07 iyul 2025 13:19
226

Xankəndidə Tarixi Zirvə: Prezident İlham Əliyevin İƏT Zirvəsindəki mesajları

2025-ci il iyulun 4-də Azərbaycanın Xankəndi şəhəri tarixi bir hadisəyə ev sahibliyi etdi – İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşü məhz bu şəhərdə keçirildi. Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasından sonra Xankəndidə ilk dəfə beynəlxalq səviyyəli sammitin təşkili ölkənin regionda artan nüfuzunu və siyasi iradəsini bir daha nümayiş etdirdi. Bu hadisə həm də beynəlxalq ictimaiyyətin regionun yeni reallıqlarını qəbul etdiyini göstərən mühüm göstərici kimi tarixə düşdü.

Prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışı həm regional əməkdaşlıq, həm də ölkənin daxili inkişaf prioritetləri baxımından mühüm məqamlarla yadda qaldı. Dövlət başçısı çıxışında İƏT-in iqtisadi inteqrasiyanın gücləndirilməsi, nəqliyyat-kommunikasiya bağlantılarının genişləndirilməsi və ticarət əlaqələrinin dərinləşdirilməsi sahəsindəki rolunu vurğuladı. Azərbaycan Prezidenti bu platformanın təkcə iqtisadi deyil, həm də siyasi baxımdan regional sabitlik və tərəfdaşlıq üçün əhəmiyyətli olduğunu diqqətə çatdırdı.

İlham Əliyev Xankəndinin bu cür mötəbər tədbirə ev sahibliyi etməsini simvolik hadisə kimi dəyərləndirdi. Onun sözlərinə görə, bu, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasının, dövlət quruculuğu prosesinin mühüm mərhələsinin təzahürüdür. Prezident qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və inkişaf prosesi təkcə daxili məsələ deyil, həm də regional əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bu baxımdan, Xankəndinin gələcəkdə də beynəlxalq tədbirlər üçün platformaya çevrilməsi istisna deyil.

Sammitdə çıxışı zamanı İlham Əliyev Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan bir sıra regional layihələrə də toxundu. O, Zəngəzur dəhlizi, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri kimi layihələrin təkcə Azərbaycan üçün deyil, bütün üzv dövlətlər üçün faydalı olacağını vurğuladı. Bu layihələrin həyata keçirilməsi regionda iqtisadi əlaqələrin intensivləşməsi, tranzit imkanlarının artması və ölkələr arasında qarşılıqlı asılılığın güclənməsi baxımından strateji əhəmiyyət daşıyır.

Prezidentin nitqi həmçinin post-münaqişə dövründə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumatla müşayiət olundu. Xankəndidə həyata keçirilən infrastruktur layihələri, şəhərin müasir texnologiyalar əsasında yenidən qurulması və bölgədəki iqtisadi potensial beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Prezident bildirdi ki, artıq Xankəndi və digər azad edilmiş şəhərlər təkcə Azərbaycanın deyil, bütün regionun sosial-iqtisadi inkişaf xəritəsində mühüm yer tutacaq.

İƏT-in 17-ci Zirvə görüşünün məhz Xankəndidə keçirilməsi, eyni zamanda üzv dövlətlərin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyinin göstəricisi oldu. Zirvə çərçivəsində qəbul edilən sənədlər və aparılan müzakirələr bir daha sübut etdi ki, təşkilat daxilində həmrəylik, qarşılıqlı hörmət və ortaq maraqlara əsaslanan əməkdaşlıq modeli mövcuddur. Prezident İlham Əliyevin çağırışları isə təşkilat daxilində daha sıx əməkdaşlıq, iqtisadi inteqrasiya və ortaq strateji maraqların qorunması baxımından mühüm yol xəritəsi kimi qiymətləndirilə bilər.

Beləliklə, Xankəndidə keçirilən İƏT Zirvə görüşü Azərbaycanın diplomatik, iqtisadi və siyasi uğurlarının növbəti təsdiqi olmaqla yanaşı, regionda sülh, inkişaf və tərəfdaşlıq üçün yeni mərhələnin başlanğıcını qoydu.

Arifə Abdullayeva,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi