Özbəkistan sürətlə inkişaf edir, bütün sahələrdə genişmiqyaslı islahatlar həyata keçirir. Bütün bunlar Özbəkistan rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir. İyulun 2-də Prezident İlham Əliyev mətbuata bəyanatında Özbəkistan-Azərbaycan münasibətlərindən bəhs edərkən vurğuladı ki, Özbəkistanın beynəlxalq arenada imicinin ildən-ilə artmasına, iqtisadi potensialının güclənməsinə, sosial həyatın bir çox məsələsinin həll olunmasına şadıq. Bunların hamısı konkret proqramlarda da öz əksini tapır. Dost və qardaşlar olaraq, biz buna ürəkdən sevinirik.
Prezident İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, energetika, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə artıq konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi təbii olaraq qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. Bu isə ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin ruhuna və xarakterinə uyğundur. Həm Özbəkistan, həm də Azərbaycan öz ölkələrimizin iqtisadiyyatına fəal surətdə investisiya qoymaqla yanaşı, həm də artıq dost ölkələrə də sərmayələrlə çıxırlar. Özbəkistana investisiyalar ölkəmiz üçün prioritetdir. Çünki Özbəkistan bu gün investisiyalar üçün çox cəlbedici ölkədir.
Mətbuata bəyanatında Prezident İlham Əliyev nəqliyyat-logistika məsələlərində də diqqət çəkdi. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan və Özbəkistan bugünkü imkanları nəzərə alaraq, həmçinin gələcək layihələr baxımından Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq nəqliyyat-logistika sahəsini ətraflı nəzərdən keçirib. Hər iki ölkə infrastrukturun böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələri ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşıb. Çünki Orta Dəhliz layihəsi ya istismar, ya hazırlıq, ya da tikinti mərhələsində olan bir neçə qola malikdir. Təbii ki, Mərkəzi Asiya məkanında Orta Dəhlizin bütün şaxələndirilmiş marşrutları üzrə son nəticədə yükləri qəbul edəcək nəqliyyat infrastrukturu xeyli böyük həcmdə yük qəbul etməyə hazır olmalıdır.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri