30 iyun 2025 11:11
116

“8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın çoxşaxəli enerji siyasətinin uğurudur

Bu günlərdə ölkənin energetika sahəsində daha bir əlamətdar tarix yazıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “8 Noyabr” Elektrik Stansiyasının açılışı oldu. Ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını bir daha göstərir.

Mingəçevirdə yerləşən “8 Noyabr” Elektrik Stansiyası yeni termik enerji layihəsidir. Bu stansiya ilə Mingəçevir Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın enerji mərkəzi statusunu daha da gücləndirir, ölkənin elektrik enerjisinə olan tələbatının təxminən 40 faizi buradan qarşılanır. Layihənin strateji əhəmiyyəti ondan ibarətdir ki, bu stansiya təkcə ölkənin daxili enerji tələbatının ödənilməsində deyil, həm də ixrac potensialının artırılmasında mühüm rol oynayacaq. 

Bu layihə Azərbaycan üçün strateji sərmayədir, həmçinin İtaliya və Çin şirkətlərinin bu layihəyə cəlb edilməsi beynəlxalq əməkdaşlığın göstəricisidir. Bu əməkdaşlıq həm də diplomatik və iqtisadi baxımdan əhəmiyyətlidir. Azərbaycan ilə İtaliya arasında neft-qaz və enerji sahəsində dərin əməkdaşlıq münasibətləri mövcuddur. Çinlə isə yeni mərhələdə xüsusilə bərpaolunan enerji və texnoloji təchizat sahəsində genişmiqyaslı layihələrə start verilib. “8 Noyabr” Stansiyası bu iki ölkə ilə strateji tərəfdaşlığın konkret nəticəsi kimi çıxış edir və Azərbaycanın çoxşaxəli enerji siyasətinin uğurudur.

1880 meqavat gücündə “8 Noyabr” Elektrik Stansiyasının cəmi iki il ərzində istifadəyə verilməsi yalnız mühəndislik baxımından deyil, layihə idarəçiliyi və resursların səmərəli təşkili baxımından da rekord göstəricidir. Belə böyük həcmdə generasiya gücünün bu qədər qısa müddətdə istismara verilməsi dünya miqyasında nadir hallarda rast gəlinən əlamətdar hadisədir. Stansiyaya “8 Noyabr” adının verilməsi təsadüfi deyil. Bu, Azərbaycanın şanlı Zəfər tarixinin – 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsinin simvoludur. Prezidentin şəxsi seçimi ilə verilmiş bu ad enerji infrastrukturunu təkcə iqtisadi resurs deyil, milli rəmzə çevirir. Bu, həm də gələcək nəsillərə ötürüləcək ideoloji və tarixi mesajdır.

Bütün bunlar isə Azərbaycanın energe­tika sisteminin inkişafında yeni bir mərhələ­nin başlandığını göstərir. Bu mərhələdə əsas diqqət ölkəmizin energetika sisteminin gələ­cək fəaliyyətinə yönəldilir. Eyni zamanda, bu gün istifadəyə verilən energetika obyektləri Azərbaycanın enerji potensialını böyük dərə­cədə gücləndirir.

Anar Məmmədov,

Milli Məclisin deputatı