23 iyun 2025 23:31
118

Ağciyər və ürək çatışmazlığına yol açan, insanı əlil edən xəstəlik haqqında nələri bilmək vacibdir?

Bu gün onurğa xəstəlikləri geniş yayılıb.

Sahə üzrə mütəxəssislərin sözlərinə görə, onurğada problem yaradan amillərin dəqiq müəyyənləşdirilməsi və peşəkar müalicəsi vacibdir. Əks təqdirdə, xəstəlik nəinki əmək qabiliyyətinin itirilməsinə, hətta əlilliyə gətirib çıxara bilər. “İki sahil” mövzunun aktuallığnı nəzərə alaraq suallarını uzun illərdir bu sahədə çalışan vertebroloq-həkim, akademik İradə Hacıyevaya ünvanlayıb.

Dosye: İradə Hacıyeva 1985-ci ildə Azərbaycan Tibb İnstitutunu qırmızı diplomla bitirib. Bakıda fəaliyyət göstərən 6 saylı xəstəxanada internatura keçdikdən sonra onu Anatomiya kafedrasında müəllim kimi saxlamaq istəyirlər. Lakin o, həkim kimi fəaliyyət göstərməyi seçir və təyinatla Şəmkir rayonunun Çaparlı kəndində pediatr kimi  işə başlayır. Daha sonra 10 il Gəncədə fəaliyyət göstərir.

- İradə xanım, necə oldu ki, onurğa xəstəliklərinin müalicəsi ilə məşğul olmağa başladınız?

- İllər əvvəl anamın osteoporoz xəstəliyindən üç fəqərəsi birdən-birə sındı. Bu hadisədən sonra bu xəstəliyi araşdırmağa qərar verdim. Xəstəlik sümük əriməsi kimi adlanır. Vaxtilə buna sadəcə qocalıq simptomu kimi baxırdılar. Xəstəlik kimi müalicə üsulları belə yox idi.

Azərbaycan Tibb İnstitutunda vertebroloq ixtisası mövcud deyil. Xəstəliyi dünyada necə müalicə etdiklərini öyrənmək üçün müxtəlif ölkələrə getdim, konfranslara qatıldım. İngiltərədə ixtisasa yiyələndim.

Sonradan “Vertebra” Onurğa Tibb Mərkəzini ixtisaslaşmış klinika kimi yaratdım və məhz anamın əziz xatirəsinə ithaf etdim. Mərkəz osteoporozun müalicəsi və profilaktikası məqsədilə yaradıldı.

- Osteoporozun müalicəsi hansı formada aparılmalıdır?

- Xəstəliyin müalicəsi endokrinoloq həkimlərlə paralel aparılmalıdır. Biz hər zaman elə düşünürük ki, endokrinoloqlar yalnız tiroid vəzi (zob) və diabet xəstəliyini müalicə edirlər. Dünya təcrübəsini öyrəndikdən sonra osteoporozun fizioloji qocalma olmadığını, ümumiyyətlə, dünyada ona fizioloji qocalma kimi baxılmadığını gördüm.  Xəstəliklə bağlı təyinatı  endekrinoloq verməlidir. Biz isə reabilitasiya etməliyik. Ağrıları azaltmalı, əzələ skeletini möhkəmləndirməliyik. İki sahə həkimi bir yerdə işləsək, sümük sınmasının qarşısını ala bilərik. Osteoporozu ostopeniya (daha əvvəlki mərhələ) səviyyəsinə qaytara bilərik. Biz bu cür işlədik və uğurlu nəticə  alındı.

- Fəaliyyətiniz çərçivəsində uşaqlara geniş yer verməyinizin səbəbi nədir? Uşaqlar arasında onurğa əyriliyi problemləri geniş yayılıbmı?

- Əvvəldən pediatr kimi çalışdığım üçün uşaqlarda nə qədər çox onurğa əyriliyi olduğunu müşahidə etdim.

Gördüm ki, insanlar  onurğa əyriliyi, yırtıq, qabarma, protruziya, sürüşmə problemləri ilə bağlı bir neçə dəfə əməliyyat keçirirlər və əmək qabiliyyətlərini erkən yaşda itirirlər. Elə buna görə də bütün diqqətimi onurğa əyriliyinin araşdırılmasına, onurğaya bağlı bütün patologiyalara yönəltdim. Problemləri hələ erkən yaşda aşkarlamaq və müalicə etmək üçün pediatrlığa döndüm.

Anadangəlmə-konjenital skolyoz var. 3 yaşa qədər, 3 yaşdan 10 yaşa qədər və 10-18 yaş arası(infantil, yuvanil, adolesan) skolyoz var.

