15 avqust 2025 23:57
141

İradənin susduğu yerdə asılılıq danışır - MÜSAHİBƏ

Patoloji asılılıq bu gün təkcə fərdlərin deyil, bütövlükdə cəmiyyətlərin qarşılaşdığı ciddi bir psixoloji problemdir və artıq bəşəri bəla kimi qiymətləndirilir. Asılılığın forması fərqli olsa da istər maddə, istər davranış, istərsə də texnologiyaya bağlılıq şəklində onun mahiyyəti dəyişmir. İnsanın azad iradəsini zəiflədən, psixi sağlamlığı və sosial münasibətləri sarsıdan bir vərdişə çevrilir.

Psixoloq, narkoloq Araz Əliquluyev İki sahil. TV-yə müsahibəsində bildirib ki, bu problemə fərdi deyil, ümumi səfərbərlik yanaşması vacibdir.

-Araz həkim, patoloji asılılıq nədir və onu digər vərdişlərdən fərqləndirən əsas xüsusiyyətlər hansılardır?

-Patoloji asılılıq-insanın iradə nəzarətindən çıxan, onun gündəlik həyatını, emosional vəziyyətini və davranışını nəzarətdə saxlayan, psixoloji və ya fiziki ehtiyac halını almış bir vərdişdir. Bu asılılıq növü, adi vərdişlərdən fərqli olaraq, insanın sosial funksionallığını pozur, şəxsi münasibətlərinə, iş həyatına və psixoloji sağlamlığına ciddi şəkildə mənfi təsir göstərir. Adi vərdişlər müəyyən sərhədlər daxilində idarə oluna bilir və insan istədikdə onlardan imtina edə bilir. Patoloji asılılıq isə məcburidir, yəni şəxs onu davam etdirmək istəməsə belə, daxilən bir təzyiq hiss edir və nəticədə o davranışı yenidən təkrarlayır. Burada asılılıq obyektindən (məsələn, maddə, texnologiya, qumar, münasibət və s.) psixoloji və ya fiziki asılılıq yaranır. Bu da insanın öz həyatına tam şəkildə nəzarətini itirməsinə gətirib çıxarır. Bu davranışlar ilkin mərhələdə rahatlıq versə də, zamanla nəzarətdən çıxaraq asılılığa çevrilir. Patoloji asılılıq insanın özünü dəyərləndirmə formasını, qərarvermə qabiliyyətini və emosional sabitliyini zədələyir. Nəticədə bu, psixoterapevtik müdaxilə tələb edən ciddi bir psixoloji pozuntu halını alır.

-Patoloji asılılıqla mübarizədə ailə və yaxın çevrənin rolu nə dərəcədə önəmlidir?  Asılı şəxs müalicəyə könüllü gəlmirsə, bu halda nə etmək olar?

-Patoloji asılılıqla mübarizədə ailə və yaxın çevrənin rolu çox önəmlidir. Asılılıqda olan şəxs çox vaxt vəziyyətini inkar edir və ya problemi özü təkbaşına həll edə biləcəyinə inanır. Bu zaman ailənin empatiya ilə yanaşması, qınamadan, təzyiq göstərmədən psixoloji dəstək verməsi əsas rol oynayır. Dəstək mühitində şəxs özünü təhlükəsiz hiss edir və müalicəyə daha açıq olur. Ailə həm motivasiya, həm də davranış dəyişikliklərinə nəzarət baxımından mühüm rol oynayır.

 Əgər asılı şəxs müalicəyə könüllü gəlmirsə, bu halda yaxınlar onunla səbirlə və anlayışla davranmalı, onu məcbur etmədən, psixoloji təzyiq yaratmadan yardımın faydası barədə məlumatlandırmalıdır. Bəzən belə şəxslərlə ilkin mərhələdə motivasiyaedici müsahibələr aparılır. Həmçinin ailə üzvləri və dostlar birgə psixoloji məsləhətə cəlb edilə bilər ki, onlar da necə davranacaqlarını bilsinlər. Əsas məqsəd şəxsdə müalicəyə ehtiyac hissini oyatmaq və mübarizə üçün güvənli mühit yaratmaqdır.

-Patoloji asılılıqların qarşısını almaq üçün erkən yaşlardan hansı profilaktik tədbirlər görülə bilər?

-Asılılıqların qarşısını almaq üçün erkən yaşlardan effektiv profilaktik tədbirlərin görülməsi vacibdir. Uşaqların inkişaf dövründə sağlam psixoloji və sosial mühitin təmin edilməsi onların gələcəkdə zərərli vərdişlərdən uzaq durmasına kömək edir. İlk növbədə, ailənin rolu böyükdür. Çünki, sevgi, diqqət və davamlı ünsiyyət uşaqlarda etibarlı bağlılıq hissi yaradır, bu isə asılılıq yaradan davranışlara meylliliyi azaldır. Uşaqlara öz duyğularını ifadə etməyi, stresslə sağlam yollarla mübarizə aparmağı öyrətmək də çox önəmlidir. Məktəbdə və cəmiyyətdə isə maarifləndirmə işləri aparılmalı, asılılığın zərərləri barədə uşaqlar və gənclər erkən yaşda məlumatlandırılmalıdır. Onlara həmçinin həyatda qarşılaşacaqları risklər və çətinliklərlə necə davranmaq lazım olduğu, necə “yox” demək bacarığının inkişaf etdirilməsi öyrədilməlidir. Eyni zamanda, uşaqların enerjilərini yönəldə biləcəyi idman, incəsənət və sosial fəaliyyətlərə cəlb edilməsi onların sağlam həyat tərzi sürməsinə dəstək verir. Yəni, patoloji asılılıqların qarşısını almaq üçün sistemli və kompleks yanaşma tələb olunur, bunun mərkəzində isə uşağın emosional və sosial inkişafının sağlam şəkildə təmin olunması dayanır.

