03 sentyabr 2025 08:00
105

İşıqlı sabahlara aparan yol

1980-ci illərə qayıdıram. Mən onda uşaq idim. Əzəldən xalqımızın gözəl bayramı olan Novruzda yaşlıları gedib ziyarət etmək mütləq hal sayılırdı. Bizim də uzaq qohumlardan biri olan Leylan ananı valideynlərim hər il ziyarət edib kefini-əhvalını soruşardı. Hər gedişimizdə də Naxçıvanın məşhur Əlixan məhəlləsində yerləşən Leylan ananın evinin qonaq otağında divara asılmış bir foto diqqətimi çəkərdi. Formada olan gülərüz, mehriban simalı kişinin kim olduğunu 90-cı illərin sərt rüzgarı üstümüzdən əsəndə tanıdım.

Qəfildən başımızın üstünü alan qara buludlar uşaqdan tutmuş böyüyə qədər hər kəsi sarsıtmışdı. Sədərəkdə gedən döyüşlər, aldığımız şəhid xəbərləri, bir tərəfdən də Zəngəzurdan, Dərələyəzdən Naxçıvana pənah gətirənlər. Sinfimizə yeni uşaqlar qəbul edilmişdi. İndiki kimi yadımdadır, biz onlara qəribə baxırdıq, onlar isə bizi ürkək baxışlarla süzürdülər. Nə baş verdiyini uşaq ağlımızla anlamırdıq. Çünki tarix dərslərində bizə sovet ideologiyasını təbliğ etmişdilər, ölkələrin dostluğundan, qardaşlığından dəm vurmuşdular, gerçək tarixdən bizi xeyli uzaq tutmuşdular. Odur ki, anlamaqda çətinlik çəkirdik. Əslində xain ermənilərin illərlə apardığı məkrli siyasətin, biz uşaqlar üçünsə ani sayılan bu qarmaqarışıq hadisələrin tam mərkəzində idik. Naxçıvan blokadaya salınmışdı. Vəziyyət getdikcə çətinləşirdi. Ailələr övladlarını qorumaq, onları burulğandan kənar saxlamaq naminə çırpınırdılar. Elektrik, qaz kəsintisi Naxçıvanın sərt qışını daha da sərtləşdirmişdi. Hələ uzanan çörək növbələri. Həsrətlə çörəyin iyini içimizə çəkdiyimiz o günlər... Və o günlərin birində çörək növbəsində adamların arasında qalaraq boğulan mən. Xatırladıqca insanın içi sızlayır, uşaqlığımızın itdiyi o qarmaşıq günləri yada saldıqca kədər hissi məni bürüyür. O kədərli anlara qayıtmaq belə istəmirsən, üzülürsən, sıxılırsan...

Bax belə çətin günlər yaşadıq biz. Ümidlərimizin öləzidiyi bir vaxtda, isti bir yay günündə 1990-cı il iyulun 22-də dahi rəhbər Heydər Əliyev Naxçıvana gəldi. Bütün evlərdə Onun gəlişi haqqında söhbət gedirdi. Naxçıvan öz oğluna qucaq açmışdı, hamı imdad gözləyirdi. Azərbaycana rəhbərliyinin birinci dövründə xalqına, elinə, obasına sadiqliyi, fədakarlığı ilə insanların qəlbinə yol tapan Heydər Əliyevin gəlişi narahat ürəklərə su səpmişdi. İyulun 28-də vəziyyətlə yerindəcə tanış olmaq üçün Sədərəyə gələn Ulu Öndər Heydər Əliyev əhalini daha dözümlü, daha əzmkar olmağa, düşmən qarşısında daha mətanətlə dayanmağa səsləyir.

Artıq əndişə, gərginlik geridə qalmışdı. Hər kəs gələcəyə xoş ümid bəsləyirdi. Elə bu ümidlə də naxçıvanlılar dahi rəhbərin ətrafında sıx birləşdi. Ulu Öndərin 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan parlamentinə, 2 nömrəli seçki dairəsindən isə Naxçıvan parlamentinə deputat seçilməsi xalq tərəfindən böyük sevinclə qarşılandı.

