumatlar yayılıb. Vətən müharibəsindən əvvəl isə Ermənistan Hindistandan “Swathi” atəş yeri aşkarlama radarları alıb.

Bu yaxınlarda “Reuters” xəbər agentliyinin Stokholm Beynəlxalq Sülh Problemləri Araşdırmaları İnstitutuna istinadən yaydığı məlumata görə, 2022-2024-cü illərdə Hindistanın silah ixracının 43 faizi Ermənistana həyata keçirilib. Biundan əvvəl isə təşkilatın “Beynəlxalq silah ticarətində tendensiyalar” adlı hesabatında qeyd olunur ki, 2017-2021-ci illər ərzində Hindistanın silah ixracında Ermənistanın payı 13 faiz təşkil edib. Ermənistan Hindistandan silah idxalı həcminə görə üçüncü ölkə olub. Həmçinin qeyd edilib ki, 2016-2018-ci illərdə bu göstərici sıfıra bərabər olub və iki ölkə arasında silah satışı prosesi aparılmayıb. Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, İrəvan son illərdə Dehlidən silah və texnikanın alınmasına 600 milyon dollar xərcləyib.

Gerçəklik budur ki, Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlar apardığı bir vaxtda Yeni Dehlinin bu ölkəyə öldürücü silahlar tədarük etməsi işğalçı dövlətin militarizasiyasına və vəziyyətin gərginləşməsinə yol açır, Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasına maneələr törədir. Çinin “Morning Post” nəşrinin əldə etdiyi sənədlərə əsasən yaydığı məlumatda qeyd olunur ki, Hindistanın Ermənistanla əməkdaşlığı son illərdə ciddi şəkildə artıb. 2020-ci ildən bəri Hindistan Ermənistana 2 milyard dollardan çox dəyərində silah satıb. Bu silahlar arasında “Akash” hava hücumundan müdafiə sistemləri, radarlar, obüs topları, pilotsuz uçuş aparatlarına qarşı sistemlər və çox lüləli raket sistemləri yer alır. Hindistanlı hərbi mənbələrə görə, Ermənistan artıq Hindistanın ən böyük silah alıcısına çevrilib. Hindistan İranla imzaladığı Çabahar limanı sazişi vasitəsilə Ermənistanla gizli bir logistika xətti quraraq, Türkiyə və Azərbaycan əleyhinə bölgədə yeni bir cəbhə açır. Bu planın əsas məqsədi regionda güc balansını dəyişməkdir: “Hindistan mediası açıq şəkildə bildirir ki, Türkiyə və Azərbaycanın reallaşdırmaq istədiyi Zəngəzur dəhlizi Hindistanın təşəbbüsü ilə formalaşdırılan Şimal-Cənub nəqliyyat koridorunu təhlükə altına salır. Yeni Dehlinin narahatlığı ondadır ki, bu yeni dəhliz Hindistanın geopolitik üstünlüyünü və ticarət imkanlarını zəiflədə bilər. Həmçinin Ermənistan-İran sərhədinin zəifləməsi və bölgədə Hindistanın təsirinin azalacağı ehtimal edilir”.

Hindistanın Ermənistanı dəstəkləməsinin əsas səbəbi Azərbaycanla Pakistan arasında dostluq, qardaşlıq münasibətlərinin mövcudluğudur. Pakistan 1991-ci il dekabrın 12-də Türkiyədən sonra Azərbaycanı müstəqil dövlət kimi tanıyan ikinci ölkə olub. 1992-ci il iyunun 9-dan etibarən inkişaf etməyə başlayan münasibətlərdə Pakistan bir çox məsələlərdə, o cümlədən Qarabağ münaqişəsində daim Azərbaycanın yanında olub. Ermənistanı dövlət kimi tanımayan, eyni zamanda, Xocalıda törədilən soyqırımı pisləyən İslamabad rəhbərliyi hər fürsətdə İrəvanı sərt şəkildə tənqid edir. Pakistan Qarabağ müharibəsində həmişə Azərbaycanın ərazi bütövlüyünü müdafiə edib. Türkiyə də bu tənliyə daxil edilib və əslində 2021-ci ildə Türkiyə, Azərbaycan və Pakistan xüsusi təyinatlıları Bakıda “Üç Qardaş -2021” adlı birgə hərbi təlim keçirib. Son illərdə Cənub-Şərqi Asiyada, eləcə də bütün dünyada sülhün və əmin-amanlığın bərqərar olmasını istəyən, bu istiqamətdə ciddi addımlar atan Pakistanla Azərbaycanın qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələr bütün sahələrdə sürətlə inkişaf edir. Bütün bunlar xalqımız tərəfindən yüksək qiymətləndirilib. İki dost ölkə arasındakı mükəmməl ikitərəfli münasibətlər Azərbaycanın İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəsindən sonra daha da möhkəmlənib. Ekspertlərə görə, Hindistanın hazırkı radikal sağ millətçi baş naziri Naendra Modinin ifrat millətçi hakimiyyəti Pakistana dəstək verən ölkələrə qarşı bu cür qızışdırıcı addımlar atır. Aydın məsələdir ki, Azərbaycan Pakistanla bağlı mövqeyini dəyişməyəcək. Ermənistanla isə məsələ aydındır…

Zahid Rza, “İki sahil”