14 iyun 2025 23:55
142

ABŞ-ın Minnesota Ştat Assambleyasının spikeri və əri evində öldürülüb

ABŞ-ın Minnesota ştatında Demokratlar Partiyasından olan Ştat Assambleyasının sədri Melissa Hortman və əri Mark Hortman evlərinə polis geyimində girən şəxs tərəfindən öldürülüb.

İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, eyni şəxs ştat senatoru Con Hoffmanı və həyat yoldaşını da evlərində güllələyərək yaralayıb.

Minnesota qubernatoru Tim Valz və ştat rəsmiləri mətbuat konfransında hadisə ilə bağlı məlumat veriblər. Onun sözlərinə görə, Melissa Hortman və həyat yoldaşı Mark Hortmanın gecə yerli vaxtla saat 02:00 radələrində evlərinə polis qiyafəsi ilə gələn təcavüzkar tərəfindən güllələnərək öldürülüb. Valz hadisənin siyasi motivli olduğu iddia edib.

Qubernatorun sözlərinə görə, təcavüzkar eyni şəhərdə yaşayan Demokrat əyalət senatoru Con Hoffman və həyat yoldaşı Yvette Hoffmanı da gecə saat 03:00 radələrində hədəf alıb: “Silahlı şəxs senator Con Hoffmana və həyat yoldaşına da bir neçə dəfə atəş açıb və cütlük yaralı olaraq xəstəxanaya aparılıb. Hoffmanlar artıq əməliyyatdan çıxıblar və yaxşı görünürlər. Onların bu sui-qəsd cəhdindən sağ çıxacaqlarına ümid edirik".

Mətbuat konfransında çıxış edən polis rəsmiləri qatilin öz hərəkətlərini polis qiyafəsi geyinərək həyata keçirdiyini təsdiqləyib. Səlahiyyətlilər, hadisəyə müdaxilə etmək üçün gələn polis qrupları ilə qısa atışmadan sonra təcavüzkarın qaçmağı bacardığı barədə məlumat yayıblar.

Qatilin tapılması üçün genişmiqyaslı əməliyyata başlayıb və Federal Təhqiqat Bürosu (FTB) da yerli və əyalət hüquq-mühafizə orqanlarına dəstək verir.

ABŞ prezidenti Donald Tramp hücumlarla bağlı məlumatlandırıldığını bildirib və ABŞ-da belə dəhşətli hücumlara dözülməyəcəyini bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”