29 iyul 2025 08:43
218

Türkiyənin «Tayfun»u…

Qardaş ölkə hərbi sənayedə xarüqələr yaradır

Qardaş Türkiyənin hərbi sənayesi davamlı olaraq inkişaf edir. Xüsüsilə 2025-ci ildə «Roket Sanayi ve Ticaret A.Ş.» (ROKETSAN) tərəfindən hazırlanan «Tayfun Blok-4»  raketi  sınaqdan uğurla çıxıb. Sözügedən silah Türkiyənin ilk hipersəsli ballistik raketidir. Raketin uzunluğu 10 metr, çəkisi 7.2 tondur və 3 min kilometrədək məsafəni hədəf almaq gücünə malikdir. Bu qardaş ölkənin  ən uzaqmənzilli raket sistemidir.

Məhz raketin dağıdıcılıq miqyasını nəzərə alaraq ona Sakit Okeanın qərbində, xüsusilə Çin, Yaponiya, Filippin, Tayvan və ətraf bölgələrdə yayılan «Tayfun» qasırğasının adı verilib. «Tayfun»un uğurla çınaqdan çıxması Afinada təşviş yaradıb. Belə ki, Yunanıstan mətbuatı bu raketlə ölkələrinin  istənilən nöqtəsinin vurula biləcəyini yazıb. 

Təbii ki, qardaş ölkənin hərbi sənayesindəki bu uğur ilk və sonuncu deyildir. Belə ki, Türkiyənin ötən il  dünyanın ilk hərbi PUA gəmisi – «TCG Anadolu»nu istifadəyə verməsi digər sevindirici xəbər oldu. Gəmi orduda xidmətə tam hazırdır və Prezident Rəcəb Tayyib Ərdoğanın da qatıldığı mərasimlə Dəniz Qüvvələri Komandanlığına (DQK) təhvil verilib.

Amfibiya hücum gəmisinin layihəsi DQK-nin ehtiyaclarına uyğun olaraq 2015-ci ildən hazırlanmağa başlanılıb və 2022-ci ildə onun  sınaqları həyata keçirilib. Gəminin uzunluğu 231, eni isə 32 metrdir. Maksimum yükdəyişmə qabiliyyəti  27 min 436 ton olan gəmi 13 tank, 27 zirehli amfibiya hücum maşını, 6 zirehli personal daşıyıcısı, 33 müxtəlif texnika və 15 qoşqu olmaqla ümumilikdə 94 nəqliyyat vasitəsini göyərtəsində daşıya bilir.

Ötən il  Türkiyə,  həmçinin özünün «Kaan» milli döyüş təyyarəsini təkmilləşdirərək ilk uçuş sınaqlarını keçirməklə dünyanın diqqət mərkəzinə düşdü. «Kaan» Türkiyənin ilk milli döyüş təyyarəsi olmaqla həm də yeni nəsil hərbi təyyarədir. Qardaş ölkə bu təyyarələri  ABŞ-ın F-35 qırıcılarına alternativ olaraq istehsal edib. Sözügedən təyyarə radarlardan itmə xüsusiyyətinə və səsdən iti sürətinə görə digərlərindən ciddi şəkildə fərqlənir. Artıq Rusiya «Kaan»ın birgə istehsalı ilə bağlı Türkiyəyə əməkdaşlıq da təklif edib  Həmçinin Ukrayna da bu qırıcılarla bağlı əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Sonbir neçə il ərzində ABŞ-ın Türkiyəyə «F-16» döyüş təyyarələri satışını dayandırması, qardaş ölkənin hərbi sənaye sahəsinə ciddi yatırımlar etməsinə və nəticədə uğurlar qazanmasına səbəb oldu. Pilotsuz uçuş aparatları (İHA) və silahlı pilotsuz uçuş aparatlarının (SİHA) istehsalı ilə Türkiyə dünyada yüksələn  gücə çevrildi. Müdafiə sənayesi sahəsində «Akıncı», «Hürkuş», «Singur», «Aksungur» kimi adlar adətən dünyada bir marka olaraq tanınmağa başlandı.

Bundan başqa, yaxın gələcəkdə  «Meltem-3» layihəsi çərçivəsində hazırlanan sonuncu  P-72 dəniz patrul təyyarəsi də Hərbi Dəniz Qüvvələrinin (HDQ) istifadəsinə təqdim olunacaq. Təbii ki, qardaş Türkiyənin  hərbi sənayesinin qlobal gücə çevrilməsi təkcə özünün deyil, bütün türk dünyasının əmin- əmanlığının qarantıdır. Xüsusilə indiki gərgin mərhələdə  Azərbaycan Ordusunun NATO-nun  ikinci ən güclü ordusu hesab edilən Türkiyə Silahlı Qüvvələrinə uyğun modernləşdirilməsi  önəmli hadisədir və hərbi gücümüzə güc qatacaq amildir.

Son bir neçə ildə qardaş Türkiyənin hərbi sənayedə qazandığı ciddi uğurlar dünyanı heyrətləndirməkdə davam edir. Xüsusilə İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun Türkiyə istehsalı olan PUA-lardan məharətlə istifadə edərək işğalçı Ermənistanı darmadağın etməsi hərb tarixinə qızıl hərflərlə yazıldı. Hazırda həmin PUA-lar dünyanın 10-dan çox ölkəsinə ixrac olunur.  Son 4 ildə Türkiyə yalnız PUA-ların ixracatından təxminən 8 milyard dollardan çox gəlir əldə edib. Qardaş ölkə bu uğurlarını davamlı etdirmək üçün hərbi büdcəsini durmadan artırır. Tüpkiyə 2024-cü ildə bu sahəyə 26 milyard dollar ayrımışdı ki, bu da ötən ildəkindən 500 milyon çoxdur.

Burada digər önəmli məqam isə odur ki, Türkiyənin müdafiə sənayesi sahəsində əldə etdiyi uğurlar həm də ona müttəfiq və  dost olan digər ölkələrə də müsbət mənada öz təsirini göstərəcək. O, cümlədən Azərbaycan Türkiyənin hərbi sənayesinin nəhəngi olan «Roketsan» şirkətinin də uğurlarından istifadə edə biləcək. Artıq  artıq bu istiqamətdə çox ciddi addımlar atılıb. Azərbaycanın silahlı qüvvələri ilə “Roketsan” şirkəti arasında bir çox layihələr həyata keçirilir.

Qeyd edək ki, əgər 10 il əvvəl Türkiyənin əsas gəlir mənbələrindən biri turizm sektoru idisə, artıq hərbi sənaye məhsullarının satışına görə qazancı da ilk yerlərə keçib. Belə ki, bu gün Türkiyənin dövlət büdcəsinin, əldə olunan gəlirin təxminən 20 faizdən çoxu məhz müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlərin, istehsal müəssisələrin payına düşür.

Elçin Zaman, «İki sahil»