30 iyun 2025 17:30
136

Çoxvektorlu enerji diplomatiyası: etibarlı strateji tərəfdaşlıq əlaqələri milli maraqların qorunmasına hədəflənib

Azərbaycanın enerji təhlükəsizliyi sahəsində strateji kursu ölkənin davamlı inkişafı və milli təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. İyunun 24-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyası enerji potensialını möhkəmləndirən bir layihə kimi tarixə düşüb.

“8 Noyabr” Elektrik Stansiyasının qısa müddətdə - cəmi iki il ərzində istifadəyə verilməsi Azərbaycan energetiklərinin yüksək peşəkarlığı, təşkilati bacarıqları və müasir texnologiyaların uğurlu tətbiqinin göstəricisidir. Layihənin icrasında İtaliya və Çin kimi strateji tərəfdaşların iştirakı beynəlxalq əməkdaşlıq və qarşılıqlı etimadın güclənməsinə də şərait yaradır. Həmin stansiyanın yaradılması ölkəmizin texnoloji inkişafını sürətləndirərək, enerji sektorunda dayanıqlı inkişafa zəmin yaradır və dövlətimizin regionda lider mövqeyini möhkəmləndirir. Açılış mərasimində çıxış edən dövlətimizin başçısı bildirib ki, bu gün ölkəmizin energetika sahəsində əlamətdar bir gündür: “8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir. Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir”.

Azərbaycanın enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. “8 Noyabr” Elektrik Stansiyası ölkəmizin enerji ehtiyatlarını artırmaqla yanaşı, enerji təminatının fasiləsizliyini və dayanıqlılığını təmin edir. Bu stansiyanın mövcudluğu və funksionallığı ölkəmizin enerji sisteminin müdafiəsi baxımından xüsusi əhəmiyyət daşıyır.

“8 Noyabr” stansiyası yüksək effektivliyi sayəsində enerji istehsalında təbii qaz sərfiyyatını minimuma endirir. Bu faktor ölkəmizin ekoloji siyasətinə uyğun olaraq karbon emissiyalarını azaltmağa imkan verir və Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən ekoloji dayanıqlılıq hədəflərinə uyğun gəlir. 2030-cu ilə qədər qarşıya qoyulan 6500 meqavatlıq yaşıl enerji hədəfi çərçivəsində bu kimi müasir texnologiyalı stansiyalar önəmli rol oynayır. Təbii qazın ixracı və bərpaolunan enerji layihələrinə daha çox yer ayrılması ilə “8 Noyabr” enerji balansının çevikliyini və davamlılığını təmin edir. Bu stansiyanın tətbiq etdiyi qabaqcıl texnologiyalar və ekoloji standartlar dövlətimizi qlobal enerji sektorunda rəqabətqabiliyyətli mövqeyə gətirir.

 “8 Noyabr” stansiyası beynəlxalq enerji əməkdaşlığının genişlənməsinə xidmət edir və ölkəmizin enerji ixracında yeni imkanlar yaradır. Bu stansiya, həmçinin regional enerji müstəqilliyi və sabitliyin təmin olunmasında dövlətimizin mövqeyini gücləndirir. Azərbaycanın enerji diplomatiyası və investisiya siyasəti ilə uzlaşan bu layihə ölkəmizin beynəlxalq əlaqələrində enerji təhlükəsizliyi sahəsində möhkəm dayaqların yaradılmasına töhfə verəcək. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün dünyada, xüsusilə Avropa məkanında və digər bölgələrdə enerji xətlərinin təhlükə altında olmasının nə qədər böyük fəsadlara gətirib çıxardığını hər kəs öz gözləri ilə görə bilər: “Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır”.

“8 Noyabr” Elektrik Stansiyası perspektivdə ölkəmizin enerji sahəsində daha da güclənməsi, dayanıqlı inkişafı və qlobal arenada nüfuzunun yüksəlməsi üçün əhəmiyyətlidir. Eyni zamanda, bu layihə Azərbaycanın innovasiya potensialını artıraraq enerji sektorunda yeni iş yerlərinin yaradılmasına və iqtisadiyyatın diversifikasiyasına təkan verir.

Həmin stansiyanın adı dövlətimizin 44 günlük Vətən müharibəsində tarixi qələbəsini təcəssüm etdirir və ölkəmizin gələcək inkişaf strategiyasına istiqamət verir. Prezident İlham Əliyevin şəxsən seçdiyi bu ad stansiyanın həm texnoloji səviyyəsini, həm də milli əhəmiyyətini vurğulayır. Bu amil Azərbaycan xalqının birliyi, iradəsi və mübarizə əzminin təcəssümü olmaqla yanaşı, müasir dövrün çağırışlarına cavab verən güclü enerji infrastrukturunun yaradılması yolunda mühüm addımdır.

Nəticə olaraq “8 Noyabr” Elektrik Stansiyası milli maraqlara xidmət edən bir layihə kimi Azərbaycanın müasir və güclü dövlət imicinin bariz nümunəsidir. Azərbaycanın enerji strategiyasının hədəfi dövlətimizin mənafelərini qorumaq və dünya arenasında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməkdir.

Nurlan Həsənov,
​Milli Məclisin deputatı