01 may 2026 13:52
167

Cəbrayılda “Şəfəq” günəş layihəsinin tikintisi plan üzrə davam edir

BP-nin Azərbaycanda fəaliyyəti üzrə 2026-cı ilin birinci rübünün nəticələrinə dair hesabatında Cəbrayıl rayonu ərazisində həyata keçirilən “Şəfəq” günəş layihəsi üzrə görülən işlər açıqlanıb.

"İki sahil" BP-yə istinadən xəbər verir ki, “Shafag Jabrayil Solar Limited” (SJSL) şirkətində iştirak payları bp (40,01 faiz), SOCAR Green (39,99 faiz), Azərbaycan Biznesinin İnkişafı Fondu (10 faiz) və MVM (10 faiz) arasında bölüşdürülüb.

Bildirilib ki, 2026-cı ilin birinci rübündə layihə üzrə tikinti işləri plana uyğun şəkildə irəliləyib. Fotovoltaik modullar, payalar və digər struktur komponentləri daxil olmaqla əsas avadanlıqların təchizatı və sahəyə çatdırılması tamamlanıb. Eyni zamanda, payaların və izləyici sistemlərin quraşdırılması istiqamətində ciddi irəliləyiş əldə olunub və bu avadanlıqların artıq təxminən 30 faizi quraşdırılıb.

Qeyd olunub ki, aprelin əvvəlində sahədə ilk günəş panelinin quraşdırılmasına başlanılması ilə layihə yeni mərhələyə keçib.

Məlumata görə, tikinti prosesində yerli resurslardan istifadə genişlənir. Hazırda layihəyə təxminən 350 nəfər yerli işçi cəlb olunub ki, onların 123-ü işğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərdir. Tikintinin pik dövründə isə layihə çərçivəsində 400-ə yaxın iş yerinin yaradılması gözlənilir. Artan işçi qüvvəsinin yerləşdirilməsi məqsədilə sahədə mövcud yaşayış bloklarının genişləndirilməsi işləri də davam etdirilir.

Hesabatda vurğulanır ki, ətraf mühitin qorunması layihənin əsas prioritetlərindən biri olaraq qalır. Bu çərçivədə tikinti sahəsinin bitki örtüyündən təmizlənməsi prosesinə nəzarət olunur, vəhşi heyvanların təhlükəsiz şəkildə köçürülməsi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.

Qeyd edilib ki, layihə üzrə tikinti işlərinin 2027-ci ilin ortalarına qədər davam etdirilməsi planlaşdırılır.