Profilaktik müayinələr xəstəliyin qarşısının alınmasında ən vacib mərhələdir
Ürək-damar xəstəlikləri son illərdə həm qlobal miqyasda, həm də ölkə daxilində artan tendensiya ilə diqqət çəkir. Mütəxəssislərin fikrincə, bu artımın səbəbi tək bir amillə izah olunmur və bir neçə risk faktorunun paralel şəkildə güclənməsi ilə bağlıdır.
Mərkəzi Neftçilər Xəstəxanasının Kardiologiya şöbəsinin müdiri Şəfəq Nəzərova “İki sahil”ə açıqlamasında bildirib ki, ürək-damar xəstəliklərinin (ÜDX) son illərdə artması tək bir səbəblə izah edilə bilməz. Onun sözlərinə görə, bu proses həm qlobal miqyasda baş verən dəyişikliklərin, həm də ölkəyə xas həyat tərzi və risk faktorlarının üst-üstə düşməsi nəticəsində formalaşır.
Duzlu, yağlı və karbohidratla zəngin qidalanma piylənmə, dislipidemiya və tip 2 şəkərli diabetin artmasına gətirib çıxarır
Kardioloq qeyd edib ki, dünya üzrə mənzərə də fərqlidir: inkişaf etmiş ölkələrdə profilaktika və erkən diaqnostika sayəsində ölüm göstəricilərində azalma müşahidə olunsa da, inkişaf etməkdə olan ölkələrdə ÜDX yükü artır və xəstəlik daha erkən yaşlarda ortaya çıxır.

Şəfəq Nəzərova vurğulayıb ki, bu fərqin əsas səbəbi risk faktorlarının sürətlə yayılması və profilaktik tədbirlərin nisbətən zəif olmasıdır.
Onun sözlərinə görə, qidalanma vərdişləri ÜDX-in artmasında mühüm rol oynayır. Duzlu, yağlı və karbohidratla zəngin qidalanma piylənmə, dislipidemiya və tip 2 şəkərli diabetin artmasına gətirib çıxarır ki, bu da birbaşa ürək-damar riskini yüksəldir. Qərb ölkələrində isə sağlam qidalanma mədəniyyəti və maarifləndirmə daha geniş yayılıb.
Yuxu pozğunluğu və psixososial gərginlik ürək-damar sisteminə əlavə yük yaradır

Kardioloq siqaret istifadəsinin, xüsusilə kişilər arasında yüksək olduğunu və bunun damarların daralması, aterosklerozun sürətlənməsi ilə nəticələndiyini bildirib. Eyni zamanda, şəhərləşmə ilə bağlı fiziki aktivliyin azalması da risk faktorlarını artırır.
Şəfəq Nəzərova əlavə edib ki, müasir dövrdə xroniki stress də ÜDX-in mühüm səbəblərindən biridir. Yuxu pozğunluğu və psixososial gərginlik ürək-damar sisteminə əlavə yük yaradır. Onun fikrincə, arterial hipertoniya və tip 2 diabet ÜDX üçün ən güclü klinik risk faktorlarıdır və bu xəstəliklərin gec aşkarlanması vəziyyəti daha da ağırlaşdırır.
Mütəxəssis Azərbaycanda ÜDX artımını üç əsas amillə izah edir: epidemioloji keçid mərhələsi, həyat tərzinin sürətli dəyişməsi və profilaktika sisteminin kifayət qədər güclü olmaması. Şəfəq Nəzərova bildirib ki, ümumilikdə ürək-damar xəstəliklərinin artımı qlobal və yerli faktorların birgə təsiri ilə izah olunur və bu tendensiya həyat tərzi, metabolik risklər və sosial dəyişikliklərin nəticəsidir.
Yaqut Ağaşahqızı, “İki sahil”