Azərbaycanla Özbəkistan arasındakı diplomatik münasibətlərin 30-cu ildönümündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu təsdiq edir. Sözügedən səfər təkcə siyasi və diplomatik əhəmiyyət daşımır, eyni zamanda, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi baxımından ciddi irəliləyişlərə imkan yaradır. Azərbaycanla Özbəkistan arasında uzunmüddətli Azad Ticarət Sazişi və MDB çərçivəsində çoxtərəfli azad ticarət rejimindəki fəal iştirak bu iki ölkənin güclü və ardıcıl artan iqtisadi münasibətlərinin əsasını təşkil edir. 2024-cü ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 252 milyon ABŞ dollarını ötərək əvvəlki illə müqayisədə 41 faiz artıb. Azərbaycan Özbəkistana 211,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib (60,8 faiz artım), Özbəkistandan isə 40,3 milyon ABŞ dolları dəyərində idxal həyata keçirib.
Qeyd edək ki, son beş ildə Özbəkistanın Azərbaycana ixracı əhəmiyyətli dərəcədə artaraq 2018-ci ildəki 32 milyon ABŞ dollarından 2023-cü ildə 147 milyon dollara çatıb ki, bu da illik orta hesabla 35,6 faiz artım deməkdir. Eyni dövrdə Azərbaycanın Özbəkistana ixracı 9,7 milyon dollardan 100 milyon dollara yüksələrək illik orta hesabla 59,5 faiz artım nümayiş etdirib. İqtisadi əməkdaşlığın dərinləşməsi təkcə ticarət artımı ilə məhdudlaşmır – bu prosesə Azərbaycan–Özbəkistan İnvestisiya Fondu kimi birgə investisiya mexanizmləri, avtomobil istehsalı, enerji və aqrosənaye klasterləri üzrə birgə layihələr də əlavə olunur. Bu istiqamətlər üzrə inkişaf iki ölkə arasında çoxşaxəli iqtisadi inteqrasiyanın möhkəmləndiyini göstərir. 2024-cü ildə 13.965 nəfər Azərbaycan vətəndaşı Özbəkistana səfər edib, 46.391 nəfər Özbəkistan vətəndaşı isə Azərbaycana gəlib ki, bu da xalqlararası əlaqələrin və ikitərəfli münasibətlərin güclənməsini əks etdirir. 2025-ci ilin yalnız birinci rübündə 3.095 azərbaycanlı Özbəkistana, 9.222 özbək isə Azərbaycana səfər edib. Bu, həm də xalqlar arasındakı isti münasibətlərin nümunəsidir.
İki ölkə arasındakı ticarət dövriyyəsi ilə bağlı qarşıya qoyulan 1 milyard dollarlıq hədəf əlaqələrin davamlı inkişaf etdiyini göstərir. Bu məqsədlə imzalanan 2024–2025-ci illəri əhatə edən Praktiki Fəaliyyət Planı qarşılıqlı iqtisadi fəaliyyətin konkret sahələr üzrə genişləndirilməsinə yönəlib. Eyni zamanda, Ali Dövlətlərarası Şuranın təsisi və strateji tərəfdaşlıq üzrə yol xəritələri münasibətlərin siyasi-hüquqi çərçivəsini gücləndirərək onları davamlı edir.
Bu dost və qardaş ölkənin Füzuli rayonunda məktəb tikintisinə verdiyi dəstək bu əməkdaşlığın yalnız iqtisadi deyil, həm də humanitar və simvolik məzmun daşıdığını göstərir. Yəni, Qarabağın yenidən qurulmasında regional həmrəyliyi əks etdirir. Azərbaycan və Özbəkistanın TDT, MDB və BRICS+ kimi platformalarda artan koordinasiyası isə onların regional və qlobal miqyasda ortaq iqtisadi və siyasi gündəmlər formalaşdırmaq niyyətini təsdiqləyir.
Mərkəzi Asiyanın qüdrətli ölkəsindən olan Özbəkistanın iqtisadiyyatı 2024-cü ildə güclü və çoxşaxəli artım tempini qoruyaraq ÜDM həcmini 115 milyard ABŞ dollarına çatdırıb. Bu isə əvvəlki illə müqayisədə 6,8 faiz artım deməkdir. İnvestisiya faliyyətində də nəzərəçarpan canlanma müşahidə olunub: əsas kapitala yönələn investisiyalar 27,6 faiz artaraq 39 milyard ABŞ dollarına çatıb ki, bu da ölkədə infrastruktur və sənaye sahələrində güclü inkişafın davam etdiyini göstərir. Xarici birbaşa investisiyaların ümumi həcmi 11,9 milyard ABŞ dollarına çatıb və bu məbləğin 2,3 milyard dolları Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərdən daxil olub. Bu tendensiyalar Özbəkistanın xarici investorlar üçün cəlbediciliyinin artdığını, regional əməkdaşlığın isə real iqtisadi nəticələr verdiyini nümayiş etdirir.
Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri