Milli mətbuatımızın 150 illik yubileyinə yüksək səviyyədə hazırlıq ölkə demokratiyasının təntənəsi, söz azadlığının və puralizmin inkişafına göstərilən dövlət dəstəyidir
«Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini , mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər» söyləyən Ulu Öndər Heydər Əliyev ziyalı təbəqəsinin ayrılmaz tərkib hissəsi olan, milli-mənəvi dəyərlərimizin, bir dövlət kimi varlığımızın təbliğində böyük xidmətləri olan mətbuat nümayəndələrinin cəmiyyətdə rolunu bu sözləri ilə dəyərləndirmişdir: «Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq,, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir.» Hər bir xalqın mənsub olduğu ölkəsinin sərhədlərdən kənarda təbliğində də KİV-nümayəndələrinin əməyi misilsizdir. İstənilən xalqın taleyində misilsiz xidmətləri olan sərkərdələrin, siyasətçilərin həyatının və ictimai fəaliyyətinin, ölkədə baş verən yeniliklərin təbliğində də jurnalistər aparıcı qüvvə kimi, vətəndaşlıq borcların dərk edir, peşələrinə məsuliyyətlə yanaşırlar. Bu baxımdan ictimai fikrin formalaşmasında üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirən jurnalistləri cəmiyyətin aynası adlandıranlar səhv etmirlər.
Respublikaya rəhbərliyinin hər iki dönəmində demokratiyanın inkişafı naminə önəmli islahatlar aparan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeniliklər ölkəmizdə söz və mətbuat azadlığının, fikir plüralizminin və digər bəşəri dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaradıb. Medianın inkişafına demokratiyanın əsas tələb və prinsipləri kimi diqqət göstərən Ulu Öndər KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqətlə yanaşmış, dövlət–media münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdur.
Bu il yaranmasının 150 illiyi qeyd olunacaq milli mətbuatımızın banisi, zamanının ən görkəmli ziyalısı adını fədakarlığı ilə doğruldan Həsən bəy Zərdabinin ənənələrini layiqincə davam etdirən çox saylı jurnalistlər ordusu yubileylərinə ciddi hazırlaşırlar.
Bəllidir ki, Azərbaycanda müstəqil mətbuatın inkişafı daim dövlətin diqqət və qayğı göstərdiyi sahələrdəndir. «Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır. Azərbaycanda bütün azadlıqlar təmin olunur, o cümlədən söz azadlığı və siz jurnalistlər bunu yaxşı bilirsiniz. Azərbaycanda minlərlə mətbuat orqanı var ki, qeydiyyatdan keçib sərbəst fəaliyyət göstərir. Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır» sözləri ilə Ulu Öndərin milli mətbuatın inkişafına diqqət qayğısını daha geniş miqyasda, zamanın tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyev bildirib ki, mətbuat nümayəndələri fəaliyyətləri ilə ölkədə aparılan siyasi, iqtisadi islahatlara öz töhfələrini verməklə ictimaiyyəti narahat edən məsələlərin aşkarlanmasında da səylərini əsirgəmirlər. Fikrini «Sizə deyə bilərəm ki, mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir» sözləri ilə əsaslandıran Prezident İlham Əliyev qələm əhlinə minnətdarlığını da ifadə edir.
Milli mətbuatın inkişafına dəstək və qayğısı çoxsaylı jurnalistlər ordusu tərəfindən yüksək dəyərləndirilən Prezident İlham Əliyevin imzaladığı «Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında» Sərəncam respublika ictimaiyyəti tərəfindən də dəstəklənmişdir. Sərəncamda qeyd olunduğu kimi, XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı genişlənməsində böyük rolu olan, 150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi «Əkinçi» qəzeti ilə yola çıxan Milli mətbuatımızın tarixi zəngin və möhtəmdir. Cəmi iki il fəaliyyət göstərsə də milli ideyaların təbliği, insanlar arasında cəhalətin aradan qaldırılması sahəsindəki xidmətləri zamanınınə əsl ziyalısı adını doğruldan Həsən bəy Zərdabi «Əkinci»sinin dili ilə maarifçilik ideyalarını təbliğ etmiş, xurafata qarşı kəskin mübarizə aparmışdır. Azərbaycanın mütərəqqi ziyalıları arasında siyasi və bədii fikrin inkişafına, jurnalist nəslinin yetişməsinə önəmli töhfələr vermişdir.
