Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən “Tarix elmi-tədqiqat klubu” “Səyahət və Turizm: Mədəni İrs” mövzusunda keçirilmiş VI Beynəlxalq Elmi Konfransda uğurla iştirak edib.
“İki sahil” xəbər verir ki, klubun rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Pərvin Ahənçi və Biznesin idarə edilməsi fakültəsinin III kurs tələbələri - Çingiz Məmmədov, Nubar Həsənquliyeva və Qüdrət Abbaslı “Viranələrdən dirçəlişə: Qarabağda turizm dinamikasının yüksəlişində bərpa olunmuş abidələrin rolu” mövzusunda elmi təqdimatla çıxış ediblər.
Təqdimatda ilk dəfə olaraq Azərbaycan tarix elmi sahəsində yaradılmış unikal “Qarabağın maddi-mədəniyyət abidələri” məlumat bankının innovativ təhlili təqdim olunub. Məruzədə işğaldan azad edilmiş Şuşa, Ağdam, Laçın və Füzuli şəhərlərində aparılan bərpa işlərinin turizm infrastrukturunun dirçəlişinə və mədəni irsin qorunmasına təsiri geniş şəkildə araşdırılıb.