25 iyul 2025 01:19
219

Qayıdışla birlikdə həyat da, tarix də yenidən yazılır

Hər bir köç karvanı, hər bir geri dönən ailə bu milli missiyanın canlı daşıyıcısıdır

44 günlük Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından sonra ölkəmizin qarşısında duran ən vacib vəzifələrdən biri də işğaldan azad olunmuş torpaqlara həyatın yenidən qaytarılması – Böyük Qayıdışın təmin edilməsidir. Azərbaycan dövləti bu məsuliyyətli və müqəddəs missiyanı ardıcıl şəkildə, hərtərəfli planlaşdırılmış və strateji əsaslara söykənən proqramlar çərçivəsində yerinə yetirməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu proses nəinki insanların doğma yurdlarına qayıtmasını təmin edir, eyni zamanda, bölgədə sosial-iqtisadi dirçəlişi, dayanıqlı məskunlaşmanı, müasir infrastrukturun qurulmasını, vətəndaşların rifah içində yaşamasını da özündə ehtiva edir.

Bu baxımdan Ağdərə rayonunun Həsənriz və Ağdam rayonunun Sarıcalı kəndləri timsalında Böyük Qayıdış prosesinin real nəticələri bütünlüklə müşahidə olunur. Hər iki yaşayış məntəqəsinə son günlərdə yeni köç karvanlarının çatması bu istiqamətdə atılan addımların ardıcıl xarakter daşıdığını və genişmiqyasda həyata keçirildiyini göstərir. Eyni zamanda, bu köçlər illərlə yurd həsrəti çəkmiş, doğma evlərini, torpaqlarını itirmiş insanların yenidən həyatla, torpaqla, tarixlə qovuşması anlamını daşıyır.

Ağdərə rayonu Azərbaycanın tarixi coğrafiyasında mühüm mövqeyə malik olan bölgələrdən biridir. Bu ərazi 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş, burada yerləşən kəndlər dağıdılmış, əhali isə öz ev-eşiyindən didərgin düşmüşdü. Rayonun böyük bir hissəsi uzun illər faktiki nəzarətsiz qaldığından oradakı yaşayış məntəqələri tamamilə viran edilmiş, sosial infrastruktur məhv olunmuşdu. Lakin 2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Zəfər bu ərazilərin yenidən Azərbaycan dövlətinin nəzarətinə qaytarılmasına imkan yaratdı. Bu gün həmin torpaqlarda yenidən həyat başlayır.

Həsənriz kəndi Ağdərənin Böyük Qayıdış üzrə ilk və ən irəlidə gedən yaşayış məntəqələrindən biri sayılır. Bu kəndə ilk köç prosesi 2025-ci il martın 3-də həyata keçirilib. O zamandan bəri kənddə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılıb. Prezidentin tapşırığına uyğun olaraq, kəndin Baş planı təsdiqlənib, burada müasir tələblərə cavab verən fərdi evlər, məktəb, tibb məntəqəsi, sosial xidmət obyektləri, kənd təsərrüfatı infrastrukturunun bərpası və əhalinin məşğulluğunu təmin edəcək sahələr yaradılıb. Həsənrizdə aparılan işlər dövlətin sadəcə fiziki məkanları deyil, həm də insan həyatını, mənəviyyatını, tarixi yaddaşını bərpa etmək əzmini nümayiş etdirir. Bu günlərdə yola düşən hələ ki, sonuncu köç karvanı ilə birlikdə Həsənriz kəndinə 40 ailə – 146 nəfər yerləşdirilib. Bununla da kəndə köçürülən ailələrin ümumi sayı 130-a, sakinlərin sayı isə 452 nəfərə çatıb. Bu ailələrin böyük hissəsi uzun illər ərzində ölkənin müxtəlif şəhərlərində – əsasən yataqxanalarda, sanatoriya binalarında və qeyri-standart müvəqqəti sığınacaqlarda yaşamış insanlar olub. Onların bir çoxu doğulduqları kəndi yalnız xatirələrdə yaşadır, uşaqları isə həmin torpaqları ilk dəfə görür. Lakin indi artıq bu insanlar öz doğma torpaqlarında, hüquqi, sosial və iqtisadi baxımdan tam təmin olunmuş, layiqli şəraitdə yeni bir həyata başlayırlar. Həsənrizə qayıdan sakinlərin ifadələri və duyğuları bu prosesin yalnız statistika ilə məhdudlaşmadığını göstərir. Burada insanlar təkcə evlərinə deyil, həm də kimliklərinə, milli yaddaşlarına, həyat tərzinə qayıdırlar. Onlar öz əlləri ilə həyətlərində ağac əkir, torpaqlarını becərir, əkin sahələri salır, heyvandarlıqla məşğul olurlar. Bu proses iqtisadi aktivliyin də bərpasını şərtləndirir və kəndin dolğun şəkildə canlanmasına zəmin yaradır. Artıq burada yerli bazarlar formalaşmağa başlayır, xidmət sahələri tədricən fəaliyyətə keçir.

