27 iyun 2025 19:44
139

İstanbulda Qlobal Nəqliyyat Dəhlizləri Forumu keçirilir

Bu gündən İstanbulda Qlobal Nəqliyyat Dəhlizləri Forumu işə başlayıb. Tədbirdə dünyanın təxminən 70 ölkəsindən nümayəndə iştirak edir.

“İki sahil” xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutan açılış mərasimində çıxış edən nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkəsinin dəniz yollarındakı nəqliyyat dəhlizlərində yaranan qeyri-müəyyənliklərə qarşı strateji alternativ təqdim etdiyini vurğulayıb.

O, İran və İsrail arasında baş verən son hadisələrin qlobal logistika marşrutlarının şaxələndirilməsinin əhəmiyyətini bir daha gündəmə gətirdiyini ifadə edib. Türkiyənin Şərq-Qərb ticarətindəki logistika mərkəzi rolunu dəyərləndirən nazir, mövcud layihələrin təqdim etdiyi alternativlərdən danışaraq bu forumun qlobal nəqliyyat siyasətlərinin gələcəyinə işıq tutacağına inamını ifadə edib.

Uraloğlu, Türkiyənin geostrateji üstünlükləri barədə məlumat verib, forum çərçivəsində sərhədlərarası koordinasiya, rəqəmsallaşma, infrastruktur sərmayələri və tranzit daşımaları prosedurlarının uyğunlaşdırılması kimi mövzuların müzakirə ediləcəyini söyləyib.

Nazir bildirib ki, Türkiyə Çindən çıxan yükün Avropaya dəmir yolu ilə fasiləsiz çatdırılmasını təmin etdiyi üçün çox önəmli bir mövqeyə gəlib. Belə ki, 21 ölkəni birbaşa bir-birinə bağlayan bu dəhliz qlobal ticarətin onurğasına çevrilir: “Orta Dəhliz, dəniz yoluna nisbətən iki dəfə daha sürətli, hava yoluna görə isə təxminən 4 dəfə daha sərfəli bir alternativ olaraq ön plana çıxır. Bu dəhliz illik 75 milyard dollarlıq potensial ticarət həcmini dəmir yolu ilə daşımağa imkan verir”.

Uraloğlu Türkiyənin dəmir yolu nəqliyyatındakı potensialını artırdığını qeyd edib.

Çıxışında qlobal iqtisadiyyatda insan və mal çatdırılmasını təmin edən logistika xətlərinin əhəmiyyətinin hər keçən gün daha da artdığını qeyd edən Prezident Ərdoğan bölgədə son dövrlərdə baş verən gərginliklər və qeyri-müəyyənliklərin yeni və etibarlı nəqliyyat marşrutlarının dəyərini bir daha göstərdiyini vurğulayıb.

Prezident Ərdoğan, Türkiyənin coğrafi mövqeyinin əhəmiyyətinə diqqət çəkərək deyib :“Hazırda yalnız 4 saatlıq uçuş məsafəsi ilə 67 ölkəyə və təxminən 1,5 milyard insana birbaşa çıxış imkanı olan bir ölkənin qonağısınız. İqtisadi baxımdan ümumi daxili məhsulu 51 trilyon dolları aşan bir coğrafiyanın tam mərkəzində yer alırsınız.”

Prezident Ərdoğan son 22 ildə Türkiyənin quru, hava və dəniz yolları, eləcə də rabitə və enerji xətlərinə təxminən 300 milyard dollar sərmayə qoyulduğunu bildirərək deyib: “Bu sərmayənin 177 milyard dolları avtomobil, 64 milyard dolları dəmir, 25 milyard dolları hava yollarına, 4 milyard dolları dənizçiliyə, 25 milyard dolları isə rabitə infrastrukturuna xərclənib. Sərmayələrin istehsala təsiri isə 1 trilyon 65 milyard dollara bərabərdir. Nəqliyyat sərmayələrimizin sayəsində məşğulluqda da ciddi artımlar əldə etdik. Sənayedən ixraca, turizmdən logistika xidmətlərinə qədər bir çox sektor bu sərmayələrdən müsbət təsirləndi. Nəqliyyat sərmayələri demək olar ki, iqtisadiyyatımızın təkanverici qüvvəsinə çevrildi”.

Orta dəhlizin əhəmiyyətinə toxunan Ərdoğan əlavə edib: “Orta Dəhlizin onurğasını təşkil edən Bakı–Tbilisi–Qars dəmir yolu xəttini də istifadəyə verdik. Bu möhtəşəm layihənin daha da inkişaf etdirilməsini həm ikitərəfli formatda, həm də Türk Dövlətləri Təşkilatı kimi platformalarda müzakirə etməyə davam edirik”.

Qeyd edək ki, forum iyunun 29-dək davam edəcək.