31 may 2025 13:50
255

Türkiyə və Gürcüstandan olan din xadimləri Şuşa şəhəri ilə tanış olublar - YENİLƏNİB

Xaricdə yaşayan soydaşlarımızla dini-mənəvi əlaqələrin, birlik və həmrəylik bağlarının daha da gücləndirilməsi məqsədilə Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən səfər çərçivəsində nümayəndə heyəti mayın 31-də Şuşa şəhərinə gəlib.

“İki sahil” xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları qonaqlara Şuşa şəhəri, burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat veriblər.

Qonaqların diqqətinə çatdırılıb ki, 30 ilə yaxın işğal dövründə şəhərdəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Din xadimləri sonra Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanı, Xurşidbanu Natəvanın evi və Xan qızı bulağının yerləşdiyi ərazi, qala divarları, Mehmandarovların malikanə kompleksi ilə tanış olublar.

Yuxarı Gövhər Ağa məscidində olan qonaqlara məlumat verilib ki, qədim Şuşada 17 məhəllə olub. Hər məhəllədə hamam, məscid və bulaq var idi. Qədim məhəllələrdəki tarixi-memarlıq nümunəsi olan bu tikililər, o cümlədən məscidlər də erməni vandalizminə məruz qalıb. Şuşa şəhəri işğaldan azad olunduqdan sonra Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı, Mamayı və Çöl Qala məscidləri bərpa olunub.

Nümayəndə heyəti Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi ilə də tanış olub, Cıdır düzündən açılan əsrarəngiz mənzərəni seyr ediblər.

***

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə ölkəmizə səfər edən Türkiyə və Gürcüstandan olan din xadimləri Şuşa şəhərinə gəliblər.

“İki sahil” xəbər verir ki, din xadimlərindən ibarət nümayəndə heyəti Şuşa şəhərində tarixi məkanlar, o cümlədən Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri və Cıdır düzü ilə tanış olacaq.