Respublikaya rəhbərliyə başladığı dönəmdən etibarən Azərbaycanın inkişaf yolu ilə dünyaya inteqrasiyasını sürətləndirən Prezident İlham Əliyev mətbuatın hamisi kimi bu sahəyə qayğısını əsrgəməyib. Ölkədə mövcud olan hüquqi əsaslar zəminində çoxsaylı Fərman və sərəncamlar imzalayan cənab İlham Əliyevin KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində apardığı islahatlar müstəqil mətbuatın inkişafına ən böyük dəstək kimi dəyərləndirilib. Ulu Öndər Heydər Əliyevin göstərişi ilə qəzetlərin «Azərbaycan» nəşriyyatına olan borcları dondurulması» ilə bağlı siyasəti davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə məlum borcların silinməsi isə mətbuatın maddi-texniki problemlərinin aradan qaldırılması istiqamətində tarixi bir addım oldu. Dövlət başçımızın Sərəncamı ilə «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»” təsdiq edildi. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Nizamnaməsi təsdiq olundu. Hazırda həmin qurumun bazasında yaradılan Medianın İnkişafı Agentliyi kim fəaliyyətini davam etdirən qurumun dəstəyi ilə respublikada fəaliyyət göstərən yazılı və vizual KİV-lərdə çalışan jurnalistlərinin peşəkarlığının artırılması istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirilir. Jurnalistlərə fəxri adların verilməsi, mətbuat orqanlarının və jurnalistlərin obyektiv prinsiplərə, milli maraqlara əsaslanan fəaliyyətinin qiymətləndirilməsi dünyada analoqu olmayan bir nümunədir. Dövlət başçımızın imzaladığı «Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncam»a əsasən, mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsaitin ayrılması, Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində jurnalistlər üçün üç çoxmənzilli yaşayış binalarının istifadəyə verilməsi, Ali Media Mükafatının təsis edilməsi, ölkənin ictimai, siyasi həyatında baş ıeniliklərin təbliğində fərqlənən jurnalistlərin fəxri adlara və mükafatlarla təltif olunması da nümunə göstəriləcək sosial qayğının ifadəsidir.
Bütün bunlar onu göstərir ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu KİV-lərə dövlət dəstəyi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hüquqi dövləti azad mətbuatsız təsəvvür etməyin qeyri-mümkünlüyü tezisi Azərbaycan təcrübəsində özünü doğruldur.
Şuşada müxtəlif mövzulara həsr olunmuş qlobal Media forumları, Prezident İlham Əliyevin ənənəvi olaraq hər ilin əvvəlində yerli televiziya kanallarına müsahibələri də təsdiqləyir ki, KİV-ə diqqət və qayğı Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindəndir. Ötən ilin iyulun 20-də «Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə» mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çoxsaylı sualları əhatəli, dünya siyasətinin aktual məsələlərini zəngin təcrübəsi əsasında təhlil etməklə ölkəmizdə azad sözün inkişafını göstərən Prezident İlham Əliyevin Türkiyənin «Haber Global», «Haber Türk», «A-Haber», Haber NTV televiziya kanallarına müsahibələri, Türkiyə-Azərbaycan Media Platformasının davamlı fəaliyyəti iki qardaş ölkənin informasiya təhlükəsizliyini təmin edən mənəvi silahdır.
Medianın İnkişafı Agentliyi rəhbərliyinin, müxtəlif sahələrdə çalışan KİV-nümayəndələrinin beynəlxalq tədbirlərdə, mətbuata həsr olunmuş simpozium və kofranslarda iştirakı da təsdiqləyir ki, Azərbaycanın vətənpərvər jurnalistikası ölkəmizin informasiya məkanını da qorumaq iqtidarındadır. «Çünki biz bu gün internet dövründə yaşayırıq. Hansısa hər bir yalan, böhtan, təxribat xarakterli məlumat dərhal özünə yer tapır. Ancaq milli jurnalistikamız, Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır, milli maraqlar hər şeydən üstün olmalıdır» sözləri ilə milli mətbutımızın xarici informasiya məkanına inteqrasiyasının əhəmiyyətini qeyd edən dövlət başçımız jurnalist peşəkarlığının vacibliyini diqqətə çatdırır.
