05 iyul 2025 01:49
111

Xarici investisiyanın cəlb olunması üçün potensial  sahələr hansılardır?

Ölkə iqtisadiyyatının inkişafına ciddi şəkildə təkan verən amillərdən biri də şəffaf investisiya mühitinin yaradılması, eyni zamanda, rəqabət mühitinin sağlamlaşdırılmasıdır. Bu amildən səmərəli istifadə edən dövlətlər hazırda iqtisadi göstəricilərinə görə dünyanın ən inkişaf etmiş ölkələri sırasındadır.

Azərbaycan dövləti də son 20 ildə investisiya mühitinin sağlamlaşdırılması istiqamətində ciddi islahatlar aparmış, yeni texnologiyaları uğurla tətbiq etmişdir. Məhz bunun nəticəsidir ki, ötən dövrdə ölkə iqtisadiyyatına yüz milyardlarla manat sərmayə yatırılmışdır. Ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən «açıq qapı» siyasəti həyata keçirilir. Hazırda Azərbaycan hökuməti ölkədə iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirir.

Ölkəmizdə investisiya müşitinin  sağlamlaşdırılması üçün mükəmməl qanunvericilik bazası mövcuddur. Bu mühüm sahə  xüsusilə “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici investisiyaların qorunması haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunları və bir sıra normativ sənədlərlə tənzimlənir. Eyni zamanda, bu sahədə lisenziyaşma da opreativ və şəffaf aparılır. Xüsuilə Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında» 19 oktyabr 2015-ci il tarixli 650 nömrəli Fərmanına əsasən, 2015-ci ilin 2 noyabr tarixindən İqtisadiyyat Nazirliyi tərəfindən dövlət təhlükəsizliyi ilə bağlı hallar istisna olmaqla lisenziyaların “ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsi həyata keçirilir. Həmçinin lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilmişdir. Bundan başqa, indiyə kimi verilmiş qüvvədə olan müddətli lisenziyalar müddətsiz elan olunmuş, yeni verilən lisenziyalar isə müddətsiz müəyyən edilmiş, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə (regional televiziya və radio yayımı istisna olmaqla) azaldılmış, lisenziya verən dövlət orqanların sayı 23-dən 4-ə, lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə endirilmiş, lisenziya verilməsi üçün tələb olunan prosedurlar sadələşdirilmişdir.

Bu istiqamətdə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” da təsdiq edilmişdir. Həmin sənəd Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verir. Müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 2016-cı il 19 yanvar tarixində edilmiş dəyişikliklərə əsasən, investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq olaraq mənfəət və gəlirin 50 faizinin vergisini, müvafiq əmlakına görə əmlak vergisini və mülkiyyətində və ya istifadəsində olan torpaqlara görə torpaq vergisini, həmçinin onların idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular üzrə idxalda əlavə dəyər vergisini ödəməkdən 7 il müddətinə azad edilmişdir.

Bəs Azərbaycanda xarici investisiyanın cəlb olunması üçün potensial sahələr hansılardır? Bu sıraya ixrac yönümlü polimer materialların istehsalı, ixrac yönümlü qara metallurgiya məhsullarının istehsalı, əlvan metal və qırıntılarından yerli istehlak və ixrac yönümlü son məhsul istehsalı, parfumeriya məhsullarının istehsalı, poliüretan məhsullarının istehsalı, alternativ və bərpa olunan enerji mənbələrindən enerji istehsalında istifadə olunan müxtəlif növ avadanlıqların istehsalı, bərk məişət tullantılarının təkrar emalı müəssisələri, energetika avadanlıqlarının istehsalı, plastik qab istehsalı, kommunal təsərrüfat avadanlıqlarının istehsalı, dəmir yolu və metropolitendə istifadə olunan vaqon, lokomotiv, eskalatorlar üçün ehtiyat hissələrinin hazırlanması və təmiri müəssisələri, avtomobil nəqliyyat üçün ehtiyat hissələrinin hazırlanması və təmiri müəssisələri, inşaat materiallarının istehsalı, tibbi cihazlar və avadanlıqların istehsalı…

Bundan başqa, kənd təsərrüfatı məhsullarının uzunmüddətli saxlanılması məqsədilə regionlarda soyuducu kameralar, anbarlar, elevatorlar və s. ilə bağlı layihələr, kənd təsərrüfatı texnikası və ehtiyat hissələrinin, gübrələrin və bitki mühafizəsi vasitələrinin, baytarlıq preparatlarının istehsalı, un dəyirmanlarının tikintisi və s…. İKT istiqamətində isə bu  saahələrin investisiyalaşdırılması öndə gəlir. İKT məhsullarının istehsalı. rəqəmsal yayımverici və qəbuledici avadanlıqların istehsalı, kompüter texnologiyaları.

Turizm sahəsində isə ən münbit investisiya sahələri dağ idman növlərinin inkişaf etdlirmək, kurort-sanatoriya, turist-baza komplekslərini genişləndirmək, müalicəvi turizm istirahət mərkəzlərinin sayını artırmaq və regionlarda mehmanxanaların həcmini geinləndirməkdir. Bu, gələcəkdə investorlar üçün daha əlçatan və gəlirli sahələr hesab olunur.

Elçin Zaman, “İki sahil”