17 iyul 2025 02:50
139

Fransa neokolonializmi məhvə məhkumdur

Azərbaycanın qətiyyəti,  iradəsi Makronun müstəmləkəçilik siyasətini iflasa uğradır

Yeni texnologiyalar əsri adlandırılan, dünyanın hər yerində  inkişafın və tərəqqinin sürətləndiyi  iyirmi birinci yüzillikdə  ciddi narahatlıq doğuran  müstəmləkəçilik  hallarının davam etməsi  beynəlxalq hüquq normalarına, bəşəri dəyərlərə  zidd olduğu kimi insan hüquq və azadlıqlarının pozulmasının da iyrənc  formasıdır.
 Özünü demokratik dəyərlərə sadiq ölkə hesab edən , bəzi məqamlarda insan hüquqlarının müdafiəçisi kimi  görünməyə çalışan, Afrika və Asiya xalqlarını müstəmləkəsi altında saxlayaraq onları adi  hüquqlarından məhrum edən  Fransanın illərdən bəri davam etdirdiyi neokolonializm siyasəti milyonlarla insanı mərhumiyyətlərə duçar edib. Fransanın jandarma  siyasətinin qurbanı olan,  zorakılıqlara,  təhqirlərə, təhdidlərə məruz qalan  Afrika, Cənubi Şərqi Asiya və Sakit okeandakı ada  ölkələrinin azadfikirli ziyalıları öz hüquqları uğrunda mübarizə aparsalar da silah gücünə yatırılan  azadlıq çağırışları  nəticəsiz qalmışdır. Fransanın dənizaşırı əraziləri hesab edilən Korsika başda olmaqla digər  ölkələrin müstəqillik  arzuları Fransa jandarmalarının dəyənəkləri ilə susdurulmuşdur.

Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqları  ilk dəfə geniş şəkildə müdafiə edən tolerant Azərbaycan olub. Belə ki, 2023-cü ilin 5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən «Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli» mövzusuna həsr olunmuş nazirlərin görüşündə çıxış edən Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan neokolonializm meyillərinin artmasından olduqca narahatdır. Dövlət başçımızın  «Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri də Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir» sözləri ilə beynəlxalq ictimaiyyəti  hələ də müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlığı uğrunda mübarizələrinə dəstək verməyə çağırması  böyük razılıqla qarşılandı, dəstəkləndi. Fransanın əsarəti altında əsrlərdən bəri  zorakılığa məruz qalan xalqlara qarşı törədilən vəhşiliklər, cinayətlər dəlil- subutlarla dünya ictimaiyyətinə çatdırıldı.

 2023-cü ilin iyulunda Fransa Dəniz Aşırı Bölgələr Birliyinin əraziləri olan Martinik, Fransa Qvineyası, Yeni Kaledoniya və Fransa Polineziyasından olan  nümayəndələrin iştirakı ilə ölkəmizdə  keçirilən konfransda Bakı Təşəbbüs Qrupu (BTQ) yaradıldı. Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin təşkilatçılığı və BTQ-nin  dəstəyi,  Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda birinci Qurultay keçirildi.  Əsas  məqsəd Fransanın dənizaşırı ərazilərində davam etdirdiyi müstəmləkəçilik siyasətinin  acınacaqlı mənzərəsini  beynəlxalq ictimaiyyətə çatdırmaq idi. Bu məqsədlə yaradılan  vahid platformanın birlik və həmrəyliyi öz nəticəsini verdi. Başda Fransanın Prezidenti Emmanuel Makron olmaqla Yelisey Sarayının başbilənləri  xalqlara azadlıq  verilməsi təşəbbüsləri ilə çıxış edən  Azərbaycanı günahlandırdılar. Amma unutdular ki, Ermənistanı 30 ildə silahlandıran  Fransa  minlərlə  azərbaycanlının qətlə yetirlməsində bilavasitə iştirak etmişdir.  İkinci Qarabağ müharibəsindən sonra da   Ermənistanı silahlandıran Fransa hazırda   revanşistləri yeni müharibəyə həvəsləndirir, Cənubi Qafqazda neokolonialist siyasətini davam etdirmək istəyir.  

Fransanın Dənizaşırı Bölgələr Birliyinin inzibati ərazilərindən  olan Yeni Kaledoniyada 2024-cü ilin 13 may tarixindən etibarən başlamış etirazlar Makron hakimiyyətini silkələdi. Ötən ilin may ayında Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyinə qarşı etirazlarda çoxsaylı qətllər törədildi, xeyli sayda  etirazçı  saxlanıldı.  Fransa hakimiyyəti dəniz limanlarını və aeroportları qorumaq adı altında Yeni Kaledoniyaya ordu yeritdi. Sosial şəbəkələrin fəaliyyəti dayandırıldı.   Rəsmi Parisin təzyiq və hədələrinə baxmayaraq, yeni kaledoniyalılar müstəqillik uğrunda sona kimi mübarizə apardılar. Son nəticədə  Fransa daxilində xüsusi statusa malik Yeni Kaledoniya Dövlətinin yaradılması ilə bağlı razılıq əldə olundu. Bu status kaledoniyalılara ikili vətəndaşlıq — Fransa və Kaledoniya vətəndaşı olmaq imkanı verir və onların kimliyini tanımaqla yanaşı, Fransa ilə əlaqəni də saxlayır. Sənədə görə, digər ölkələr də Yeni Kaledoniya Dövlətini tanıya biləcək. Razılaşma yalnız institusional məsələlərlə məhdudlaşmır. O, eyni zamanda, iqtisadi və maliyyə islahatları paktını da əhatə edir. Bu pakt Yeni Kaledoniya iqtisadiyyatının əsas sütunlarından biri olan nikel sənayesi üçün strateji planı da özündə ehtiva edir. 2026-cı ilin fevralında Yeni Kaledoniyada keçiriləcək referendumda razılaşmanın  təsdiq olunması nəzərdə tutulur.

