17 may 2025 12:06
164

Prezidentin qətiyyətli siyasəti, dövlətimizin artan qlobal geosiyasi gücü - Avropa İttifaqı da başa düşdü ki...

Bu gün Avropa İttifaqı (Aİ) ilə Azərbayca arasında siyasi münasibətlər tamamilə bərpa olunub və demək olar ki, normal məcraya düşüb. Halbuki bir müddət əvvəl Azərbaycanın bu qurumla münasibətləri heç də ürəkaçan deyildi. Bunun da əsas səbəbi Aİ-nin bəzi nümayəndələrinin Cənubi Qafqazda yürütdükləri siyasətdən irəli gəlirdi. 

Bir məsələni də vurğulayaq ki, bu ilin aprel ayında Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfəri bu kimi proseslərdə önəmli rol oynayıb. Təsadüfi deyil ki, siyasətçilər xanım Kallasın səfərini və səfər zamanı dövlətimizin başçısı ilə görüşünü Azərbaycan-Aİ əlaqələrində dönüş nöqtəsi kimi dəyərləndirirlər. Çünki Kallasın səfəri çərçivəsində əldə olunan razılaşmalar və verilən mesajlar Aİ-nin Azərbaycanın regional və geosiyasi əhəmiyyətini daha dolğun şəkildə anlamağa başladığını göstərmişdi. Bu səfər həm də Aİ-nin illərdir mövcud olan birtərəfli yanaşmalardan geri çəkildiyini və Azərbaycanın potensialını daha ətraflı qiymətləndirdiyini ortaya qoymuşdu. Bu səfər həm də Ermənistanın uzun müddətdir yürüdüyü yalançı təbliğatın iflasa uğradığını göstərmişdi.

Artıq Aİ anlayır ki, regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə malik olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən ona önəmli dividendlər vəd edir. Bu mənada Çinlə hərtərfli strateji tərəfdaşlıq əlaqələri quran, Mərkızi Asiya, Yaxın Şərq ölkələri ilə əlaqələrini inkişaf etdirən Azərbaycan onun üçün ən etibarlı tərəfdaşdır. Bircə faktı qeyd edək ki, Azərbaycanın qaz satdığı 10 Avropa ölkəsindən 8-i Aİ-nin üzvüdür. 

Şübhəsiz, bu prosesdə Prezident İlham Əliyevin qətiyyətli siyasəti mühüm rol oynayıb. Bu, mayın 16-da Albaniyanın paytaxtı Tiranada 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirakı ilə keçirilən “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısında da özünü göstərib. Tədbirdə innovasiya, enerji və sənaye davamlılığına keçid yolu ilə rəqabətqabiliyyətli və iqtisadi təhlükəsizlik, miqrasiya, Avropanın yeni dünya kontekstində lider mövqe tutması kimi mövzular müzakirə olunurb. Yeri gəlmişkən xatırladaq ki, ölkəmiz 2022-ci ildə Praqada keçirilən ilk toplantıdan etibarən Avropa Siyasi Birliyinin bütün sammitlərində fəal iştirak edir. Bunu isə hər şeydən əvvəl Prezident İlham Əliyevin sayəsində ölkəmizin artan beynəlxalq nüfuzunun təzahürü kimi dəyərləndirmək olar. 
Xatırladaq ki, “Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi və iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. 

Prezident İlham Əliyevin həmin tədbirdə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə də görüşü olub. Onlar həmin görüşdə Azərbaycanın Aİ-nin vacib və etibarlı tərəfdaşı olduğunu bildirərək, ölkəmizin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini bildiriblər. Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu vurğulanıb. Bununla yanaşı, ölkəmizin regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynadığı da qeyd edilib. Prezident İlham Əliyev Azərbaycanın Aİ ilə əlaqələrə mühüm əhəmiyyət verdiyini deyərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyində roluna toxunub. Dövlətimizin başçısı ölkəmizlə Aİ arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu bildirib. Həm də Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri səviyyəsində Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanın bərpaolunan enerji resurslarının ötürülməsi sahəsində imzalanmış strateji tərəfdaşlıq haqqında Sazişə, həmçinin Qara dənizin dibi ilə bərpaolunan enerji resurslarının ixracı üçün elektrik kabel xətti layihələrinə toxunub, ölkəsinin Orta Dəhlizdə oynadığı vacib roldan danışıb və Aİ ilə əməkdaşlıq üçün bu istiqamətlərdə geniş imkanların olduğu qeyd edib. 

Bu mənada bu görüşlər Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və çoxtərəfli diplomatiyasının daha bir sübutu kimi qiymətləndirilə bilər. Bəli, bu səfər bir daha göstərdi ki, Azərbaycan təkcə Qafqazın deyil, bütövlükdə Avropanın sabitliyində və inkişafında mühüm rola malik bir ölkədir. Bunu artıq Aİ-də etiraf edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”