Ömrünü xalqının firavanlığına həsr edən Ulu Öndər paytaxtdan ayrı düşən, blokada məngənəsində çırpınan naxçıvanlılara dayaq oldu. Bütün qüvvəsini sərf edərək ona bəslənən ümidlərə çıraq oldu. Çıraq işığında verilən qərarlar isə tək Naxçıvanın deyil, ölkənin gələcəyinə hesablanmış uzaqgörən addımlar idi.

1990-cı il noyabrın 17-də deputatların istəyi və böyük təkidi nəticəsində Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayan Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyasında mühüm qərarlar qəbul olundu. Azərbaycanın müstəqilliyi və suverenliyinə hesablanmış tarixi qərarları qəbul etmək həmin dövr üçün böyük cəsarət və fədakarlıq tələb edirdi. Belə ki, təcrübəli dövlət xadiminin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 70 ildən sonra ilk dəfə Naxçıvanda dalğalandırıldı. Bununla da milli dövlət quruculuğu yolunda qətiyyətli addımlar atıldı.

Hələ ölkəyə birinci rəhbərliyi dövründə Naxçıvana bir neçə dəfə səfər edən, Naxçıvanın, naxçıvanlıların qayğıları ilə maraqlanan, kənd təsərrüfatının, sənayenin, təhsilin, mədəniyyətin dirçəlişinə rəvac verən fəaliyyəti ilə hər kəsin sevimlisinə çevrilmiş Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçildi. Bu seçim Naxçıvanın tarixi taleyində mühüm rol oynamaqla ölkənin işıqlı sabahına doğru yol açdı.

O dövrdə bir neçə istiqamətdən düşmən hücumuna məruz qalan Naxçıvanın ən təhlükəli sərhəd zonası Sədərək idi. Ağır döyüşlər gedirdi. Milli ordunun, güclü silah-sursatın olmadığı bir dönəmdə təpədən-dırnağa silahlanmış düşmənin qabağında mərd-mərdanə dayanan naxçıvanlılar düşmən qabağından çəkilmir, sədərəklilər öz yurd-yuvalarını tərk etmirdilər. Daim sədərəklilərin yanında olan dahi rəhbər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən cəmi iki ay sonra imzaladığı “Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun inzibati-ərazi bölgüsündə dəyişiklik edilməsi haqqında’’ 16 dekabr 1991-ci il tarixli Qərarı da birbaşa o böyük şəxsiyyətin Sədərək rayonuna qayğı və diqqətinin təzahürü idi.

Buna qədərki qısa müddət ərzində Naxçıvanın müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm addımlar atılmışdı. Ulu Öndər Heydər Əliyev Ali Məclisin Sədri vəzifəsinin icrasına başlayandan cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında Qərar qəbul etdi. Bununla da muxtar respublikada ilk milli ordu birləşmələri yaradıldı, Naxçıvanın müdafiə potensialı yaxşılaşdırıldı, etibarlı müdafiəsi təmin olunmağa başlandı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarların tarixi əhəmiyyətindən danışarkən demişdir: “Məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar Ulu Öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi. Çünki artıq erməni millətçiləri Azərbaycana qarşı işğalçı siyasətini başlamışdılar və onların məkrli planlarında Naxçıvanın işğalı da var idi. O vaxt Naxçıvanda vəziyyət böyük çətinliklər hesabına sabit olaraq qalırdı. Ovaxtkı Azərbaycan rəhbərliyi də Naxçıvana ögey münasibət bəsləyirdi, heç bir yardım etmirdi, əksinə, Naxçıvanda sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək üçün çox çirkin əməllər edirdi. Ancaq naxçıvanlılar həmişə olduğu kimi, müdrikliyini göstərərək Ulu Öndərin ətrafında bir yumruq kimi sıx birləşdilər və həm erməni işğalçılarına tutarlı cavab verdilər, onları yerinə oturtdular, həm də Azərbaycanın mərkəzi hökumətinə də öz etiraz səslərini qaldıraraq bildirdilər ki, Naxçıvanda o məkrli ssenari keçməyəcəkdir”.

