16 avqust 2025 01:58
223

Suriya ölkəmiz üçün Yaxın Şərqə açılan yeni enerji körpüsüdür

Artıq qaz ixrac etdiyimiz ölkələrin sayı 14 oldu

Azərbaycanın Türkiyə üzərindən Suriyaya qaz ixracına başlaması regionun enerji xəritəsində mühüm hadisədir. Avqustun 2-dən etibarən Kilis vilayəti vasitəsilə ötürülən qaz artıq Dəməşq yaxınlığındakı «Nasiriyə» və «Təşrin» istilik elektrik stansiyalarına yönləndirilib. Bu proses həm Bakı, həm də Ankara üçün strateji əhəmiyyət daşıyır. Bununla da Suriya Azərbaycan qazının ixrac edildiyi 14-cü ölkə oldu.

İndiyə qədər Azərbaycan qazının əsas ixrac istiqaməti Avropa, Gürcüstan və Türkiyə idi. Suriya bazarına çıxış isə Bakı üçün enerji ixracının şaxələndirilməsi baxımından yeni bir mərhələdir. Qaz kəmərinin ötürücülük qabiliyyəti gündə 3,4 milyon kubmetr təşkil edir, hazırda isə 1,4 milyon kubmetr həcmdə qaz nəqli həyata keçirilir. Bu həcmin artırılması perspektivi Azərbaycanın gələcək ixrac gəlirlərinə və regional nüfuzuna əlavə töhfə verəcək. Bu layihə Türkiyənin enerji logistik mərkəzə çevrilməsi strategiyasına da tam uyğun gəlir. Azərbaycan qazının Suriyaya ötürülməsi Ankaraya həm iqtisadi, həm də siyasi dividendlər gətirir. Türkiyə vasitəsilə Suriya ilə iqtisadi əlaqələrin qurulması regionda yeni əməkdaşlıq kanallarını açır və Ankara–Bakı strateji tərəfdaşlığının real nəticələrini göstərir.

İllərlə davam edən münaqişə Suriyanın enerji infrastrukturunu ciddi zədələyib. Hazırkı həcmdə qaz nəqli (1,4 milyon kubmetr/gün) ölkəyə təxminən 250 MVt elektrik enerjisi istehsalı imkanı yaradır. Bu, bütün ölkə üçün kifayət etməsə də, bəzi strateji şəhərlərdə fasiləsiz enerji təminatına şərait yaradacaq. Ölkəmizin qərarı Yaxın Şərqdə enerji balansına müsbət təsir göstərəcək. Belə ki, bu proses Bakının enerji diplomatiyasının təkcə Avropaya deyil, Yaxın Şərqə də yönəldiyini göstərir. Beləliklə, Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya tədarükü təkcə kommersiya layihəsi deyil, həm də regional enerji siyasətində yeni istiqamətin başlanğıcıdır. Bu marşrut Yaxın Şərqdə enerji əməkdaşlığı üçün nümunə ola və gələcəkdə Azərbaycan üçün İordaniya, Livan, hətta Misir bazarlarına çıxış imkanı yarada bilər.

Əslində, Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlaması  tarixi hadisədir. Xatırladaq ki, ilkin mərhələdə ildə ölkəyə 1,2 milyard kubmetr təbii qazın verilməsi planlaşdırılır.  Ümumiyyətlə, Azərbaycan münaqişədən sonrakı dövrdə Suriyanın inkişafına, ölkədəki bərpa-quruculuq prosesinə töhfə verməyə hazırlığını lap əvvəldən bəyan edib. Bu məram ilk dəfə 2024-cü ilin dekabrında Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığında ifadə olunub. Dövlətimizin başçısı söhbət zamanı Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək, Azərbaycanın qardaş ölkə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu vurğulamışdı.

Burada bir nüansa diqqət yetirək ki,  Azərbaycanın Suriyaya iqtisadi və siyasi yanaşması sistemli xarakter daşıyır. Bunun isə bir neçə səbəbi var. Ən başlıca səbəb odur ki, 2023-cü ildən etibarən Azərbaycanın xarici siyasətində yeni prioritetlər formalaşıb və həmin prioritetlərə Yaxın Şərq, Şimali Afrika və Körfəz ölkələri ilə münasibətlərin genişləndirilməsi daxildir. Digər tərəfdən , bu ölkə geniş coğrafiyada açar nöqtələrdən biridir. Önəmli məsələlərdən biri də Suriyanın Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə uzun quru sərhədə malikliyidir. Deməli, bu baxımdan da ölkənin yerləşdiyi regionda sabitliyin bərpası və iqtisadi-ticari əlaqələrin inkişafı mühüm əhəmiyyət daşıyır.

Sonda onu da deyək ki, Prezident İlham Əliyevin şəxsində dövlətimizin çoxşaxəli siyasət kursu üçün strateji hədəf amili son dərəcə vacibdir. Bu barədə söz açarkən Azərbaycan qazına tələbatın artdığını vurğulamalıyıq. Tələbat isə rəqabət doğurur. Belə bir şəraitdə diversifikasiya imkanlarını genişləndirməyimiz önəmlidir. Yəni, hədəfimiz təkcə Avropa bazarı olmamalıdır. Qarşımızda yeni coğrafiya - Yaxın Şərq var. Bu mənada Suriya tranzit ölkə rolunu oynaya bilər.

Elçin Zaman, «İki sahil»