Almaniya hökuməti Avropa İttifaqında (Aİ) hazırda müzakirə edilən korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə yönəlmiş yeni direktivin bəzi müddəalarına ehtiyatla yanaşaraq, sənədə qarşı “yoxlama şərti” irəli sürüb.
“İki sahil” xəbər verir ki, bu barədə “Spiegel” qəzetində dərc olunan məqalədə bildirilib. Məqalədə qeyd olunub ki, Almaniya Ədliyyə Nazirliyinin nümayəndələri Aİ Komissiyası, Avropa Parlamenti və Aİ Şurası arasında triloq formatında aparılan müzakirələrin növbəti mərhələsinə hazırlıq çərçivəsində keçirilən daxili iclasda vəzifədən sui-istifadənin Avropa İttifaqı səviyyəsində cinayət kimi qəbul edilməsinə qarşı çıxıblar. Bundan başqa, hökumət nümayəndələri hər bir üzv dövlətin korrupsiyaya qarşı ayrıca milli strategiya hazırlaması tələbinə qarşı da mövqe sərgiləyiblər.
“Vəzifədən sui-istifadə” maddəsinə qarşı Niderland, İtaliya və Lüksemburq hökumətləri də tənqid səsləndiriblər. Xüsusilə, vəzifədən şəxsi məqsədlər üçün istifadə hallarının cinayət kimi təsbit olunması məsələsində fikir ayrılığı müşahidə olunur. İtaliyada “vəzifədən sui-istifadə” maddəsi 2023-cü ildə cinayət hüququndan çıxarılıb. Hökumət bu addımı ədliyyənin üzərinə düşən yükün azaldılması və alternativ hüquqi mexanizmlərin mövcudluğu ilə əsaslandırıb, müxalifət isə bu qərara sərt etiraz edib.
Hazırkı mərhələdə Almaniya ilə yanaşı, yalnız Avstriya və Macarıstan hökumətləri də bütünlükdə direktivə qarşı ehtiyatlı yanaşma nümayiş etdirib. Digər Aİ ölkələrinin əksəriyyəti isə sənədə müsbət rəy verib.
Almaniya Ədliyyə Nazirliyi “Spiegel”in sorğusuna cavab olaraq, mövzu ilə bağlı rəsmi şərh verməyib və bunun Aİ daxilində davam edən prosedur olduğunu bildirib. Nazirliyin sözçüsü əlavə edib ki, korrupsiyaya qarşı mübarizə Almaniya hökuməti üçün önəmli məsələ olaraq qalır.
Məsələyə münasibət bildirən Avropa Parlamentinin almaniyalı üzvü, Yaşıllar Partiyasının deputatı Daniel Freund isə hökumətin bu mövqeyini tənqid edərək, bu addımın Aİ-də korrupsiyaya qarşı mübarizəni zəiflətməsinə səbəb olduğunu deyib.