24 iyul 2025 21:27
184

Azərbaycan qlobal diplomatik xəritədə yeni status qazanır: Etibarlı, güvənilən vasitəçi

Azərbaycanın Yaxın Şərq münaqişəsinin həllində rolu artır

Ancaq bu gün Azərbaycan dünyada formalaşan müsbət imicinə və bu sahədə zəngin təcrübəsinə görə özünün ədalətli vasitəçi olacağına böyük inam yaradıb. Məhz bunun nəticəsidir ki, dünyanın müxtəlif regionlarında ölkəmizin dostlarının sayı artıb.

Azərbaycan artan beynəlxalq nüfuzu ilə regional təhlükəsizliyə və davamlı sülhə töhfə verir. Ölkəmiz beynəlxalq münasibətlər sistemində uğurlu vasitəçi, etibarlı tərəfdaş kimi tanınır. Bu isə Prezident İlham Əliyevin dünya siyasətində qazandığı böyük nüfuz, dövlətimizin həyata keçirdiyi uğurlu xarici siyasətin məntiqi nəticəsidir. Əslində, bir-biri ilə əməkdaşlığı dayandıran iki tərəfin Bakıda yenə görüşməsi həm də Azərbaycana verilən əhəmiyyət, onun tərəflərə münasibətinin göstəricisinin nəticəsidir. Müxtəlif səviyyələrdə qarşıdurma  şəraitində olan tərəflərin görüş, danışıqlar yeri kimi Bakını seçməsi ölkəmizə verilən əhəmiyyət, dövlətimizin qlobal siyasi arenada qazandığı nüfuzla bağlıdır. Artıq Azərbaycan beynəlxalq diplomatiyada artan rolu və özünəinamlı vasitəçi statusunu ortaya qoyub.

Vaxtilə NATO-Rusiya danışıqlarının məhz paytaxtımızada keçirilməsi bunun təsdiqidir. 7 oktyabr 2023-cü ildə İsrailin Qəzzaya hücumundan sonra Ankara və Tel-Əviv arasında münasibətlər arzuolunmaz səviyyədə pisləşmişdi.  Amma ölkəmizin həm Türkiyə ilə olan qardaşlıq, həm də İsraillə olan dostluq münasibətləri iki ölkə arasındakı böhranın müharibəyə gedib çıxmasına maneə oldu. Üstəlik Azərbaycanın səyləri nəticəsində iki ölkə arasında münasibətlər normala doğru dəyişdi. Bakıda Türkiyə və İsrail nümayəndələri danışıqlar üçün görüşlər keçirdilər.  Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirmişdi ki, Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq. Hər iki ölkənin Azərbaycanın yaxın dostu olduğunu diqqətə çatdıran dövlətimizin başçısı əlavə etmişdi: “Türkiyə ilə müttəfiq ölkəyik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik”. İsrailin də Azərbaycan üçün dost ölkə olduğunu vurğulayan Prezident deyib ki, bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib. Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir. Bu gün Azərbaycan artıq qlobal səviyyəli məsələlərin həllində fəal iştirakçıdır.

Xarici KİV-də yayılan məlumata görə, İsrail-Suriya münaqişəsi üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək. Səudiyyə Ərəbistanının nüfuzlu “Əl-Hadas” kanalının və “Əl-Ərəbiyyə”nin məlumatlarına əsasən, İsrail nümayəndə heyətinin Bakıya səfər etməsinin əsas məqsədi  Suriya tərəfi ilə razılaşmaları yekunlaşdırmaqdır.

Danışıqların paytaxtımızda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu, rəsmi Bakıya vasitəçi kimi etimad göstərilməsidir. Deməli, tərəflər Azərbaycanın qərəzsiz və ədalətli vasitəçi olacağına əvvəldən ümid bağlayıblar. Ziddiyyətlərlə dolu müasir zəmanədə belə yüksək etimad hər dövlətə göstərilmir.

