04 iyul 2025 01:17
197

Rusiya-Azərbaycan münasibətlərinin kimlər pozur?

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü nümayəndəsi Mariya Zaxarova Rusiya ilə Azərbaycan arasında münasibətlərin pozulmasına “çalışanlara” xəbərdarlıq edib.  Onun sözlərinə görə, iki xalq arasında dostluq münasibətləri olduqca əhəmiyyətlidir və bu münasibətləri zədələmək istəyənlər atdıqları addımların nəticələri barədə ciddi düşünməlidirlər.

Adam qalır mat-məəttəl. Görəsən o, bunları kimə deyir, kimlərə xəbərdarlıq edir? Dostluq münasibətlərindən dəm vuran Zaxarova rəsmi Kremlin Azərbaycana təzyiqlərində, ərazisində yaşayan azərbaycanlılara qanlı divan tutulmasında günahı kimdə görür? Altı ay əvvəl sərnişin təyyarəmizi Rusiya səmasında kim vurmuşdu? Bir neçə gün əvvəl Yekaterindurqda azərbaycanlıların evlərinə silahlı basqını kim törətmişdi? Basqınçılar həbs edilib cəzalandırılıblarmı? Suallar çox, cavabı yoxdur. Bu azmış kimi Moskvada səfirimizi çağırıb ona xox gəliblər. “İki xalqın arasında münasibətlərin pozulmasında” günahkar kimdir? Zaxarova bu suala aydınlıq gətirmir, müəmma kimi saxlayır. Bəlkə pozucular Rusiya ərazisində qeybdən peyda olublar? Bu xanım diplomat sanki Aydan Yerə bu gün düşüb, heç nə görməyib, heç nə eşitməyib. Ancaq elə deyil, hər şeyi hamıdan yaxşı bilir. Amma bildikləri əsl həqiqətləri gizlədir, ona diktə olunanları deyir: “Bu vəziyyətdən istifadə edərək əlini qızdırmaq istəyənlər az deyil. Amma qoy yaddan çıxarmasınlar ki, yandıra da bilərlər. Çünki bizim üçün, düşünürəm ki, hər iki xalq üçün dostluq münasibətləri həqiqətən də son dərəcə vacibdir. Onları pozmaq istəyənlər nə etdiklərini yaxşıca düşünməlidirlər”, – deyə Zaxarova bildirib.

O, həmçinin əlavə edib ki, bu cür cəhdlərin qarşısında ehtiyatlı olmaq lazımdır və münasibətlərin qorunması hər iki tərəf üçün strateji əhəmiyyət daşıyır.

Münasibətlərin qorunması belə vacibdirsə, onda Rusiya niyə ona əməl etmir? Altı ay əvvəl səmasında vurulan sərnişin təyyarəsində həlak olanlara görə hələ də üzr istənilməməsi, ziyana görə kompensasiya ödənilməməsi, həqiqəti əks etdirən faktları yaxın buraxmaması və açıq-aşkar zorbalıq göstərilməsi münasibətlərin ciddi şəkildə pozulması deyildimi? Bəyəm müttəfiqlik belə olur, yoxsa buna əməl etmək təkcə bizim borcumuzdur? Deyəsən, Rusiyada borcu qar üstünə yazırlar.

Mariya Zaxarova iki xalqın adından danışır. Amma bilərəkdən yaddan çıxarır ki, Rusiya Azərbaycana ayaq açdığı iki yüz ildə xalqımızın başına hansı oyunları, müsibətləri, soyqırımları, ərazi itkisini gətirib. İndi müttəfiqlik pərdəsinə bürünmüş bu ölkənin başbilənləri vaxtilə ərazimizdə Ermənistan adlı dövlət quraşdıraraq onu Azərbaycana qarşı qoyublar. Lazım gələndə ağılsız erməniləri üstümüzə qısqırdır, onlardan təsir vasitəsi kimi istifadə edirlər. Münasibətləri gərgin vəziyyətdə saxlamaq kimə sərf edir? Əlbəttə, bizə yox, Rusiyaya.

Mariya Zaxarovanın sözləri o qədər də əhəmiyyətli deyil, O bir sözçüdür. Ancaq onun dedikləri dövlətin siyasəti ilə uyğun gəlirsə demək bu, dövlətin mövqeyidir. Əsas məsələ odur ki, keçmiş 14 İttifaq dövlətinin heç biri rəsmi Moskvanın yanında deyil və mümkün qədər ondan uzaq durmağa çalışır. Niyə? Bax bu sualı Kremldə cəmləşən şovinistlər qarşılarına qoyub dərindən düşünsələr münasibətlərin soyumasının cavabını tapacaqlar.

Vəli İlyasov, “İki sahil”