07 iyul 2025 17:08
112

Xankəndi Zirvəsi: regionun təhlükəsiz gələcəyi üçün konstruktiv əməkdaşlıq platforması

İyulun 4-də Azərbaycanın Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü ölkəmiz üçün həm tarixi, həm də siyasi və iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışı dövlətimizin regiondakı liderliyini, beynəlxalq nüfuzunu və postmüharibə dövründə formalaşan yeni reallıqlar fonunda strateji xəttini bir daha nümayiş etdirdi.

Bu Zirvə görüşünün məhz Xankəndidə keçirilməsi strateji əhəmiyyətə malikdir. Xankəndi Azərbaycanın qədim şəhərlərindən biri olmaqla yanaşı, uzun illər işğal altında olmuşdur. İndi isə həmin şəhər beynəlxalq təşkilatların yüksək səviyyəli tədbirlərinə ev sahibliyi edir. Bu, həm ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğunu nümayiş etdirir, həm də beynəlxalq ictimaiyyətin artıq formalaşmış reallıqları qəbul etdiyini təsdiqləyir. Faktlar bir daha sübut edir ki, Azərbaycan təkcə hərbi-siyasi cəhətdən deyil, eyni zamanda diplomatik müstəvidə də ciddi nailiyyətlər əldə etmişdir. ECO kimi nüfuzlu regional təşkilatın rəhbər şəxslərinin və nümayəndələrinin Xankəndiyə səfəri ölkəmizin diplomatik səyləri, siyasi sabitliyi və artan nüfuzunun təzahürüdür.

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi bərpa və yenidənqurma işləri, eyni zamanda, regional inteqrasiyanın möhkəmlənməsinə, yeni iqtisadi və logistik əlaqələrin formalaşmasına zəmin yaradır. Azad edilmiş ərazilər artıq sabitlik, inkişaf və əməkdaşlıq məkanıdır. ECO üzv ölkələri üçün bu ərazilərdə yeni sərmayə və əməkdaşlıq imkanları yaranmaqdadır. Bu, həm regionun iqtisadi xəritəsinin yenidən tərtib olunması, həm də türk və müsəlman dünyasını birləşdirən əməkdaşlıq platformalarının genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır.

Qarabağda yaradılan “yaşıl enerji” zonası, “ağıllı şəhər” və “ağıllı kənd”, rəqəmsallaşma və nəqliyyat infrastrukturunun müasirləşdirilməsi layihələri, ekoloji baxımdan dayanıqlı iqtisadi modelin qurulması bu bölgəni bütövlükdə regionun inkişaf mərkəzinə çevirir. Zirvə görüşündə diqqət çəkilən əsas məqamlardan biri də ölkəmizin nəqliyyat və enerji sahəsində oynadığı aparıcı rolun önəminin vurğulanmasıdır. Prezident İlham Əliyev bu məsələyə toxunaraq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçdiyini və ECO-ya üzv ölkələrin əksəriyyətinin bu dəhlizlərdən istifadə etdiyini qeyd edib.

Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsi kimi mühüm təşəbbüslər ölkəmizin logistik mərkəzə çevrilməsinə səbəb olmuşdur. Bu infrastruktur vasitəsilə Azərbaycan həm tranzit ölkəsi kimi çıxış edir, həm də regionun enerji təhlükəsizliyinə, ticarət əlaqələrinin genişlənməsinə və iqtisadi sabitliyə töhfə verir. Xüsusilə qeyd edilməlidir ki, dövlətimizin neft və qaz ixracı üzrə həyata keçirdiyi layihələr Avropa və Asiya ölkələri üçün mühüm enerji təminatı mənbəyidir. Bu, Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş statusunu daha da gücləndirir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın təşəbbüskarı olduğu sülh gündəliyini xüsusi vurğulayıb. Regionda dayanıqlı sülh qarşılıqlı hörmət, ərazi bütövlüyünün tanınması və əməkdaşlığa əsaslanan yanaşmalarla mümkün ola bilər. Bu baxımdan Xankəndidə keçirilən Zirvə görüşü yalnız diplomatik hadisə deyil, həm də regionun gələcəyi üçün konstruktiv mesajdır. İnklüziv inkişaf, qarşılıqlı etimad və əməkdaşlıq çərçivəsində formalaşan yeni regional düzən Azərbaycanın uğurla reallaşdırdığı strateji xəttin məntiqi nəticəsidir. Ölkəmizin təşəbbüsləri bu gün artıq real layihələrə çevrilmişdir.

ECO-nun Xankəndidəki Zirvə görüşü Azərbaycanın diplomatik və strateji mövqeyinin möhkəmləndiyini təsdiq edir. Ölkəmizin siyasi sabitliyi, güclü iqtisadiyyatı, regionda təşəbbüskar və konsolidasiyaedici rolu onun lider statusunu daha da gücləndirir. Bu Zirvə görüşü həm də göstərdi ki, Azərbaycanla əməkdaşlıq sabitliyə, inkişafa və birgə rifaha aparan yoldur.

Nurlan Həsənov,
​Milli Məclisin deputatı