Belə bir düşüncə var idi ki, 21 yaşında sümüklər bərkidiyi üçün onurğa əyrililiyini müalicə etmək olmur. Mən bu fikrin əleyhinə getdim. 138 nəfərin məlumatlarından ibarət 10 illlik statistika hazırladım. Onların hamısı 21-22 yaşdan sonra osteoporoz yaşına qədər olan insanların onurğa əyriliyi problemlərinin həlli ilə bağlı idi. Yana yıxılma, çiyin fərqi, çanaqda yaranan və s. problemləri həll etdim.

Statistikanı ABŞ-ın York Universitetinə  göndərdim və 3 ilə müdafiə edib oranın tibb üzrə fəlsəfə doktorluğunu aldım. 21 yaşından sonraya qalan onurğa əyriliyi probleminin müalicəsinin mümkünsüzlüyü ilə bağlı  dünyada olan fikri dəyişdim. Əgər kimdəsə onurğa əyriliyi problemi 21 yaşından sonraya qalıbsa, nəinki müalicə olunmalı, onlar ömürlərinin sonuna kimi müalicəni davam etdirməlidirlər. Qalıq qalırsa, üzərinə yırtıq, sürüşmə, travma gəlmə ehtimalı artır. Nəticədə, təkrar-təkrar əməliyyatlar və əmək qabiliyyətinin itirilməsi baş verir.

- Uşaqlar arasında ən çox hansı yaşda onurğa əyriliyi problemi yaranmağa başlayır?

- Ən çox keçid yaşlarda baş verir. Bu, qızlarda 11, oğlanlarda 12 yaşa  təsadüf edir. Bu yaşlardan  sonrakı 3 il ərzində onurğa əyilmələrinə daha çox təsadüf edirik. Onurğa ilə bağlı problemlər ana bətnində də yaranır. Hamilə qadın bilməlidir ki, bətnində olan körpənin hər iki qabırğası varmı, qabırğalar  bir-birinə bitişikdirmi və s. Bunları müayinələrlə bilmək olur. Uşaq 18 yaşa  bədən tarazlığı pozulmadan, dümdüz formada çatmalıdır. Yüngül asimmetriya-qabırğanın qabarması, gövdənin burulması, çiyində yaranan fərq, yan büküşün dərinləşməsi kimi əlamətlər gələcək skolyozdan xəbər verir.  

- Bəs daha çox hansı uşaqlar onurğa əyilməsinə meyillidir?

- Yastı, əyri ayaq problemi olanlar. Bud-çanaq  çıxığı,  əyriboyunluq, tez-tez qriplə xəstələnmək, əzələ zəifliyi, sinə batıqlığı, toyuq tini döşü kimi problemlər kimdə varsa, onlar onurğa əyilməsi probleminə namizədirlər. Onurğa əyilməsini gözləmədən həkimə müraciət olunmalıdır.

- Söhbətin əvvəlində dünyanın müxtəlif ölkələrində onurğa xəstəliklərinin müalicəsi ilə bağlı öyrəndiyinizi bildirdiniz. Bir az bu barədə məlumat verərdiniz.

- Osteoporoz, ostopeniya yaşına qədər, uşaq anadan olan gündən son günə qədər onurğa əyilmələri üzərində işlədim, araşdırdım. Dəfələrlə Almaniya, İsrail, Türkiyə, Fransa, Rusiya kimi ölkələrdə olmuşam. Elmi Şura keçirilib və mənim müəllif üsullarım Vatikanda olan dünya arxivinə yerləşdirilib.

Vatikan Bonniface akademiyasının, Avropa təbiət elmləri akademiyasının fəxri akademikiyəm.

İngiltərə, Oksford akademik ittifaqının fəxri professoru, Fransa komplementar tibb professoru, Rusiya federasiyasının alternativ təbabət professoru, ümumdünya səhiyyəsinin aparıcı mütəxəssisiyəm. Vertebrologiya sahəsində olan müəllif yeniliklərim Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınıb. İngiltərə Oksfordda "Müasir dövrün görkəmli tarixi şəxsiyyətləri və tibbin arxivi" kitabında tibb sahəsində müəllif yeniliklərim dərc edilib. Bir çox milli və beynəlxalq mükafatlarım var. Onurğa xəstəlikləri ilə bağlı yüzlərlə məqalə yazmışam. Bir sıra kitablar tərcümə etmişəm. Bunların hamısını insanları peşəkar səviyyədə müalicə edə bilmək üçün edirəm. 

Bədənlərini işinin peşəkarı olmayanlara etibar edib ağırlaşmış formada mənə müraciət edən insanlar olur. Ona görə də diqqətli olmaq vacibdir.

Əyilmələrdə 25 dərəcə korsetə, 45 dərəcə əməliyyata göstərişdir. 25 dərəcə görüntüdə o qədər də bilinmir. Bunu nə valideyn, nə məktəbdə müəllim hiss edə bilmir. 3 dərəcə ilə gəlib bizə çatır ki, 3-4 dərəcəyə də əlillik verilir. Bəzən insanlar  karset bağlamağa belə, səhlənkarlıq edirlər. Ya almır, yaxud alır, amma taxmırlar. Vəziyyət əməliyyatlıq olduqda isə həm madiyyat, həm qorxuya görə getmirlər. Nəticədə əyilmələr 75-80 dərəcəyə qədər çatır.

