Sarkisyanın qorxulu röyası: Azərbaycan Ordusu

02 noyabr 2016 14:25
474

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində müəyyən passivlik hiss edilsə də bəzi ekspertlər hesab edirlər ki, bu, göründüyü kimi deyil. Əslində, danışıqların pərdəarxası prosesləri davam edir.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin son səfərlərindən sonra Ermənistan rəhbərliyinin davranışları göstərir ki, Sarkisyan hökuməti problemin tezliklə həllində nəinki maraqlı deyil, hətta hər addımda sülh razılaşmasının yubanmasına cəhd göstərir. Ermənistan hər nə qədər münaqişənin tərəfi kimi Dağlıq Qarabağ ermənilərini göstərməyə çalışsa da, bunun belə olmadığı hər kəsə gün kimi aydındır. Qondarma “Dağlıq Qarabağ Respublikası” faktiki olaraq Ermənistandan idarə olunur və rəsmi olaraq maliyyələşdirilir. Bir neçə gün əvvəl Ermənistanda Dağlıq Qarabağ separatçı rejiminə dəstək üçün maliyə vəsaitinin artırılması haqqında qərar verilib. Qeyd edək ki, hökumətin oktyabrın 24-dəki iclasında qəbul etdiyi qərara əsasən qondarma “DQR” rejiminə əlavə 3 milyard 303,5 milyon dram (təqribən 7 milyon dollar) vəsait ayrılacaq. Bütövlükdə bu məqsədlə 2016-cı ildə 100 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulmuşdu.

Təkcə bu faktın özü Ermənistanın Azərbaycanın suveren hüquqlarını kobud şəkildə pozmasının isbatıdır və bu, beynəlxalq təşkilatların bildiyi sadə həqiqətdir...

Azərbaycan tərəfi münaqişənin həll edilməsində mümkün olan bütün güzəştləri etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Prezident İlham Əliyev son bəyanatında da Dağlıq Qarabağa verilməsi mümkün olan ən yüksək statusu açıqladı: Muxtar Respublika. Bu, özü-özlüyündə Azərbaycan tərəfindən edilən ən böyük güzəştdir.

Azərbaycan Prezidentinin sözügedən bəyanatını şərh edən rusiyalı politoloq Sergey Markov hesab edir ki, Azərbaycanın bu mövqeyi hər zaman açıq olub. Onun sözlərinə görə, aprel döyüşləri göstərdi ki, münaqişə dondurulmuş deyil və hər an müharibə başlaya bilər. S. Markov qeyd edib ki, Ermənistan danışıqlar prosesindən yayınmaqla münaqişənin həllinə mane olur.

Qeyd edək ki, son dövrlərdə Rusiyanın Ermənistanda yerləşdirdiyi “İskəndər” raketləri ilə bağlı imitasiya edən Sarkisyan hakimiyyəti bunu Azərbaycana təhdid alətinə çevirmək istəyir. Aprel döyüşlərində Ermənistan silahlı qüvvələrinin rüsvayçı məğlubiyyətindən sonra Ermənistan rəhbərliyi bununla xalqın başının altına yenidən yastıq qoyaraq guya ordunun gücləndiriməsi ilə bağlı tədbirlər görüldüyü görüntüsünü yaratmağa çalışır. Hətta hər zaman qeyri-ciddi açıqlamaları və hərəkətləri ilə gündəmə gələn Serj Sarkisyan bununla “qürrələnərək” “İskəndər”lərin Azərbaycanı qorxuya salması barədə sərsəm fikirlər səsləndirib.

Ancaq Azərbaycanın hərbi gücü və əldə etdiyi müasir hərbi texniki imkanların səviyyəsi beynəlxalq ekspertlər tərəfindən də yüksək qiymətləndirilir. Zəif Ermənistan və onun ianələr hesabına formalaşan silahlı qüvvələri hərtərəfli hazırlığına görə bu gün dünyanın ən güclü orduları sırasına daxil edilən Azərbaycan Ordusu qarşısında dayanmaq iqtidarında deyil. Sarkisyanın son davranışları isə qorxudan hürən itin hərəkətlərini xatırladır.

Taleh Turqut, “İki sahil”