-Bəzən uşaqların 1-2 dərəcəli şəxsiyyət dönəmlərində psixi durumlarında problem olmur, amma 3-cü şəxsiyyət dövründə bəzi problemlər niyə üzə çıxır? Yeniyetmənin şəxsiyyət böhran dövrü adlandırılan bu mərhələ nədən qaynaqlanır və necə keçilməlidir?

-Uşaqların 1-2 dərəcəli şəxsiyyət dönəmlərində, yəni erkən uşaqlıq mərhələlərində onların psixi durumu nisbətən sabit olur, çünki bu dövrdə şəxsiyyətin əsas strukturları hələ tam formalaşmayıb və uşaqlar daha çox valideyn və ətraf mühitə bağlıdırlar. Lakin 3-cü şəxsiyyət dövrü, yəni yeniyetməlik dövrü, insan həyatında ən mürəkkəb və həssas mərhələ sayılır. Bu vaxt şəxsiyyət formalaşmasında kəskin dəyişikliklər baş verir, fərd öz müstəqilliyini qazanmaq, identifikasiyasını tapmaq istəyir. Bu proses bəzən daxili qarşıdurmalar, kimlik böhranı, emosional gərginliklər və psixoloji gərginliklərlə müşayiət olunur. Deyərdim ki, yeniyetmənin şəxsiyyət böhranı adlandırılan bu dövr, təbii və normal inkişaf mərhələsidir. Burada əsas məsələ yeniyetmənin özünü anlamaq və sosial mühitdə öz yerini tapmaq üçün yaşadığı daxili mübarizədir. Bu proses düzgün dəstək və anlama ilə asanlıqla keçilə bilər, əks halda isə psixoloji problemlər, davranış pozuntuları, hətta patoloji asılılıqların yaranması riski artır. Valideynlər, müəllimlər və psixoloqların bu mərhələdə yeniyetməyə həssas, səbirli və anlayışlı yanaşması çox vacibdir. Onun emosional ehtiyaclarını düzgün dəyərləndirmək, açıq dialoq yaratmaq və şəxsiyyət böhranını dəstəkləyici mühitdə keçirməsini təmin etmək önəmlidir. Bu şəkildə yeniyetmə mərhələsinin çətinlikləri uğurla aradan qaldırıla və sağlam şəxsiyyət formalaşa bilər.

-Şəxsiyyət pozuntusu yalnız asılılıqlardan yaranır, yoxsa digər səbəblər də bu pozuntuların yaranmasında rol oynayır?

-Şəxsiyyət pozuntuları təkcə asılılıqlardan yaranmır, onların çoxsaylı və kompleks səbəbləri var. Bu pozuntuların əsas qaynaqları arasında erkən uşaqlıq travmaları, ailə mühitindəki disfunksiyalar, genetik və bioloji faktorlar, həmçinin psixososial təcrübələr dayanır. Asılılıqlar isə bəzən şəxsiyyət pozuntularının nəticəsi ola bilər, bəzən isə şəxsiyyət strukturunun zəifləməsi və emosional stabilliyin pozulması səbəbindən asılılıqlar formalaşa bilər. Yəni, şəxsiyyət pozuntusu və asılılıqlar bir-birini təsirləndirən, qarşılıqlı əlaqədə olan mürəkkəb psixoloji proseslərdir. Müalicədə bu səbəblərin hər biri araşdırılır və  professional yanaşma tətbiq edilir.

-Yeniyetmələrdə psixosematik pozuntular hansı səbəblərdən yaranır və onların qarşısını almaq üçün nə kimi tədbirlər görülə bilər?

-Yeniyetmələrdə psixosematik pozuntular adətən stress, daxili gərginlik və emosional problemlərin bədən dilində ifadə olunması nəticəsində yaranır. Bu yaş dövründə hormonal dəyişikliklər, sosial təzyiqlər və özünüifadə çətinlikləri gənclərin daxili dünyasında qarışıqlıqlara səbəb olur ki, bu da fiziki simptomlarla özünü göstərə bilər. Bu baş ağrıları, ürək döyünməsi, həzm pozuntuları kimi özünü göstərə bilər. Psixosematik pozuntuların qarşısını almaq üçün yeniyetmələrin emosional sağlamlığına diqqət yetirmək, onların duyğularını ifadə etmələri üçün şərait yaratmaq, streslə mübarizə bacarıqlarını inkişaf etdirmək və lazım gəldikdə mütəxəssis yardımı almaq vacibdir. Valideynlər və müəllimlər də gənclərin ruh halını diqqətlə izləməli, anlayışlı və dəstəkləyici olmalıdırlar ki, bu problem erkən mərhələdə aşkarlanıb aradan qaldırıla bilsin.

Eyni zamanda valideynlərin də emosional və psixoloji vəziyyəti sağlam olmalıdır ki, onlar övladlarına düzgün şəkildə dəstək verə bilsinlər. Uşaqlar valideynlərinin davranışlarını, yanaşmalarını və duyğusal reaksiyalarını modelləşdirirlər. Əgər valideynin özü psixoloji baxımdan gərgin, depressiv və ya emosional cəhətdən qeyri-sabitdirsə, bu, birbaşa olaraq uşağın psixoloji inkişafına mənfi təsir göstərə bilər. Sağlam ruh halına sahib olan valideynlər daha səbirli, anlayışlı və istiqamətləndirici olur, bu isə uşağın sağlam şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Yəni, mükəmməl övlad tərbiyəsi yalnız uşağın deyil, ailənin psixoloji rifahından da asılıdır.

Şəmsiyyə Əliqızı, “İki sahil”