14 iyul 2025 10:05
98

Yaponiya xarici turistlərin sürücülük vəsiqələrini dəyişdirməsinə qadağa qoyub

Yaponiyanın Milli Polis Agentliyi xaricdə alınmış sürücülük vəsiqələrinin yapon lisenziyasına çevrilməsi sisteminə yenidən baxmağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, yenidən işlənmiş qaydalara əsasən, əcnəbi turistlərə və digər qısamüddətli ziyarətçilərə sahib olduqları sürücülük vəsiqələrinin Yaponiya vəsiqəsinə çevirməyə icazə verilməyəcək. Yaponiya parlamentinin deputatları hesab edirlər ki, daha asan formada imtahan verərək sürücülük vəsiqəsi alan və uzunmüddətli yaşayış qeydiyyatı olmayan əcnəbilər yol-nəqliyyat hadisəsi törətdikdə, hüquq-mühafizə orqanlarının məsələni araşdırmasında çətinliklər yaranır.

Qüvvədə olan qaydalara görə əcnəbi turistlər Yaponiyada avtomobil sürmək hüququnu əldə etmək üçün bilik və bacarıqlarını təsdiq edən sertifikat təqdim etməlidirlər. Keçən il təxminən 68 min əcnəbi Yaponiyada sürücülük vəsiqəsi alıb ki, bu, rekord göstərici olub. Oktyabrın 1-də qüvvəyə minməsi gözlənilən yeni qaydalara əsasən, Yaponiyada avtomobil idarə etmək istəyən xarici turistlərdən Yol Hərəkəti üzrə Cenevrə Konvensiyasına əsaslanan beynəlxalq sürücülük vəsiqəsi tələb olunacaq. Bundan başqa, əcnəbilər yol hərəkəti qaydaları üzrə biliklərin təsdiqi üçün imtahanda 50 sualın ən azı 90 faizinə düzgün cavab veriməlidirlər. Sürücülük vərdişlərini təsdiqləmək üçün praktiki imtahan ballarının verilməsi də sərtləşdiriləcək.