Görkəmli dövlət xadiminin Ali Məclisin Sədri vəzifəsinə seçiləndən sonra qısa müddət ərzində Naxçıvanın xilası naminə gördüyü böyük işlər tarixi əhəmiyyətə malik olmaqla həm də ölkənin sabahı üçün düşünülmüşdü. 1991-ci il dekabrın 16-da “31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi, 1992-ci il mayın 28-i Azərbaycan-Türkiyə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf simvolu hesab olunan Sədərək-Dilucu körpüsünün istifadəyə verilməsi, 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması, Naxçıvanın və ümumən, ölkənin mövcud durumuna adekvat olaraq atılmış məqsədyönlü addımlar idi.

Paytaxtda isə vəziyyət getdikcə gərginləşirdi. Torpaqların işğala məruz qalması, ölkənin xaosa doğru sürüklənməsi xalqı ayağa qaldırmışdı. Belə bir durumda xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan görkəmli dövlət xadimi Heydər Əliyevə üz tutdu. Xalqın çağırışlarına cavab verərək 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıdan dahi rəhbər respublikanı xaosdan, anarxiyadan, məhv olmaq təhlükəsindən xilas etdi. Xalqın düzgün seçimi ölkəni qurtuluş yoluna çıxarmaqla Azərbaycan dövlətinin tarixinə də həmin günü “Milli Qurtuluş Günü” kimi yazdı.

Bu gün biz Naxçıvandan başlanan qurtuluşun, milli dövlət quruculuğunun, dirçəlişin bəhrələrini yaşayırıq. Gerçəkləşən Böyük Qayıdış proqramı ilə işğaldan azad olunan torpaqlarımız – Qarabağımız, Şərqi Zəngəzurumuz qarış-qarış abadlaşır, insanlar öz elinə, yurduna-yuvasına dönür. 1988-ci ildən başlanan qanlı, faciəli köç indi bayram əhvali-ruhiyyəli köçlə əvəz olunub. Daşı daş üstündə qoymayan mənfur düşmənin etdikləri dağıntıların yerində uca binalar, təhsil, səhiyyə, mədəniyyət ocaqları tikilir, yaşıllıqlar salınır.

Dahi şəxsiyyətin ideyalarını həyata keçirən ölkə başçısı İlham Əliyev böyük Zəfərdən sonra 2021-ci il mayın 10-da Ümummilli Liderin doğum günündə onun Vətəninə – Naxçıvana gəlib. Qazanılan zəfərin təməlini Ulu Öndərin o vaxtkı fəaliyyəti ilə əlaqələndirən ölkə başçısı Azərbaycan Televiziyasına müsahibəsi zamanı demişdir: “Naxçıvanı Heydər Əliyev qorumuşdur, necə ki ondan sonra Azərbaycanı böyük bəlalardan qoruya bildi. 1993-cü ildə ölkəmiz, demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Məhz bugünkü Zəfərin təməli, bax, o vaxt qoyulmuşdur. Bu gün burada olmağımın xüsusi rəmzi mənası var. Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün Ulu Öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax bu inkişafda təcəssüm etdirir”.

Bəli, artıq paytaxta qovuşmağın bir addımlığındayıq. Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan özünün yeni bir inkişaf mərhələsinə qədəm qoyacaqdır.

Hələ Sovet İttifaqı dönəmində Leylan ananın evindəki kimi yüzlərlə evin ən əziz küncündə divara vurulan foto 1990-cı illərdə əllərdə meydanlarda idi. Xalq öz xilaskarını səsləyirdi – sevgi ilə, ümid ilə, həsrət ilə...

Həmin fotodakı məğrur duruşlu adam o idi: Azərbaycanı məhv olmaqdan qurtaran, dünya ölkələri sırasına çıxaran, milli kimliyimizi, dəyərlərimizi, tariximizi özümüzə qaytaran dahi şəxsiyyət Heydər Əliyev!

Xalq 1920-ci ildə endirilən üçrəngli bayrağını illərlə qəlbində, ruhunda daşıdığı kimi, o böyük şəxsiyyəti də milli dəyər kimi daşımış, heç zaman ona olan sevgisini, inamını itirməmişdir. Zaman yetişəndə ətrafında sıx birləşmiş, sayəsində bayrağına, milli dəyərlərinə, azadlığına, suverenliyinə qovuşmuşdur. Naxçıvan isə bu dəyərləri birləşdirən ocaq olaraq Azərbaycan tarixinə öz möhürünü vurmuşdur.

Ruhiyyə RƏSULOVA