08 avqust 2025 08:14
269

Ombudsmandan beynəlxalq təşkilatlar növbəti çağırış

Dəqiq mina xəritələrinin Azərbaycana təhvil verilməsi üçün Ermənistana ciddi təsir göstərin!

Minalar və partlamamış hərbi sursatların təhlükəsi Azərbaycan və ümumiyyətlə, bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edən problemlərdən biridir. Ölkəmizin ərazisinin təxminən 14 faizində Ermənistan tərəfindən basdırılmış mina və naməlum sayda partlamamış hərbi sursatlar vardır. Mütəxəssislərin ilkin qiymətləndirmələrinə görə, ermənilər işğal dövründə torpaqlarımıza 1,5 milyondan artıq mina basdırıblar.  Minaların partlamsı səbəbindən əksəriyyəti mülki şəxslər olmaqla yüzlərlə insan həyatını itirib və ya ciddi xəsarətlər alıb. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Keyfiyyətə Nəzarət İdarəsinin rəisi Elnur Qasımov iyul ayında Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində keçirilən "Minalardan azad dünyaya doğru: Azərbaycan nümunəsi" adlı beynəlxalq seminarda çıxışı zamanı deyib ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra 243 insident qeydə alınıb, nəticədə 70 nəfər ölüb, 330 nəfər yaralanıb: “Bu rəqəmlər təhlükənin miqyasını açıq şəkildə əks etdirir və minalarla mübarizə prosesinə davamlı beynəlxalq dəstəyin zəruriliyini vurğulayır". 

Torpaqlarımızda basdırılmış həmin minalar bu gün də fəsadlar törətməkdədir. Yəni, işğaldan azad edilmiş ərazilərimizdə işğal dövründə Ermənistan tərəfindən basdırılmış minalar, partlamamış hərbi sursatlar mülki əhalinin və hərbi qulluqçuların həyat və sağlamlığına qəsd etməkdə davam edir. Nəticədə Ermənistanın davam edən mina terroru nəticəsində günahsız insanlar öz həyat və sağlamlıqlarını itirməkdədirlər. Belə ki, avqustun 5-i saat 19:05 radələrində Kəlbəcər rayonu ərazisində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşüb. Baş vermiş mina partlayışları nəticəsində   ordumuzun 5 hərbi xidmətçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Şübhəsiz, bütün bunlar ermənilərin ərazilərimizdə basdırdıqları minaların dəqiq xəritələrini ölkəmizə təqdim etməmələri ucbatından baş verir. Məlumat üçün qeyd edək ki, 1991-ci ildən indiyədək 3400 nəfərdən çox soydaşımız minalardan zərər çəkib. İşğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələri barədə məlumatların təqdim olunması ilə bağlı Azərbaycan tərəfindən dəfələrlə beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərin qəbul edilməsinə baxmayaraq, Ermənistan tərəfi beynəlxalq humanitar hüququn normalarının tələblərini pozaraq bu məlumatları təqdim etməkdən hələ də boyun qaçırır. Sadəcə, 25 faizi reallığı özündə əks etdirən mina xəritələrini təqdim etməklə kifayətlənib. Halbuki, bu, beynəlxalq humanitar hüququn, xüsusilə də Cenevrə konvensiyalarının ciddi şəkildə pozulmasıdır. Bununla da təcavüzkar ölkə demək olar ki, Azərbaycana qarşı apardığı müharibəni davam etdirir. Qərb təsisatları isə hələ də bu problemə barmaqarası baxmaqda davam edir.

Elə bu səbəbdən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın beynəlxalq təşkilatlara yenidən çağırış edib: “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) olaraq bir daha müvafiq beynəlxalq təşkilatları dəqiq mina xəritələrinin Azərbaycana təhvil verilməsi istiqamətində Ermənistana ciddi təsir göstərməyə, törədilən hərbi və ekoloji cinayətlərə, o cümlədən humanitar hüquq pozuntularına kəskin reaksiya verməyə çağırıram”, - deyə ombudsman vurğulayıb.

Yeri gəlmişkən qeyd edək ki, mina təhlükəsindən tamamilə qurtulmaq üçün külli miqdarda maliyyə vəsaiti və vaxt tələb olunur. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard dollar lazımdır. Məlumat üçün bildirək ki, 2025-ci ilin iyuluna qədər 200 min hektardan çox ərazi  minalardan təmizlənib. İşlər zamanı 37 655 piyada əleyhinə mina, 21 992 tank əleyhinə mina və 143 010 partlamamış hərbi sursat zərərsizləşdirilib.

Qvami Məhəbbətoğlu, “İki sahil”