27 iyul 2025 00:15
126

Britaniya və Avstraliya nüvə sualtı qayıqları haqqında saziş imzalayıblar

Böyük Britaniya və Avstraliya nüvə sualtı qayıqlarının istismarı üzrə 50 illik ikitərəfli tərəfdaşlıq sazişi imzalayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Sənədi hər iki ölkənin müdafiə nazirləri Con Hili və Riçard Marlz imzalayıblar. Saziş SSN-AUKUS sinifli sualtı qayıqların layihələndirilməsi, tikintisi, istismarı, texniki xidməti və istismardan çıxarılması sahəsində hərtərəfli əməkdaşlığı təmin edəcək.

Müqavilə Avstraliya, Böyük Britaniya və ABŞ (AUKUS) hökumətləri arasında üçtərəfli tərəfdaşlığa əsaslanır.

İkitərəfli sazişin əsas məqsədinin müdafiə sektorundan iqtisadi inkişafın mühərriki kimi istifadə edərək, onilliklər ərzində Avro-Atlantik və Hind-Sakit Okean regionlarında sabitlik və təhlükəsizliyi qorumaq olduğu bildirilir.