 Yəni, Bakı Təşəbbüs Qrupunun Fransanın neokolonialist siyasətinə qarşı apardığı mübarizə müsbət nəticəsini verir.  Azərbaycanın siyasi iradəsi Makronun müstəmləkəçilik siyasətini iflasa uğradır. Yeni Koledoniyadan sonra  Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən digər xalqlar da  azadlıqlarına qovuşacaqlar.

Fransada ölkədaxili vəziyyət də gərgindir. Ailə- məişət məcaraları ilə  gündəmdən düşməyən  Yelisey Sarayının sahibi Makron ölkəyə   nəzarəti də unudub.  Ölkə iqtisadiyyatı  böhran səviyyəsindədir. İslamofobiyanın gücləndiyi  ölkədə artan büdcə kəsiri ilə mübarizə üçün vergi artımları müəyyən edilir. Böyük şirkətlər və ildə yarım milyon avrodan çox qazanan insanlar üçün müvəqqəti əlavə vergi tətbiq ediləcəyi bildirilir.  Vəziyyətdən çıxış yolu kimi  2026-cı ildə büdcə kəsirini azaltmaq üçün varlı vətəndaşlardan alınan vergilərin həcminin  artırılması təşəbbüsü irəli sürülüb. Həmçinin Pasxa  bayramı kimi digər əlamətdar günlərin ləğvi ilə   xəzinəyə milyardlarla avro dəyərində gəlirin daxil olacağı  bildirilib. Pensiya artımlarını altı ay təxirə salmaq təklifinin irəli sürülməsi ilə ölkədə sosial  çətinliklər yaranacağı şübhəsizdir.  Bu ölkədə  vergi daxilolmaları da  proqnozlardan xeyli aşağı düşüb. Fransa Avropa İttifaqı tərəfdaşları tərəfindən təcili tədbirlər görmək üçün təzyiqlərə məruz qalır.  Vergi artımı 60 milyard avroluq büdcə ixtisarının üçdəbirini təşkil etsə də, bunun başqa hissəsi xərclərin azaldılması hesabına olacaq: 20 milyard avro nazirliklərə, qalanı isə sosial təminat, səhiyyə, pensiya və yerli büdcə xərclərinə ayrılacaq.

 Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) sağçı «Respublikaçılar» Partiyasının üzvü Olivye Marleksin intiharı ilə bağlı  infomasiyadan aydın görünür ki, Makron hakimiyyətindən narazılıq dövlət rəsmiləri arasında da mövcuddur.  54 yaşlı deputatın ödümü ilə bağlı  araşdırmalar aparılır.  Xatırladaq ki,  Makronun istəyinə uyğun idarə olunan Milli Assambleyanın antidemokratik  iş prinsipini  təsdiqləyən bu cur faktlar əvvələr də  müşahidə olunmuşdur.  İki azərbaycanlı tələbənin   ermənipərəst fransız əsilli deputat tərəfindən döyülməsi  faktına səssiz qalan Milli Assambleyada  müzakirə olunan  məsələlərlə bağlı fikir ayrılıqlarının  sonda üzvlər arasında  qalmaqalla , əlbəyaxa döyüşlə  bitməsi dəfələrlə  baş verən fransızsayaq  «demokratik» səhnələrdəndir.

Ölkəsindəki  bu cür siyasi, iqtisadi narazılıqları « görməyən» Makronun Ermənistan sevgisi  nədənsə  tükənmir.  Fransanın nüvə yanacağı nəhəngi  «Orano»” dövlət şirkətinin urantərkibli radioaktiv tullantılarının bir hissəsinin Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə yerləşdirilməsi Makronun  ölkəmizə  qarşı növbəti   ekoloji müharibə cəhdidir.  2025-ci ilin iyunundan  həyata keçirilən bu  ekoloji təxribat Azərbaycanda biomüxtəlifliyə ciddi təhlükədir. Parisdə Makronla Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə razılaşdırılma əsasında nüvə tullantılarının Ermənistanda seysmik cəhətdən aktiv bölgəyə yerləşdirilməsi təhlükənin miqyasını daha da böyüdür.18 Atom Elektrik Stansiyasında 56 nüvə reaktoruna malik Fransanın nüvə tullantılarını müstəmləkə regionlarındakı dənizlərə axıtmasının ardınca indi də Ermənistana daşıması bütün dünyanı, o cümlədən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi narahat etməlidir.

Göründüyü kimi,  siyasi, iqtisadi, sosial problemlərlə üz-üzə dayanan Fransada daxili  gərginlik  davam etməkdədir,   vətəndaşların sosial vəziyyəti ilə bağlı məsələlərin həlli arxa plandadır.   Yəni, Fransadan daha  çox Ermənistana diqqət göstərən  Makronun prezident kimi fransızlar arasında  nüfuzunun aşağı düşməsi  təbiidir.     

Xuraman İsmayılqızı, «İki sahil»