Dövlət başçısı İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə «Avropa Siyasi Birliyi»nin 6-cı Zirvə toplantısında iştirakı ölkəmizin beynəlxalq münasibətlər sistemində yerinin, söz sahibliyinin aydın mənzərəsini yaradır
Mayın 15-də Prezident İlham Əliyev Albaniya Respublikasının Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya işgüzar səfərə gəldi. Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirildi. Albaniya Respublikasının Baş naziri Edi Rama Prezident İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşıladı. Builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edirlər. Tədbirdə innovasiya, enerji və sənaye davamlılığına keçid yolu ilə rəqabətqabiliyyətli və iqtisadi təhlükəsizlik, miqrasiya, Avropanın yeni dünya kontekstində lider mövqe tutması kimi mövzular müzakirə olunur. “Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi, iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.
Cənab İlham Əliyevin xarici ölkələrə hər bir səfəri, həmçinin beynəlxalq tədbirlərdə iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinin, dövlətimizin başçısının nüfuzunun göstəricisidir. Çıxışlarında “Müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir» söyləyən Prezident İlham Əliyev hədəfləri açıqlayarkən bildirir ki, dostlarımızın bütün qitələrdə sayı artır. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir və edəcək.
Hər dövrün öz çağırışları vardır. Qlobal çağırışların müzakirəsi üçün daha çox Azərbaycanın məkan seçilməsi, yaxud belə tədbirlər başqa ölkələrdə keçirildiyi təqdirdə ölkəmizin, dövlətimizin başçısının mövqeyinə önəm verilməsinin göstəricisi olaraq cənab İlham Əliyevin tədbirlərə dəvət olunması artıq günümüzün əsas reallıqlarındandır. Tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra regionda və dünya siyasətində yeni reallıqlar baş verir. Təbii ki, belə mürəkkəb, çoxqütblü mühitdə müstəqil və çevik xarici siyasət yürütmək, milli maraqları qlobal səviyyədə səmərəli şəkildə müdafiə etmək hər bir dövlət üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri hər zaman dünya birliyinin fəal üzvü kimi mövqeyinin möhkəmlənməsini şərtləndirir. Ölkəmiz bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur, heç bir dövlətin daxili işinə müdaxilə etmir, eyni zamanda, öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Sabitlik, təhlükəsizlik, əməkdaşlıq çağırışları dövlətimizin xarici siyasətində xüsusi yer tutur. Azərbaycanın təhlükəsiz, sabitlik diyarı kimi tanınması əlaqələrin inkişafında, xüsusilə ölkə iqtisadiyyatına investisiyalar qoyuluşunda maraqlı olan dövlətlərin sayının artmasında öz sözünü deyir. Ölkəmizin yeni körpülərin qurulması ilə bağlı çağırışları da əməkdaşlıq məkanı kimi nüfuz qazanmasını şərtləndirir.
Ölkələr arasında əlaqələrin qurulmasında iqtisadi amil əsasdır ki, burada enerji sektoru xüsusi qeyd edilməlidir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib ki, bu da geosiyasi qeyri-sabitlik dövründə xüsusi əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələrin reallaşdırılması Avropa üçün enerji təchizatının şaxələndirilməsinə və bu qitənin ölkələri ilə strateji tərəfdaşlığın dərinləşməsinə mühüm töhfə verib. Azərbaycanın strateji mövqeyi, zəngin enerji ehtiyatları, tarazlı və praqmatik diplomatik fəaliyyəti ölkəmizi qlobal əməkdaşlıqda mühüm tərəfdaşlardan birinə çevirib. Dövlət başçısı İlham Əliyevin ADA Universitetində keçirilən «Yeni dünya nizamına doğru» mövzusunda beynəlxalq forumdakı çıxışı bütün bu məqamlara işıq saldı.
Azərbaycan dünyanı Bakıya torplayan COP29 iqlim konfransına ev sahibliyi etməklə də bu çağırışı səsləndirdi ki, əsas hədəfimiz az inkişaf etmiş, ekzistensial təhdidlə üzləşmiş ölkələri dəstəkləmək olacaq. Biz bunu etdik. Bütün proses boyu Azərbaycan inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdi. Çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Ölkəmiz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdi. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Bakı COP-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Biz, həmçinin karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olduq. Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard dollar təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirən dövlət başçısı İlham Əliyev bildirdi ki, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək.
Cənab İlham Əliyev hədəfləri açıqlayarkən bildirir ki, bundan sonra da xarici siyasətimiz çox aydın, açıq olacaq və bu gün dünya ictimaiyyəti siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə Azərbaycanı BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi. Dövlət başçısı İlham Əliyev Azərbaycanın güclü iqtisadiyyatının müstəqil xarici siyasətin həyata keçirilməsinə geniş imkanlar yaratdığını bildirir. Ölkəmizin son 21 ildən artıq dövrdə qazandığı sosial-iqtisadi göstəricilərə diqqət yetirmək kifayətdir. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Bu illər ərzində ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb. Belə ki, Azərbaycan iqtisadiyyatına 310 milyard dollardan çox sərmayə qoyulub ki, bunun da 200 milyard dollara yaxını qeyri-enerji sektorunun payına düşür. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla dollar həcmində sərmayə qoyub. Ölkəmiz Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.