 Danışıqların növbəti mərhələsinin Bakıda keçirilməsi diplomatik baxımdan bir sıra yeni meyilləri göstərir. İlk növbədə ABŞ-ın vasitəçiliyi və Türkiyənin dəstəyi ilə İsrail və Suriya arasında təhlükəsizlik sahəsində əlaqə kanallarının bərpa olunduğunu vurğulamaq lazımdır:

Danıșıqlarda  əsas məqsəd Əs-Süveydə ətrafındakı mübahisələrin həlli və demilitarizasiya zonası məsələsində razılaşmadır. İsrailin Suriyaya hücumları dayandırmaq öhdəliyini götürməsi danışıqlarda şərtli razılaşma modellərinin mümkünlüyünü göstərir. Vurğulamaq lazımdır ki, Türkiyə ilə Suriya arasında danışıqlar kürd, druz və ələvilərin statusu, həmçinin İsrailin bölgədəki rolu ətrafında cərəyan edir. Bütün bu proseslər fonunda isə Azərbaycanın bu prosesə ev sahibliyi etməsi təsadüfi deyil. Bakı son illərdə geosiyasi etibarlılığını artırıb, İsrail və Türkiyə ilə strateji tərəfdaşlıq, həmçinin İran və ərəb dünyası ilə balans siyasəti aparıb, eyni zamanda İkinci Qarabağ müharibəsindən sonra regionda sülhə töhfə vermə səyləri ilə beynəlxalq imicini gücləndirib. Bakı görüşləri demilitarizasiya zonası məsələlərində daha çevik, etibarlı və “şərtlərlə razılaşmaya açıq” üçüncü tərəf kimi Azərbaycanın vasitəçilik potensialını göstərir.

ABŞ və Türkiyə uzun müddət davam edən çətin  problemin həlli istiqamətində aparılacaq danıșıqlar üçün Bakının seçilməsini ABŞ-Türkiyə-Azərbaycan əməkdaşlığı İsrail-Suriya əlaqələrinin tədricən normallaşmasına zəmin yaratmaq məqsədi güdür. Burada həm İsrailin, həm də Suriyanın őz hədəfləri və niyyətləri var.

İsrailin hədəfləri təhlükəsizlik  zonası qurmaq, druzlarla münasibətləri sabitləşdirmək və onları mümkün qədər neytrallaşdırmaqdır. Suriyanın məqsədləri isə regional təcriddən çıxmaq, İsrail ilə arxa kanalları genişləndirmək, əs-Süveydədəki üsyan və parçalanmanın qarşısını almaqdır. Hələlik kompromis gözlənilmir, lakin tərəflər ilk dəfə real planlar masasına gəlirlər. Azərbaycan diplomatiyası isə qlobal diplomatik xəritədə yeni status qazanır. Neytral, lakin strateji balanslı rol oynaması Bakını regionun siyasi mərkəzinə də çevirə bilər. İsrail və Suriya arasında qısa müddətdə tam razılaşma çətin olsa da, demilitarizasiya zonasının strukturlaşdırılması və əlaqə kanallarının sabitləşməsi mümkündür. Razılaşmalarda regional oyunçuların-Türkiyə və ABŞ-ın mövqeyi koordinasiyalıdır, amma İranın oyundankənar saxlanması nəzərdə tutulur. Münaqişənin bu şəkildə həll olunması onun etibarlılığını bir qədər də artırır.Bir vacib məqam da ondan ibarətdir ki, Bakı görüşü Əs-Süveydə mübahisəsinin tam həllindən daha çox, təhlükəsizlik təmaslarını qurmaq, etimadı artırmaq və ilkin konsensusları əldə etmək üçün platformadır. Prosesin uğurlu davamı Azərbaycan üçün Yaxın Şərqdə diplomatik güc olaraq çıxış etmək imkanlarını genişləndirəcək. Təbii ki, belə olan halda Azərbaycana artan etimad onun gələcəkdə də münaqişələrin həllinə ədalətli arbitr kimi təsdiq edir.Bu, çox böyük diplomatik uğurdur.

 Vəli İlyasov, “İki sahil”