KÖŞƏ

Vəli İlyasov

“Siyasi mühacir” alveri AXCP-çiləri qarşı-qarşıya qoyub

03 noyabr 2016 14:20
833

Özünü AXCP-nin sədri, Əli Kərimlini isə yalnız “Yurd” rəhbəri elan edən Razi Nurullayev və tərəfdarları son vaxtlar qarşı tərəfi “siyasi mühacir” alverində suçlayırlar. Onlar iddia edirlər ki, bu alverlə əvvəllər Müsavat Partiyası məşğul olurdu. Hiylə işlədərək “bazara” girən Əli Kərimli sonra Müsavatı tədricən sıxışdıraraq oradan uzaqlaşdırdı. İndi şıdırğı alver gedir və “bazarın” təzə sahibi külli miqdarda pullar qazanır. Təbii ki, bu, rəqiblərdə həsəd və paxıllıq hisslərini coşdurur və Əli Kərimliyə qarşı kəskin nifrət və aqressiya yaradır. Razi Nurullayev AXCP-dən kənar elan etdiyi Əli Kərimlinin bütün “işlərini” təftiş edərək paxırlarını açıb tökür.

Xarici ölkəyə göndərilən hər bir “siyasi mühacir” Əli Kərimliyə və ya onun şəbəkəsinə 3000 avro pul ödəməlidir. Bu minvalla o, “qaz vurub qazan doldurur”, köhnə yandaşlarına isə “baxın a, yana-yana qalın a”-deyir. Həmin məlumatlardan birində deyilir ki, üç il əvvəl Almaniyaya mühacirət edən Azər Məmmədli adlı bir həmyerlimiz Əli Kərimlinin ortaqlarından biri olan Qənimət Zahidin bəzi mühacirlərə qarşı qərəzli mövqe göstərməsindən, barələrində şər və böhtan yaymasından şikayətlənir. O bildirir ki, Almaniyadakı mühacirlərə qarşı törədilən əməllərdə Əli Kərimlinin “barmağı” var.

Oradakı bir çox azərbaycanlı rəsmən elan edib ki, Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-yə keçəcək. Ona görə də Əli Kərimli və dəstəsi onlardan qisas almağa çalışırlar. A. Məmmədli vurğulayır ki, onları gözdən salmağa can atırlar: “Məqsəd odur ki, biz onların çirkin alver əməliyyatlarının sirrini açmayaq. Ancaq indi hamı onların “mühacir alverindən” danışır.”

Azər Məmmədli bildirib ki, yaxın günlərdə Köln şəhərində böyük tədbir keçiriləcək, orada 200 nəfərdən çox insan iştirak edəcək: “ Biz hamımız Razi Nurullayevə dəstək nümayiş etdirəcəyik. Biz o tədbirdə Əli Kərimlini tanımadığımızı rəsmən bəyan edəcəyik. Çünki o saxtakardır və yalnız öz şəxsi maraqlarını güdür.”

“Yurd” rəhbəri Əli Kərimli və dəstəsi indi Almaniyaya göndərdikləri “siyasi mühacirlərlə” qarşılaşmalı olublar. Ancaq “narazılara” qarşı əllərində heç bir dəlil-sübut olmadığından aciz vəziyyətdə qalıblar, çünki onların qabağında gözükölgəlidirlər. Qənimət Zahid və digərlərinin gücü yalnız “üzlərinə qayıdan şəkkakları” sosial şəbəkələrdə nüfuzdan salmaq üçün şər və böhtan yaymağa çatır. Ancaq qarşı tərəfdən təpki gələn kimi “bağışlayın, səhv olub” deyirlər.

Əli Kərimlinin dəstəsini tərk edən Azər Məmmədli onun barəsində mətbuata deyib ki, “Onun üçün kimin mühacir olması önəmli deyil. Təki pulunu qazansın. Mənim əlimdə Əli Kərimli və Qənimət Zahidin “fəaliyyətlərini” sübut edəcək bir çox sənədlər, faktlar var. Yaxın günlərdə hər kəs onları görəcək və Əli Kərimlinin, onun dəstəsinin hansı işlər gördüyünün şahidi olacaqlar.”

Keçmiş AXCP-çi vurğulayır ki, onlar Almaniyada da Azərbaycanın mövqelərinə ləkə gətirəcək əməllərlə məşğul olurlar. Əli Kərimlinin vaxtilə saxta partiya bileti və “mühacir statusu” satdığı adamlar indi onun özünü çox ucuz “satırlar.”