- Daha ciddi əyilmələrdə müalicə mümkün olurmu? Ümumiyyətlə, əyilmələr insanlarda hansı problemləri yaradır?

- Onurğanın çox əyilməsi daxili orqanlara fəsad verir. Yaddaş zəifləyir, insanda aqressiya yarım saatdan sonra peşmançılıq hissi, uzağı-yaxını görmə problemi, başda ağrı,  qulaqda küy, qolların zəifləməsi, ağçiyər, ürək çatışmazlığı, aşağı ətraf və qarın boşluğunda ağrılar yaranır.

- Son illər onurğa xəstəliklərinin artdığını deyə bilərikmi? Problemi yaradan səbəblər haqqında nələri qeyd edə bilərsiniz?

- Bizim müəllimimiz akademik Adilə Namazova idi. 1985-ci ildə o, bizə göstərmək üçün xəstə tapa bilmədi. Biz bu barədə kitabdan oxuduq. Amma indi bu xəstəlik həddindən artıq artıb. Çox oturmaq, hərəkətsizlik, kompüter arxasında çox oturmaq, ağır çanta, parta arxasında düzgün oturmamaq, dərs, daha sonra hazırlıq və s. Nəticədə əzələ tonusu zəifləyir. Vaxtilə biz Tovuz rayonunda uşaq internatında bir gündə 60 nəfər müayinə etdik. Bir nəfərdə skolyoz və kifoz tapmadım. Çünki uşaqlar bütün günü hərəkətdə olurdular. Yəni, problemi yaradan ilk növbədə hərəkətsizlikdir. Daha sonra qidalanmada olan fərqlilik. Eyni zamanda, radiasiya- telefon, kompüter və s. Bütün uşaqlarda əzələ zəifdir. Biz əzələ ilə işləyirik. Uşaqlar artıq kənddə də çox hərəkət etmirlər. Ona görə də uşaqlarda əzələ skeleti çox zəifdir. Ağır idman növü ziyandır.  4-cü sinif uşağını güləşə qoyurlar. Keçid dövründə ağır idman növü doğru deyil. Üzmək, basketbol, voleybol faydalıdır.

Ruslar 18 yaşa qədər uşağın bədən tarazlığı üçün çalışırlar. Biz isə adətən əyilmədən sonra başlayırıq. Anadan olandan uşağın bədən tarazlığına fikir verilməlidir. Bir balaca pozulan kimi mütəxəssisə müraciət olunmalıdır. Əlamətsiz inkişaf olur. 1-2-ci dərəcəyə  qədər aşkarlaya bilmirlər. Nadir hallarda valideynlər heç  bir əlamət görmədən müayinəyə gəlirlər. Onlar həssas olmalıdır. Bir çox xarici ölkələrdə körpə uşağa üzməyi öyrədirlər. Bədən tarazlığını normal saxlamaq üçün ən yaxşı üsul körpə yaşda üzgüçülükdür.

-Müalicə üsullarınız haqqında nə deyə bilərsiniz? Azərbaycan Tibb Universitetində bu ixtisas mövcud deyil. Kadrların yetişdirilməsində fəaliyyətiniz varmı?

-Müalicələri  alman mütəxəssisi Katarina Schroth tərəfindən hazırlanmış Schroth üsulu və öz müəllif üsullarımla edirəm. Skolyozda manual terapiyanın tərəfdarı deyiləm. Ancaq əzələ ilə işləyib onurğanı normal hala gətirməyin tərəfdarıyam.  Nəticələrə gəldikdə, elə adam var 6, eləsi var 12 günə nəticə almaq olur.  Protokol belədir ki, 1-ci kurs patologiyanı dayandırmaqdır. Bir ay fasilə, ikinci müalicə kursu və bir ay fasilədən sonra 3-cü kurs və davamında aldığın nəticəni möhkəmlətmək. 3 il 6 aydan bir saxlayıcı dövr hesab olnur. Xəstələr buna bəzən əməl etmirlər. Ona görə işimiz çətinləşir. Onlar deyilən qaydalara əməl edəndə çox yaxşı nəticələr əldə edə bilirik.

Kadrlara da Schroth terapiyanın öyrədilməsinə şərait yaradıram. Almaniyadan beynəlxalq mütəxəssislər dəvət edirəm, burada təlimlər keçiririk. Onlardan sertifikat almaq o qədər asan deyil.  İngilis dilini də bilməlisən. Hazırda  4 nəfər əməkdaşımız o sertifikatı rəsmi şəkildə alıb.  Noyabrda da növbəti təlimlərimiz olacaq. 

-Maraqlı müsahibə üçün təşəkkür edirik.

Aygün İbrahimli