Azərbaycanın beynəlxalq nüfuzunun göstəricilərindən olan Qoşulmama Hərəkatı, eyni zamanda, üzv dövlətlərlə əlaqələrinin yüksələn xətlə inkişafını təsdiqləyən xeyli sayda faktlar sadalamaq olar. Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra da ən böyük beynəlxalq təsisatdır. Prezident İlham Əliyevin sayəsində ölkəmiz bu təsisata uğurla rəhbərlik etməklə onun beynəlxalq aləmdə nüfuzunu və rolunu gücləndirib, böyük uğura imza atıb. Dövlətimizin başçısının Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq müstəvidə davamlı və ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər həm Hərəkat, həm də digər ölkələrin geniş dəstəyini qazanıb. Hələ 2019-cu ildə ölkəmiz Qoşulmama Hərəkatının sammitinə uğurla ev sahibliyi etdiyi tədbirdə Prezident İlham Əliyev Azərbaycanın öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyini, fəaliyyətini tarixi “Bandunq prinsipləri” üzərində quracağını bəyan etmişdi. Sədrliyi dövründə ölkəmiz Hərəkat üzvlərinin ədalətli mövqeyini beynəlxalq müstəvidə müdafiə etmək üçün öz səylərini əsirgəmədi. Bu dövrdə Hərəkatın parlament və gənclər şəbəkələri yaradıldı. 2022-ci ildə Şuşa razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı təsis olundu və onun daimi katibliyi Bakıda yerləşəcək. Təşkilatın yaradılması kimi mötəbər uğurdan əlavə, Şuşa şəhərinin adı da artıq Qoşulmama Hərəkatının tarixinə düşdü.
Azərbaycanın Albaniyada keçirilən “Avropa Siyasi Birliyi” sammitində iştirakı ölkəmizin çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursunun daha bir uğurudur. Bu iştirak Azərbaycanın Avropa qitəsində dialoq və əməkdaşlığa verdiyi önəmi və təşəbbüskar mövqeyini bir daha nümayiş etdirir. Qeyd edilməlidir ki, ölkəmiz 2022-ci ildə Praqada keçirilən ilk toplantıdan etibarən “Avropa Siyasi Birliyi”nin bütün sammitlərində fəal iştirak edir. Dövlət başçısı İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı ölkəmizin xarici siyasətində davamlı uğurlarının və artan beynəlxalq nüfuzunun növbəti təzahürüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə həm Şərq, həm də Qərb istiqamətində uğurlu diplomatik fəaliyyət həyata keçirərək çoxvektorlu xarici siyasət modelini müvəffəqiyyətlə reallaşdırır. Dövlət başçısı İlham Əliyevin Zirvə görüşü çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü oldu. Antonio Koşta və Ursula Fon der Lyayen Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirərək, ölkəmizin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini bildiridilər. Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu vurğulandı. Bununla yanaşı, ölkəmizin regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynadığı da məmnunluqla qeyd edildi. Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrə mühüm əhəmiyyət verdiyini deyərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyində roluna toxundu. Dövlətimizin başçısı ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu, bu gün Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 ölkəsinin enerji təminatında Azərbaycanın rolunu vurğuladı. Ölkəmizin Orta Dəhlizdə oynadığı vacib rola diqqət yönəldən Prezident İlham Əliyev bu dəhlizin inkişafı məqsədilə Azərbaycanda yaradılmış nəqliyyat infrastrukturuna qoyulmuş investisiyaları və bu istiqamətdə aparılan işləri qeyd etdi. Dövlətimizin başçısı Orta Dəhlizlə yüklərin daşınma həcminin artdığını da bildirdi. Söhbət zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri səviyyəsində Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanın bərpaolunan enerji resurslarının ötürülməsi sahəsində imzalanmış strateji tərəfdaşlıq haqqında Sazişə, həmçinin Qara dənizin dibi ilə bərpaolunan enerji resurslarının ixracı üçün elektrik kabel xətti layihələrinə diqqət yönəldildi.
Dövlət başçısı İlham Əliyev, həmçinin “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak etdi.
Azərbaycanın mövqeyinin möhkəmləndirilməsində yerləşdiyi coğrafi məkan mühüm rol oynayır. Şərqlə Qərbin qovuşağında yerləşən ölkəmiz dövlətlər, xalqlar arasında körpü roluna yeni əməkdaşlıq formatlarının yaradılması ilə əlavələr edir. Dövlətimizn başçısı İlham Əliyev çıxışlarında bu məqama da xüsusi diqqət yönəldir ki, coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq. Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi, təkmilləşdirilməsi dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin əsas tərkib hissəsidir.