Digər tərəfdən, Ağdam rayonunun Sarıcalı kəndinə də bu günlərdə növbəti köç həyata keçirilib. Bu dəfə kəndə daha bir ailə – 4 nəfər köçürülüb və bununla da Sarıcalıya qayıdan ailələrin sayı 186-ya, sakinlərin sayı isə 775 nəfərə çatıb. Sarıcalı kəndi də bir zamanlar Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalmış, tamamilə dağıdılmışdı. Ağdam şəhəri ilə birlikdə bu kənd də düşmənin məqsədli şəkildə viran qoyduğu yaşayış məntəqələri arasında idi. Bu gün isə tamamilə yeni şəkildə salınmış evlər, abadlaşdırılmış küçələr, elektrik və su xətləri, məktəb binaları, yol infrastrukturunun yaradılması Sarıcalını qısa zamanda müasir kənd nümunəsinə çevirib. Sarıcalıya köç edən ailələr də eynilə Həsənriz sakinləri kimi uzun illər boyunca didərgin həyat yaşamış, dövlətin dəstəyi ilə sığınacaqlarda müvəqqəti məskunlaşmışdılar. Onların doğma torpaqlarına qayıtması, özlərinə aid torpaqda nəfəs almaq imkanına qovuşması həm psixoloji, həm sosial, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyır. Uşaqların məktəbə kəndlərində başlaması, bayramların artıq öz torpaqlarında qeyd olunması və kənd həyatının doğmalığı bu insanların həyat keyfiyyətinə yeni nəfəs verir.

Böyük Qayıdışın əhatə dairəsi təkcə kəndlərlə məhdudlaşmır. Artıq şəhərlər də dirçəlir, şəhər mühiti yenidən qurulur, həyat şəhər miqyasında canlanır. Bu mənada Cəbrayıl şəhəri Böyük Qayıdışın yeni simvoluna çevrilməkdədir. Uzun illər tamamilə dağıdılmış bu şəhər hazırda Dövlət Proqramına uyğun olaraq,mərhələli şəkildə yenidən qurulur. İnfrastruktur, yol, su, enerji təchizatı, yaşayış kompleksləri, sosial obyektlər, məktəb və tibb müəssisələri ilə bərabər, Cəbrayıla yeni nəfəs verən əsas məqam sakinlərin geri qayıtmasıdır.

Elə bu məqsədlə Cəbrayıl şəhərinə növbəti – 14-cü köç karvanı da yola salınıb. Bu mərhələdə şəhərə 53 ailə – 198 nəfər köçürülüb. Onların arasında müxtəlif bölgələrdə, xüsusilə də müvəqqəti sığınacaq şəraitində yaşayan vətəndaşlar yer alır. Köç edən ailələr artıq yeni tikilmiş evlərdə yerləşdirilib, onlar üçün bütün lazımi şərait yaradılıb, sosial xidmətlər əlçatan edilib. Cəbrayılın bu sürətli bərpa və məskunlaşdırma prosesi onu göstərir ki, şəhər mühitinin dirçəldilməsi, iqtisadi və mədəni həyatın bərpası istiqamətində dövlət ardıcıl və planlı şəkildə hərəkət edir. Köç edən sakinlər doğma şəhərlərinə ayaq basdıqları ilk andan etibarən keçmişin ağrı-acısını unutmaq, yeni gələcəyi birlikdə qurmaq əzmindədirlər. Bu əzm yalnız dövlətin tikdiyi divarlarla yox, xalqın iradəsi ilə möhkəmlənir. Cəbrayıl artıq keçmişin xarabalığı deyil, gələcəyin parlayan şəhərinə çevrilmək yolundadır. Dövlətin Böyük Qayıdış Proqramı təkcə ev tikmək və insanları oraya köçürməkdən ibarət deyil. Bu proqram insan həyatının bütün istiqamətlərini əhatə edən kompleks bir yanaşmanı ehtiva edir.

Bütün bu proseslər bir daha sübut edir ki, Böyük Qayıdış – sadəcə bir dövlət siyasəti deyil, həm də milli-mənəvi dirçəlişdir. Bu qayıdış Azərbaycan xalqının mübariz ruhunun, dövlətçiliyinin, torpağa bağlılığının və gələcəyə inamının ifadəsidir. Hər bir köç karvanı, hər bir geri dönən ailə bu milli missiyanın canlı daşıyıcısıdır. Onların qayıdışı ilə torpağa can gəlir, tarix yenidən yazılır və Azərbaycan öz bütövlüyünü yalnız coğrafi deyil, həm də sosial-mənəvi baxımdan tamamlayır.

Nigar Orucova, “İki sahil”