04 iyul 2025 18:48
121

Biz qardaş, dost və yaxın xalqlarıq

2025-ci il iyulun 2-də Azərbaycan Respublikasına  dövlət səfərinə gələn Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinin iştirakı ilə  Azərbaycan-Özbəkistan  Ali Dövlətlərarası Şuranın  ikinci iclası keçirilib. İclasddan sonra  Prezidentlər  mətbuata bəyanatla çıxış ediblər.

Azərbaycan Resoyblikasının Prezidenti İlham Əliyev  öz çıxışında bu günün Özbəkistan və Azərbaycan münasibətlərinin  tarixində  əlamətdar gün olduğunu qeyd edərək Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə həm ikitərəfli və həm də Dövlətlərarası Şuranın  iclası  çərçivəsində görüşlərdə ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərini  geniş spektrini müzakirə etdiklərini,  münasibıtlərimizin  strateji, müttəfiqlik xarakter almasını bir daha təsdiq etdiklərini bildirdi. Bu da Azərbaycanla Özbəkistan arasında  tarixən  ortaq mədəniyyət, dil və etnik yaxınlığa əsaslanaraq formalaşan dostluq və qardaşlığın bu gün uğurla davam etdirilməsini sübut edir.  Prezidentimiz bu münasibətlərin bundan sonra da daha dərindən və əhatəli formada davam etdirilməsində  keçən il Daşkənddə Müttəfiqlik  münasibətləri haqqında   imzalanmış  Müqavilənin böyük rol oynadığını və bunun istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəd kimi qiymətləndirmişdir.

İlham Əliyev cənabları Şavkat Mirziyoyevi futbol üzrə Özbəklistan  yığmasının  dünya çempionatının  final mərhələsinə  çıxması münasibətilə  təbrik etdiyini və  Özbəkistan idmançılarının bu uğurunu və digər beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətləri  Prezidentin  və rəhbərliyin  gənclərin  təlim-tərbiyəsi və ölkənin inkişafı üzrə müdrik siyasətinin nəticəsi olduğunu bildirdi.

Hörmətli Prezidentimiz öz çıxışında ölkələrimiz arasında bir müddət əvvəl yaradılmış  birgə İnvestisiya Fondu haqqında  geniş məlumat verərmişdir. Qeyd edilmişdir ki, başlanğıc kimi İnvestisiya Fondunun  nizamnamə kapitalı 500 milyon dollar olsa da  bizim planlarımız  bu rəqəmi bir neçə dəfə üstələyir. Belə ki, energetika, mehmanxana biznesi,  tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə konkret perspektivi olan və razılaşdırılmış layihələrin,  imzalanmış  müqavilələrin birgə həyata keçirilməsi  investisiyaların  əhəmiyyətli dərəcədə  artmasına gətirib çıxaracaqdır. Eyni zamanda xüsusi olaraq qeyd edilir ki, Özbəkistan bizə dost və qardaş ölkə olduğuna görə, habelə Özbəkistan Prezidentinin  düşünülmüş islahatları nəticəsində  ölkədə  çox yaxşı investisiya mühiti yaradıldığından Özbəkistana investisiya qoymaq Azərbaycan üçün prioritetdir.

Prezidentin çıxışında qeyd edilir ki, hər iki ölkə şaxələndirilmiş nəqliyyat infrastrukturunun  yaradılmasına  əhəmiyyət verir və əməkdaşlıq edir. Bununla əlaqədar  biz Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə  şıxışı olan Mərkəzi Asdiya regionunda daha geniş və şaxələndirilmiş  nəqliyyat infrastrukturunun yaradılmasına  gətirib çıxaracaq  nəqliyyat-logistika  sahəsini   ətraflı müzakirə etdik.

Prezident İlham Əliyev özbəkistanlı dostlara  məsləhət yardımlarına və kənd təsərrüfatı, ilk növbədə  pambıqçılıq və ipəkçiliklə  bağlı layihələrə  sərmayə qoyduqlarına görə  minnətdarlığını bildirərək  həm Azərbaycanda və həm də Özbəkistanda kənd təsərrüfatı müəssisələrinin, o cümlədən  kənd təsərrüfatı məhsullarının  emalı müəssisələrinin  inkişafı üzrə iri layihələri də xüsusi müzakirə etdiklərini bildirdi. Dövlət başçısı 30 illik erməni işğalından azad edilmiş Qarabağın  bərpasına  öz təşəbbüsü ilə göstərdiyi köməyə görə  qardaş Özbəkistana xalqımızın minnətdarlığını ifadə edərək Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyevin dünyada ilk lider olduğunu  bildirdi. Məhz Qarabağ bögəsində ilk sosial infrastruktur olan Fizuli şəhərində 960 şagird yeri olan, özbək xalqının  böyük oğlu Mirzə Uluqbəyin adını daşıyan tam orta məktəbin tikilib istifadəyə verilməsi olmuşdur. Hörmətli Prezidentimiz özbək qardaşlarımızın sərmayələri və texnologiyaları  sayəsində Xankəndi şəhərində  200-dən çox insanın çalışdığı  tikiş fabrikinin   istifadəyə verilməsini də böyük minnətdarlıqla yad edərək   çox yüksək qiymətləndirmişdir. 