Azərbaycanın xarici siyasətinin çoxşaxəliliyi, tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanınması da özündə mühüm məqamları ehtiva edir. Ölkəmiz daim qlobal problemlərin həllində həmrəyliyin, birliyin gücləndirilməsini, vahid mövqeyinin ortaya qoyulmasını əsas faktor kimi diqqətə çatdırır. «Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik» fikirləri ilə Azərbaycanın birləşdirici aktor kimi möhkəmlənən mövqeyinə işıq salan dövlət başçısı İlham Əliyev, eyni zamanda. ölkəmizin beynəlxalq münasibətlər sistemində artan mövqeyini şərtləndirən amilləri açıqlayır.
Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanıb. Ölkəmizin ayrı-ayrı ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. Ölkəmizin gündəmə gətirdiyi hər biri layihə beynəlxalq dəstək qazanıb. Beynəlxalq birliyin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Daim çıxışlarında «Bizim üçün isə coğrafiya fürsət deməkdir. Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində biz coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu gün biz üfüqlərimizi genişləndiririk» söyləyən cənab İlham Əliyev bildirir ki, qitələrarası körpü olmağımız cəmiyyətimizin inkişafında mühüm rol oynayır.
Azərbaycanın cari ilin ötən dövründə müxtəlif dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqda qazandığı uğurlara diqqət yetirmək kifayətdir. Dövlət başçısı İlham Əliyev ötən ay Çin Xalq Respubilkasına dövlət səfərini etdi. Getdikcə dərinləşən Azərbaycan-Çin strateji tərəfdaşlığı daha qlobal əməkdaşlığa çevrilir. Qeyd etdiyimiz kimi, hazırda Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir, qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrinin inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük önəm daşıyır. Çin öz növbəsində dünyanın fövqəldövləti kimi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırır. Bu əməkdaşlıq yalnız iki ölkə arasındakı əlaqələri möhkəmləndirməklə məhdudlaşmır, həm də regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm amildir. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında imzalanmış hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat iki ölkənin əlaqələrinin dünəninə, bugününə və gələcəyinə işıq saldı. Bu sənəd iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Azərbaycanın Çin tərəfindən Cənubi Qafqazda etibarlı və stabil tərəfdaş kimi dəyərləndirildiyini təsdiqləyir.
Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin yüksələn xətlə inkişafı da xüsusi yer utur. Bu baxımdan ikitrəfli əlaqələrimizin növbəti nümunəsi kimi İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ötən ay Azərbaycana səfərini qeyd edə bilərik. Bu səfər çərçivəsində əldə olunmuş razılaşmalar və imzalanmış sənədlər iki ölkə arasında etimadın artdığını, əlaqələrin qarşılıqlı maraqlar əsasında dərinləşdiyini göstərdi. Ötən ay Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin də ölkəmizə rəsmi səfərini qeyd etmək istərdik. Cənab İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, Mixeil Kavelaşvilinin prezident vəzifəsinə seçiləndən sonra ilk rəsmi səfərini Azərbaycana etməsi bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir.
Bu günlərdə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə dövlət səfəri də Azərbaycanın xarici siyasət uğurlarının əsas tərkib hissəsidir. Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Səfər çərçivsində müzakirə edilən məsələlər, imzalanan sənədələr hər iki ölkənin əlaqələrin inkişafında nə qədər maraqlı olduğunu göstərir. Cənab İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat xüsusilə qeyd edilir. Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir.
Təhlil əsasında belə bir ümumiləşdirməni apara bilərik ki, Azərbaycan bu gün Cənubi Qafqazın ən güclü dövlətidir. Ölkəmiz yalnız coğrafi mövqeyi baxımından deyil, real güc elementlərinə görə də regionda liderdir. Ərazi bütövlüyünün hərbi-siyasi vasitələrlə bərpası və suverenliyin tam bərqərar olunması Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olmaqla yanaşı, həm də milli gücün bütün komponentlərinin sintez edilmiş şəkildə uğurla tətbiqinin bariz nümunəsidir. Azərbaycanın siyasi sabitliyi, inkişaf etmiş enerji və nəqliyyat infrastrukturu, regional əməkdaşlıq təşəbbüsləri və qlobal məsələlərə konstruktiv yanaşması onun beynəlxalq nüfuzunu xeyli artırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və milli maraqlara əsaslanan xarici siyasət kursu Azərbaycanın həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş, dialoq platforması və təşəbbüskar ölkə kimi çıxış etməsinə imkan yaradıb. Əməkdaşlıq məkanı kimi tanınan və nüfuz qazanan Azərbaycan 120 ölkənin sıralarında birləşdirən, BMT-dən sonra ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına 4 ililk sədrliyi ilə qazandığı zəngin təcrübəni bu gün istər ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərdə, istərsə də üzvü olduğu qurumların beynəlxalq nüfuzunun artırılması istiqamətində atdığı addımlarda özünü nümayiş etdirir. Azərbaycanın beynəlxalq nüfuzu, bütün sahələrdə zəngin təcrübəyə malik olması, ən əsası sülhün, təhlükəsizliyin, əməkdaşlığın tərəfdarı olması və bunu atdığı addımlarda təsdiqləməsi iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi nüfuz qazanmasında əhəmiyyətli rol oynayır.
Yeganə Əliyeva, «İki sahil»