25 iyul 2025 01:50
219

Orta Dəhlizin beynəlxalq əhəmiyyəti artır 

Ölkəmizin Çin kimi fövqəlgüclə iqtisadi ticarət əlaqələrinin genişlənməsində bu dəhlizin rolu böyükdür

Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca yaradılan «vahid tarif», «vahid pəncərə» prinsipləri tətbiq olunur.

Önəmli məqamdır ki, Çini Avropa İttifaqı ilə Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə birləşdirən bu dəhliz ölkəmizin iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq layihədir. Bu layihə ilə əlaqədar fəaliyyətin gücləndirilməsi Qərblə Şərq arasında körpü rolunu oynayan Azərbaycan üçün böyük önəm daşıyır. Prezident İlham Əliyev Orta Dəhlizin region üçün böyük önəm daşıdığını və marşrutun özəl sektorun inkişafını şərtləndirdiyini, eləcə də dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaradılmasının qarşıya mühüm vəzifə kimi qoyulduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizlərindən Azərbaycan ərazisindən keçərək  müxtəlif istiqamətlərə daşınan 10 milyonlarla ton əlavə yük respublika büdcəsinə böyük həcmdə gəlir gətirəcəkdir. Bu, həm də məşğulluq, əlavə vəsait və Azərbaycanın geosiyasi əhəmiyyətinin artması deməkdir.

Yeri gəlmişkən, Rusiya–Ukrayna müharibəsi və Qərbin Moskvaya qarşı sanksiyaları Rusiyanın tranzit ölkə kimi, xüsusən də Avropa İttifaqı ilə Çin arasında quru əsaslı ticarət əlaqələrində səmərəliliyini məhdudlaşdırıb. Bu kontekstdə Orta Dəhliz  dəmir yolu ticarəti üçün potensial alternativ marşrut kimi Çin, Aİ və daha geniş regionda şirkətlər və hökumətlərin diqqətini çəkməyi bacarıb. İndi  dəhlizin trayektoriyası da onun 1 trilyon ABŞ dollarından çox ümumi daxil məhsula malik türk dövlətlərini birləşdirən bir layihə olduğunu göstərir.  Şimal dəhlizinə əsas alternativ olan Orta Dəhlizlə Çindən Avropaya 7 min kilometr məsafə qət etməklə daşınmalar mümkündür. Avropa ölkələri ilə Çin arasında illik ticarət dövriyyəsi 600 milyard dolların üzərindədir. 

2020-ci ildən etibarən Orta Dəhliz ilə ayda iki dəfə olmaqla Türkiyədən Çinə müntəzəm konteynerlərin daşınması reallaşdırılıb. Təkcə 2021-ci ildə Çin–Avropa arasında hər iki istiqamət üzrə ümumilikdə, dəmir yolu ilə 84,9 milyard dollarlıq yük daşınması həyata keçirilib. 2020–2021-ci illərdə bu dəhlizdə nəql edilmiş yükün ümumi həcmi 350-530 min ton arası olsa da, təkcə 2022-ci ildə bu rəqəm 3,2 milyon tona qədər artıb. Orta Dəhliz Çindən gələn yüklərin Qazaxıstandan keçərək Xəzər dənizinə, Azərbaycana və oradan da Gürcüstan və Türkiyə üzərindən Avropadakı son təyinat ölkələrinə çatmasına imkan yaradır. Bu baxımdan dəhlizin və bu infrastrukturun bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolu böyük əhəmiyyətə malikdir.  

Bu gün Azərbaycan ilə Çin arasında iqtisadi-ticari sahədə də əməkdaşlıq üçün olduqca böyük potensial mövcuddur. Ölkəmiz  milli prioritetlərdən biri olan rəqəmsal və «yaşıl keçid» sahələrində Çini tərəfdaş kimi görür. Azərbaycan–Çin iqtisadi münasibətlərinin inkişafı istiqamətində son illər reallaşdırılan təşəbbüslər, ölkəmizin «Bir kəmər, bir yol» layihəsində fəal iştirakı, qarşılıqlı investisiyaların təşviqi və əməkdaşlığın möhkəmləndirilməsi müsbət nəticələrlə diqqət çəkib. 

Azərbaycan  Çinlə 20 ildən çoxdur ki, əməkdaşlıq edir. Dost ölkənin Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı–Tbilisi–Qars dəmiryolu xətti əsasında fəaliyyəti daha çox diqqət çəkir. Çin ölkəmizin nəqliyyat infrastrukturunun inkişafında maraqlıdır, eyni zamanda, Zəngəzur dəhlizinin açılmasına mühüm önəm verir. Şərq–Qərb istiqaməti üzrə ticarət dövriyyəsinin, yüklərin daşınmasında sürət və keyfiyyət həcmlərinin artmasına ciddi maraq göstərir. Bu baxımdan Azərbaycan Çin üçün çox önəmli tərəfdaş kimi ölkəmizin ticarət partnyoru olaraq dördüncü yerdədir. Bu, iki ölkə arasında iqtisadi əlaqələrin hansı səviyyədə olduğunu və gələcəkdə böyük perspektiv vəd etdiyini göstərir. Bundan başqa, Azərbaycanla Çin arasında viza rejiminin ləğv edilməsi də iki ölkə arasındakı ticarət əlaqələrini daha genişləndirməyə hesablanıb.

Elçin Zaman, "İki sahil"