Prezident öz çıxışında Özbəkistan Respublikasının Prezidenti Şavkat Miromonoviçə  Özbəkistanın Azərbaycandakı səfirliyinin Bakının mərkəzində, böyük dövlətlərin səfirliklərinin yerləşdiyi ərazidə,  Heydər Əlirza oğlu tərəfindən 2001-ci ildə  ayrılan yerdə yeni binasını tikmək qərarına gəldiyi üçün  minnətdarlığını bildirərək binanın tam hazır olduğunu və  bu gün açılışını edəcəklərini bildirdi. İlham Əliyev cənabları Özbəkistan torpağının Azərbaycanda iknci  hissəsi olacaq  5 hektardan ibarət “Özbəkistan”parkının Bakı şəhərinin  mərkəzi hissəsində ən perspektivli , müasir urbanizm  layihəsi olan “Ağ şəhər”də bu gün   təməlinin qoyulacağını  və bunun  bizim qardaşlıq münasibətlərimizin  bir daha  təzahürü  olduğunu bildirdi.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev də  bəyanatla çıxış edərək qeyd etdi ki, biz qardaş, dost və yaxın xalqlarıq, Özbəkistan  Azərbaycanın  uğurlarına  həmişə ürəkdən sevinir və Azərbaycanda  həyata keçirilən  bir çox layihələri  öyrənir, təhlil edir və bu təcrübəni  mənimsəyirik.  Azərbaycanın əldə etdiyi bütün uğurlar  Azərbaycan Prezidenti,  dostum və qardaşım  İlham Heydər oğlunun  gündəlik  əməyinin  bəhrələridir. Biz keçən il İlham Heydər oğlunun səfərindən sonra  diplomatiya və  siyasətdə  ən böyük nailiyyət olan  Müttəfiqlik  münasibətləri haqqında  Müqavilə imzaladıq və razılaşdığımız bütün məsələləri icra edirik. Azərbaycanda həyata keçirdiyimiz layihələrin Azərbaycan standartlarına uyğun olmasına çalışırıq və bu gün açılışını edəcəyimiz səfirlik binasının tikintisində və Fizulidə istifadəyə verdiyimiz məktəb binasında istəyimizə nail olduq. Bu gün biz   həmişə olduğu kimi  bütün məsələləri – beynəlxalq, regional, ikitərəfli, həssas məsələri  müzakirə etdik. Çünki, bu günkü qeyri-sabit dünyada  məsləhətləşmək, fikir mübadiləsi aparmaqla Azərbaycan və Özbəkistan  xalqları üçün  vacib olan  məsələləri birlikdə həll etməliyik. Özbəkistan Prezidenti  ölkəsinin futbol komandasının uğuru münasibətilə  təbrikinə görə  İlham Heydər oğluna  təşəkkür edərək  Azərbaycanın mini futbol komandasının dünya çempionu olmasını yüksək qiymətləndirib  təbrik   etdi və bildirdi ki, biz qərara aldıq FİFA-ya müraciət edək ki, Azərbaycan və Özbəkistan  bu kateqoriyada  futbol üzrə  dünya çempionatını  birgə təşkil etsinlər. Prezident Şavkat Mirzoyeyev belə məzmunlu, dostcasına və qarşılıqlı  faydalı əməkdaşlığa  görə Azərbaycan Prezidentinə təşəkkür edərək  gələcək üçün yaxşı perspektivlərimiz  olacağına əminliyini bildirdi.   

Azərbaycan Respublikasının Prezidenti İlham Əlıiyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iyulun 2-də mətbuata  bəyanatında  dedikləri iki ölkə arasında dostluq və qardaşlığı əks etdirən müttəfiqliyin  bariz nümunəsinin necə olduğunu əyani surətdə göstərdi. Arzumuz budur ki, qonşularımız və digər dövlətlər Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında olan əsl dosluq və səmimiyyətə əsaslanan müttəfiqlikdən nümunə götürüb  ölkəmizlə öz münasibətlərini bu  formada qursunlar. Yalnız bu istiqamətdə qurulan münasibətlər ölkələrə və xalqlara  qarşılıqlı fayda və uğurlu nəticələr verə bilər.

Eldar İbrahimov,
​Azərbaycan-Özbəkistan parlamentlərarası işçi qrupunun rəhbəri,
Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin sədri, professor