14 iyun 2025 19:19
206

“Tomas Qolts: Neft Odisseyası” sənədli filminin təqdimatı keçirilib

13 iyun 2025-ci il tarixində Bakı Konqres Mərkəzində tanınmış amerikalı jurnalist və yazıçı Tomas Qoltsun həyat və yaradıcılığına, Azərbaycanın enerji siyasətinin təbliğində oynadığı rola həsr olunmuş “Tomas Qolts: Neft Odisseyası” sənədli filminin premyerası keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Qeyd edilib ki, tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunub. Təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, SOCAR rəhbərliyi, İqtisadiyyat Nazirliyinin və SOCAR-ın əməkdaşları, mərhum Tomas Qoltsun ailə üzvləri, ictimaiyyət nümayəndələri, o cümlədən rəmzi olaraq Bakı Ali Neft Məktəbinin 102 tələbəsi iştirak edib.

Tədbirin açılışında “Neft Odisseyası” sənədli filmində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi enerji strategiyasından, Azərbaycanın neft sənayesinin ölkəmizin müasir tarixindəki rolundan bəhs olunduğu vurğulanıb. Filmdə, həmçinin nadir arxiv materialları, müsahibələr və Tomas Qoltsun şəxsi xatirələri yer alır.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin müdrikliyi və strateji baxışı nəticəsində reallaşdırılan “Əsrin müqaviləsi”nin Azərbaycanın enerji sektorunu dünyaya tanıdaraq ölkəmizi qlobal enerji bazarlarında mühüm tərəfdaşa çevirdiyi qeyd olunub. Bugünkü uğurların təməlində Ümummilli Liderin siyasi iradəsinin və düşünülmüş enerji strategiyasının dayandığı qeyd olunub.

Tədbirdə Tomas Qoltsun jurnalistik fəaliyyətinin böyük hissəsini ölkəmizə həsr etməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində göstərdiyi xidmətlər xüsusi vurğulanıb.

Filmin təqdimat mərasimində ADA Universitetinin rektoru, fəxri qonaq Hafiz Paşayev çıxış edərək mərhum Tomas Qoltsun Azərbaycanla bağlı fəaliyyətindən, enerji strategiyamızın təbliğinə verdiyi dəyərli töhfələrdən bəhs edib.

Mərhum jurnalistin qardaşı Vinsent Qolts Tomas Qoltsun Azərbaycana olan dərin sevgisindən danışıb və ailəsi adından bu filmə, eləcə də onun xatirəsinin yaşadılmasına göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.

Tədbirdə Tomas Qoltsun Azərbaycanın böyük dostu kimi xatırlanıb və onun dəyərli irsi ehtiramla yad olunub.