Dünən işinə başlayan və üç gün davam edəcək, Bakı Dövlət Universitetinin (BDU) və Türkiyənin Üsküdar Universitetinin birgə təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin, Audiovizual Şuranın və Mətbuat Şurasının tərəfdaşlığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan «Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti”» mövzusunda beynəlxalq konfrans informasiya məkanımızın genişləndrilməsinin bariz nümunəsidir.
Cənab İlham Əliyevin «Mən xatırlayıram, jurnalistlərlə əvvəlki görüşlərimdə də bunu demişdim. Demişdim ki, daha çox xarici dillərdə saytlar açılsın, biz daha çox xarici informasiya məkanına çıxaq. Bizim imkanımız olsun ki, vacib informasiyanı dərhal aparıcı media qurumlarına çatdıra bilək» sözləri artıq tövsiyə deyil , reallıqdır. Qərəzli ermənipərəst dairələrin Azərbaycan haqqında mənfi imic formalaşdırmaq imkanları məhdudlaşdırılır. Azərbaycan həqiqətləri sosial şəbəkələr vasitəsilə bir neçə dildə dünya ictimaiyyətinə çatdırılır. Ən önəmlisi odur ki, bu prinsip vəhdət , vahid siyasət əsasında aparılır.
Dövlət başçımızın «Bizi nə qədər çox tanıyarlarsa, bizə rəğbət də o qədər çox artar. Çünki dəfələrlə olub ki, ilk dəfə Azərbaycana gələn və mənimlə görüşən hansısa xarici nümayəndə heyəti öz təəccübünü gizlədə bilməyib. Deyirlər ki, bəs biz tam başqa fikirdəydik, bizə başqa şeylər deyirdilər. Amma biz gəldik, gördük ki, Azərbaycan nə qədər inkişaf edib, Azərbaycan necə gözəl ölkədir, Azərbaycan vətəndaşları necə qonaqpərvər və gözəl insanlardır» sözləri İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə , Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən heyrətlənən xarici qonaqların ürək sözlərində əksini tapır. Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə daha da geniş şəkildə çatdırılır. Təbii ki, bu sahədə medianın rolu əvəzsizdir.
İkinci Qarabağ müharibəsində qələmi süngü edən, ermənilər tərəfindən qətlə yetirilən, minaların qurbanı olan jurnalistlərimiz Vətən qarşısında borclarını şəhid adları ilə əbədiləşdirdilər. 44 gün davam edən Vətən müharibəsi ilə bağlı informasiyaları şiddətli əməliyyatların aparıldığı döyüş bölgələrindən belə ölkə ictimaiyyətinə çatdıran jurnalistlərimiz, bütünlükdə ölkə mediası əsl vətənpərvərlik, həmrəylik nümunəsi göstərərək erməni faşizmini ifşa etməklə haqq səsimizi, ədalət naminə mübarizəmizi dünya ictimaiyyətinə çatdırılmasındə də fədakarlıq göstərdilər. Silahlı Qüvvələrimizin, qəhrəman əsgər və zabitlərimizin rəşadəti ilə bağlı salnamələr yazıldı, xalq-ordu birliyinin vəhdəti dünya ictimaiyyətinə çatdırıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğunun qüdrəti, xalqımızın iradəsinin təntənəsi olan olan Zəfər paradı bu gün də xalqımızın mübarizlik rəmzi kimi nümunə göstərilir. «Media haqqında» yeni” Qanun»un qəbulu ilə KİV-lərin fəaliyyət istiqamətləri genişləndirilməklə ölkə mediasıda sağlam mühitinin formalaşdırılması başlıca hədəf kimi qarşıya qoyuldu. Jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq hüququnun verilməsi, informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığının təminatı üçün baza formalaşdırıldı.
Milli mətbuatın 150 illiyi ilə bağlı Sərəncamda qeyd olunduğu kimi, bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, respublikamızın beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Ən əsası vəzifə isə qabaqcıl texnologiyalardan səmərəli istifadə, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak kimi hədəflər mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir.
Fəaliyyətinin əsas istiqaməti Azərbaycanın dövlət maraqlarının qorunması olan milli mətbuatımızın 150 illiyini peşə məsuliyyəti ilə qarşılayan, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolunun artırlmasında, dünya hadisələrinin düzgün təhlil olunaraq geniş auditoriyalara çatdırılmasında da peşəsinə sadiq qalan media nümayəndələri dövlətçiliyə sədaqətləri ilə də jurnalist adını doğruldacaqlar.
Xuraman İsmayılqızı, «İki sahil»