ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff hazırkı mərhələdə prioritetin Qəzza zolağında hərbi əməliyyatların tam dayandırılması və münaqişənin həlli üçün hərtərəfli razılığın əldə edilməsi olduğunu açıqlayıb.
“İki sahil” “Times of Israel”ə istinadən xəbər verir ki, Uitkoff girovların qohumları ilə görüşdə deyib: “Plan müharibəni kəskinləşdirmək yox, onu bitirməkdir”
O əlavə edib ki, İsrail və HƏMAS arasında müvəqqəti razılaşma əvəzinə, döyüşlərin dayandırılmasına və bütün girovların qaytarılmasına nail olmaq lazımdır.
ABŞ prezidentinin xüsusi nümayəndəsi qeyd edib ki, əksər qəzzalılar da girovların evlərinə qayıtmasını istəyir, çünki bundan sonra anklavın bərpasına başlana bilər.
Nəşrin məlumatına görə, Uitkoffla girovların ailələri arasında görüş üç saata yaxın davam edib.
İyul ayında ABŞ ilə İsrail girovların azad edilməsi və Qəzzada atəşkəslə bağlı danışıqların aparıldığı Qətərin paytaxtı Dohadan nümayəndə heyətlərini geri çağırıb.
İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir bu gün daha erkən saatlarda bildirib ki, ölkəsi tezliklə Qəzza zolağında qalan girovların azad edilməsi ilə bağlı razılığın əldə olunmasının mümkün olub-olmadığını anlayacaq.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. Hücum zamanı 1200-dən çox insan ölüb, 240 nəfər isə girov götürülüb. Buna cavab olaraq İsrail hərbçiləri Qəzza zolağında HƏMAS-a qarşı əməliyyata başlayıb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, hərbi əməliyyat zamanı anklavda 60 mindən çox insan ölüb.