Azərbaycanla Özbəkistan arasında münasibətlər həm tarixi, həm də müasir dövrdə dostluq, əməkdaşlıq və ortaq mədəni dəyərlər üzərində qurulmuşdur. Bu ölkələr ortaq türk köklərinə, İslam dininə və bənzər adət-ənənələrə malikdir. Hər iki xalq eyni mədəni və ədəbi irsdən bəhrələnir. Ölkələrimizdə Türksoy və Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində ortaq tədbirlər, mədəniyyət festivalları və humanitar layihələr həyata keçirilir.
Hər iki ölkə başçılarının arasında yüksək səviyyəli qarşılıqlı səfərlər və əməkdaşlıq sənədlərinin imzalanması dövlətlərimiz arasında münasibətləri daha da gücləndirir.
Son illər iki ölkə arasında ticarət dövriyyəsinin sürətlə artması, sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı və tekstil sahələrində əməkdaşlığın genişlənməsi, Azərbaycan və Özbəkistan arasında birgə ticarət evləri və biznes forumlarının təşkil olunması, həmçinin Transxəzər Nəqliyyat Dəhlizi (Orta Dəhliz) çərçivəsində logistika və nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi bu iki ölkənin strateji, müttəfiqlik və dostluq münasibətlərinin günü-gündən daha da güclənməsinin təzahürüdür.
Azərbaycanla Özbəkistan arasında yaradılmış Birgə İnvestisiya Fondu üçün hazırlanmış 10-dan artıq layihənin investisiya qərarlarının qəbulu barədə fikirlər müzakirə edilib. İlkin olaraq layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan İnvestisiya Fondunun nizamnamə kapitalının 500 milyon dollar olmasına baxmayaraq, ölkələrimiz bir çox biznes, iqtisadi və digər perspektivi olan sahələrin inkişafı nəticəsində həmin nizamnamə kapitalını daha da artırmaq niyyətindədirlər.
Son zamanlar kənd təsərrüfatı, pambıqçılıq və ipəkçiliklə bağlı layihələrin qurulması və bu sahələrə sərmayə qoyulmasını Özbəkistanın Azərbaycana verdiyi böyük dəstək kimi qiymətləndirmək olar.
Özbəkistan Mərkəzi Asiya ölkələri arasında xüsusilə seçilən və Azərbaycanın strateji tərəfdaşlıq etdiyi ölkələrdən biridir. Bu tərəfdaşlıqlar və münasibətlər bir çox aspektlərdə özünü göstərir. Hətta ölkələrimizin strateji tərəfdaşlığının möhkəmləndirilməsi istiqamətində bir çox sahələri əhatə edən 200-dən artıq mühüm sənədlər imzalanmış, layihələr razılaşdırılmışdır. Azərbaycanla Özbəkistan müttəfiqlik həm hökumətlər səviyyəsində, həm də xalqlar səviyyəsində inkişaf etdirilir.
Özbəkistan Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləmişdir. Hətta “2-ci Qarabağ” müharibəsindən sonra belə işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işlərində Azərbaycana öz dəstəyini göstərmiş Özbəkistan tərəfindən özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyan məktəb inşa edilmişdir.
Doğma Qarabağımız üçün təkcə bununla kifayətlənməyən Özbəkistan Respublikası, həmçinin Xankəndi şəhərində sənaye müəssisəsi olan tikiş fabriki də inşa etmişdir ki, hazırda həmin müəssisədə 200-dən artıq azərbaycanlı çalışır.
Azərbaycan onunla həm dostluq, həm müttəfiqlik, həm də strateji tərəfdaşlıq nümayiş etdirən Özbəkistan Respublikası ilə birgə fəaliyyətini hələ bundan sonra da uzun illər davam edirmək, ölkələrimizin inkişafı, xalqlarımızın rifahının yaxşılaşması naminə bu əlaqələrimizi və sıx bağlarımızı daha da gücləndirmək niyyətindədir.
Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı